ABŞ Prezidenti Co Bayden fevralın 20-də Kiyevə elan olunmamış səfər edib.

YALAN.info bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden fevralın 20-də Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.

ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfəri zamanı Ukraynanı ziyarət etməsi öncədən planlaşdırılmamışdı. Qeyri-rəsmi məlumata görə, ABŞ lideri Kiyevə qatarla gəlib. KİV-in məlumatına görə isə səfərin logistika baxımından çox çətin olacağı proqnozlaşdırılırmış. Çünki C.Bayden ya qatarla 10 saat hərəkət etməli, ya da təhlükəli uçuş həyata keçirməliymiş.

“Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz ukraynalılar üçün fövqəladə dərəcədə önəmli dəstək nümayişidir”, – V.Zelenski görüşdə söyləyib. 

“Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı”, – Kiyevdə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden Zelenski ilə görüşdə deyib. O bildirib ki, Ukrayna mütləq qalib gələcək: “Bu, əsrin dörddəüçü ərzində Avropada baş verən ən böyük müharibədir. Əminəm ki, Ukrayna qalib gələcək”.

Birləşmiş Ştatların Prezidenti Cozef Bayden Ukraynaya 500 milyon dollar məbləğində yeni yardım paketi veriləcəyini anons edib: “ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yardım paketi təqdim edəcək”. Onun sözlərinə görə, yardım paketi fevralın 21-də elan olunacaq. Məlumata görə, Ukraynaya yardımla yanaşı fevralın 21-də Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiya paketi də elan olunacaq.

“Bu gün açıqlanan paketə HIMARS və haubitsalar üçün döyüş sursatları, daha çox “Javelin”, tank əleyhinə sistemlər, Ukrayna xalqını bombardmanlardan qorumaq üçün hava müşahidə sistemləri daxildir”, – deyə ABŞ Prezidenti bildirib. Bundan başqa, Bayden silah tədarükü ilə bağlı öhdəliklər barədə də məlumat verib.

“Biz Atlantik okeanından Sakit okeana qədər millətlərdən ibarət koalisiya topladıq. Dünyanın ən güclü iqtisadiyyatları Rusiyanın həyati əhəmiyyətli iqtisadi gəlirlərinin qarşısının alınması üçün bir araya gəliblər. Biz birlikdə 700 tank və minlərlə zirehli texnika, min artilleriya sistemi və 2 milyondan çox artilleriya sursatı, 50-dən çox raket sistemi, hava hücumundan müdafiə sistemi yığmışıq”, – deyə Bayden vurğulayıb.

“Amerikalı həmkarım Cozef Baydenlə bugünkü görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq”, – Volodimir Zelenski deyib. O, ölkəsinin qələbəsinə inandığını söyləyib: “Biz bu ili qələbə ili edə bilərik və etməliyik”.

ABŞ prezidenti Cozef Bayden Kiyevə səfər etdikdən sonra Polşanın Pirzamisil şəhərinə gedib. Buradan o, təyyarə ilə Varşavaya uçacaq və paytaxt Varşavada ölkə lideri Anjey Duda ilə görüşəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın