Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Bayden (Joe Biden) Şərqi Avropaya əlavə üç min hərbi kontingentin göndərilməsini təsdiqləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamada qoşunların yerləşdirilməsinin artıq yaxın günlərdə baş tutacağı bildirilib.

Vaşinqtonun planlarına uyğun olaraq, Polşada min, Rumıniya və Almaniyada isə daha iki min ABŞ əsgəri yerləşdiriləcək.

Yada salaq ki, yanvarın 28-də Co Bayden Rusiya və NATO arasında Ukrayna ilə bağlı artan gərginliyə görə tezliklə Şərqi Avropaya əlavə ABŞ hərbçiləri göndərəcəyini açıqlamışdı.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi: “Putin gərginliyi azaltmaq üçün heç bir maraq və ya istək əlaməti göstərmir”

Bu qoşunların bölgədə yarana biləcək mümkün vəziyyətlərə müdaxilə etmələri üçün NATO ölkələrinə dəstək verəcəyini ifadə edən Kirbi, “Bir şeyi çox açıq şəkildə bildirmək istəyirəm. Bunlar daimi manevrlər deyil. Bunlar, indiki təhlükəsizlik mühitində ola biləcək ehtiyaclara cavab vermək üçün hazırlanmışdır. Üstəlik, bu qüvvələr Ukraynada döyüşməyəcək. NATO müttəfiqlərimizin müdafiəsini təmin edəcəklər.” dedi.

Bu ölkələrə qoşun göndərilməsinin Rusiya prezidenti Vladimir Putinə və bütün dünyaya NATO-nun ABŞ üçün önəmli olduğunu göstərəcəyini qeyd edən Kirbi, “Niyə indi qoşun göndərmək qərarına gəldiyimizə gəlincə, cənab Putin hücum qabiliyyətini artırdı. Onun ordusu son 24 saatda daha da artıb. Putin gərginliyi azaltmağa çalışmır. O, bununla bağlı heç bir maraq, ya da istək əlaməti göstərmir.” cavabını verib.

Putinin Ukraynanı işğal etmək qərarını verib-vermədiyini hələ bilmədiklərinə diqqət çəkən Kirbi, lazım gələrsə, NATO ölkələri ilə məsləhətləşərək bölgəyə daha çox əsgər göndərə biləcəklərini vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın