Bakıda Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb. Mərkəz Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığında yerləşir. “Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında deyib.

N.Allahyarova bildirib ki, Bakı Nəqliyyat Agentliyi yarandığı gündən etibarən paytaxtın nəqliyyat sistemində kifayət qədər optimallaşdırma və təkmilləşdirmə işləri aparıb: “Bəzi marşrut xətləri var ki, orada həddindən artıq nəqliyyatın sıx hərəkəti müşahidə olunurdu. Bu, təhlükəsizlik baxımından çox ciddi problemlərə gətirib çıxarırdı. Bununla əlaqədar olaraq, “Koroğlu” metro stansiyası ətrafındakı sərnişin hərəkətində yaranan çətinlikləri, həmçinin avtobusların, taksilərin yaratdığı xaosu, eyni məkanda, eyni dayanacaqda saxlama problemlərini aradan qaldırmaq məqsədilə Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb”.

“Mübadilə Mərkəzinin məqsədi sırf xaotik sıxlığın qarşısını almaqdır. Burada avtobuslar üçün lövhələr quraşdırılıb. Sərnişinlər çox rahat şəkildə bu lövhələrdə getmək istədikləri marşrut xətlərini görə bilərlər. Bu, pilot layihə ilkin mərhələ üçün nəzərdə tutulub. Gələcəkdə bununla bağlı optimallaşdırma və təkmilləşdirmə işləri aparılacaq. Bundan başqa, 160, 171, 172 və 189 saylı avtobusları marşrut üzrə artıq “Qara Qarayev” metro stansiyası yaxınlığında son dayanacaq etməyəcək. Bu avtobuslar artıq burada, Nəqliyyatın Mübadilə Mərkəzində toplanacaq”, – deyə qurum rəsmisi qeyd edib.

N.Allahyarova əlavə edib ki, əvvəllər taksi və avtobusların eyni dayanacaqda olması həm onlar arasında, həm də sərnişinlər arasında böyük narazılığa səbəb olurdu. Lakin artıq bu kimi problemlər olmayacaq, çünki avtobus və taksilərin dayanacaqları fərqli olacaq.

“Gələcəkdə bu pilot layihəsi çərçivəsində “Koroğlu” metrosunun digər girişlərində, ümumiyyətlə analoji mərkəzinin sıxlıq müşahidə olunan digər dayanacaqlarda da yaradılması nəzərdə tutulub. Məsələn, bu gün Qara Qarayev prospekti, “28 May” metro stansiyasının yaxınlığında böyük sıxlıq var. Sərnişinləri məlumatlandırmaq üçün artıq dünəndən metro çıxışlarının önündə lövhələr asılıb. Eyni zamanda, bundan sonra sərnişinlər artıq avtobusa minməzdən əvvəl mübadilə mərkəzinin turniketlərindən istifadə edərək gediş haqqını ödəyəcək. Nəticədə, avtobusun salonuna daxil olanda ödəniş olmadığı üçün sərnişinlər arasında sıxlıq yaranmayacaq. Artıq avtobusların hər iki qapısı minik üçün açıq olacaq”, – deyə Agentliyin nümayəndəsi bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın