Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın fəaliyyətə başlaması gecikir. Halbuki ötən il noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçidəki görüşündə komissiyanın ilin 2021-ci ilin sonunadək formalaşması və fəaliyyətə başlaması razılaşdırılmışdı. Eyni zamanda, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşdə də delimitasiya və demarkasiyaya başlanılması razılaşdırılmışdı. Amma artıq 2022-ci ilin ilk ayı da arxada qalır – nə komissiya formalaşıb, nə də sərhəd xətlərinin çəkilməsi prosesi. 

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyindən komissiya ilə bağlı rəsmi İrəvanın təkliflərinin olduğunu, bu təkliflərin Bakıya göndərildiyi açıqlanmışdı. Yanvarın 20-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, Ermənistanın nümayiş etdirdiyi mövqe və delimitasiya prosesinə başlamaq üçün bir sıra ilkin şərtlər Azərbaycan üçün qətiyyən qəbuledilməzdir. 

“Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan üçün nəyin qəbuledilməz olduğunu anlamağa çalışır”. Bunu isə bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib: “Biz nəyin qəbuledilməz olduğunu anlamağa çalışırıq, çünki heç bir spesifikasiya yoxdur. Biz dəqiqləşdirmə mərhələsindəyik. Davam edən müzakirələr var və davam edəcək”. Nazir bildirib ki, hansı hissənin qəbuledilməz olduğu, hansı əsasla və buna uyğun olaraq hansı yeni həll yollarının irəli sürülə biləcəyi ilə bağlı aydınlıq gətirməyə çalışırlar.

Qeyd edək ki, Ermənistanın Baş naziri Bakı və Moskvaya təkliflər paketinin təqdim edildiyini açıqlamışdı. Paşinyan bildirmişdi ki, təkliflər sərhədlərin demarkasiyasına aid deyil, sərhəddə təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardır. Söhbət xüsusən də qoşunların geri çəkilməsindən gedir. Paşinyan hesab edir ki, delimitasiya və demarkasiya komissiyası tez bir zamanda yaradılmalıdır.

Görünür, rəsmi Bakı üçün qəbul edilməz olan delimitasiya ilə bağlı yox, məhz qoşunların geri çəkilməsi ilə bağlı şərtdir. Bunun Azərbaycan üçün qəbuledilməz olmasının səbəblərinə təhlükəsizlik üzrə ekspert İlham İsmayıl AYNA-nın suallarını cavablandırarkən aydınlıq gətirib.

İlham İsmayıl

– Birincisi, Ermənistan tərəfindən irəli sürdüyü təklif yox, şərtdir. Məğlub dövlətin isə şərt irəli sürməsi qəbulolunmazdır. Adətən qalib dövlət şərt irəli sürür, diktə edir, məğlub da onun diktəsinə əməl etməyə məcbur qalır. İrəvanın təklif dediyi, əslində qoşunların geri çəkilməsi ilə bağlı şərt Azərbaycanın maraqlarına uyğun deyil. Təsəvvür edin, biz hələ ki, İranla sərhəddə sərhədçilərin yerləşdirilməsi prosesini tam başa çatdırmamışıq. Amma Ermənistan şərt irəli sürür ki, Azərbaycan qoşunlarını sərhəddən geri çəksin, orada kiçik sərhəd nəzarəti formalaşsın, ondan sonra delimitasiya və demarkasiyaya başlanılsın. Hesab edirəm ki, bu, bəhanədən başqa bir şey deyil. Azərbaycan qoşunlarının sərhəddə olmasının nə problemi var ki?! Delimitasiya prosesi ilə bağlı komissiya yaradılır, keçmiş SSRİ xəritələri hüquqi baza olaraq götürülür və bunun əsasında delimitasiya aparılır. Bunun üçün qoşunların geri çəkilməsinə ehtiyac yoxdur. 

– O zaman Ermənistanın şərtləri nədən qaynaqlanır?

– Təxribat törətmək istəyirlər. Bunun başqa adı yoxdur. Necə ki, yanvarın 16-da sərhəddə təxribat törətdilər. Açığını deyim, onların şərt irəli sürməsi bizi qane etmir. Qoşunları Azərbaycan niyə geri çəkməlidir ki? Eyni zamanda, Ermənistanın qoşunları geri çəkəcəkləri yer yaşayış məntəqələri əraziləridir. Bizim isə azad olunmuş ərazilərimizdə hələlik yaşayış yoxdur. Biz yenidən mövqelərimizdən, həm də qanuni ərazimizdən qoşunlarımızı geri çəkməli deyilik. Bu, qəbuledilməzdir. Hesab edirəm ki, Bakının bunu qəbul etməməsi doğrudur. 

Eyni zamanda, qoşun çəkmək kimi proseslər bizim üçün əlavə vaxt itkisidir. Biz deyirik ki, delimitasiya aparılandan, demarkasiya başa çatan yerlərdə sərhədçilərimizi yerləşdirəcəyik, qoşunlarımızı geri çəkəcəyik. Təsəvvür edin ki, biz qoşunları geri çəkmişik, Ermənistan isə delimitasiya prosesini yubadır. Azərbaycan üçün bu qəbulolunmazdır. Üstəlik, əgər qoşunu geri çəkmək lazımdırsa, birincisi, Ermənistan hələ də işğalda saxladığı Qazaxın 7 kəndindən qoşunları çəksin. 

– Rusiya rəsmiləri tərəfindən verilən bəyanatlardan belə başa düşülür ki, Ermənistanın bu şərtlərinin Azərbaycan tərəfindən qəbul edilməsində Moskva maraqlıdır…

– Əlbəttə, Rusiya istəyir ki, İrəvandan verilən şərtlər qəbul edilsin. Çünki bu şərtlər Rusiyaya sərf edir. Yanvarın 14-də Lavrov izah etdi ki, sərhəd məsələsinin Qarabağ münaqişəsinə dəxli yoxdur. Yəni ki, bu məsələ uzanacaq. Təsir gücünü saxlamaq, gərginliyin müddətini uzatmaq üçün bu, Rusiyanın maraqlarına uyğundur. Hələ məlum deyil ki, delimitasiya və demarkasiya nə qədər müddət çəkəcək. Xüsusən də, demarkasiya uzun çəkən prosesdir. Bu halda, Azərbaycan qoşunlarını geri çəkə bilməz. Çünki arxamızda bir təmas xətti də var, hansı ki, orada yenə erməni silahlıları və Rusiya sülhməramlıları var.

Hesab edirəm ki, birincisi, delimitasiya aparılmalıdır, sonra demarkasiya aparılan yerdə Sərhəd Qoşunlarını yerləşdirməliyik. Bu proseslər ilk növbədə Zəngəzur və Qazax istiqamətində həyata keçirilməlidir. Orada mübahisəli ərazilər mövcuddur. Bundan sonra qoşunları geri çəkə bilərik. Onsuz da, delimitasiya və demarkasiyadan sonra beynəlxalq qanunlara görə, sərhəddə qoşunlar yox, sərhədçilər xidmət göstərməlidir. 

– Əvəllər delimitasiya və demarkasiya üçün SSRİ-nin müxtəlif dövrlərinin hərbi xəritələrindən bəhs edilirdi. Son vaxtlar xəritələrdən danışılmır. Sizcə, hansısa ilə aid xəritə üzərində delimitasiya və demarkasiya artıq razılaşdırılıbmı, yaxud hansı ilin xəritəsi əsas götürülməlidir?

– Delimitasiya və demarkasiya təbii ki, hansısa bir xəritə üzərində işlənməlidir. Mən deyə bilmərəm ki, hansı ilə aid xəritə razılaşdırılıb, yaxud razılaşdırılmayıb. Bu barədə rəsmi açıqlama yoxdur. 

Qaldı ki, SSRİ-yə aid hansı xəritə götürülə bilər, götürülməlidir… 1920-ci ildən – SSRİ qurulandan 1991-ci ilə – dağılana qədər  müxtəlif illərdə xəritələr tərtib edilib. Yəni zaman-zaman xəritələrdə dəyişikliklər edilib. Ermənistana verilən ərazilərin bəziləri rəsmiləşdirilib, bəziləri heç rəsmiləşməyib, o vaxtın kolxozları arasında şifahi razılaşdırılıb və b. Məsələn, 1984-cü ildə Qazax rayonunun Kəmərli kəndi ərazisinin böyük hissəsi Ermənistana verilib. Ona görə də bizim üçün 1974-cü ilin xəritəsi Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda, bu, Ermənistanın da maraqlarına uyğundur. 

– Ermənistan tərəfindən 1920-ci ilin xəritəsi də gündəmə gətirilmişdi…

– Ermənistan 1920-ci il deyəndə, elə zənn edirlər ki, guya həmin vaxt Qarabağ bunların ərazisi olub. Öz ağılları ilə yenidən saxtakarlığa cəhd edirlər. Əksinə, 1920-ci ilin noyabr ayınadək Zəngəzur Azərbaycanın olub, ondan sonra Ermənistana verilib. Ona görə də, hesab edirəm ki, kompromis variant kimi 1974-cü ilin xəritəsi delimitasiya və demarkasiya üçün hüquqi baza olmalıdır. Ancaq Ermənistan bu məsələdə konkret mövqeyini ortaya qoymayıb.

İndi İrəvan zamanı uzatmağa çalışırlar. Gözləyirlər ki, bölgədə və dünyada onların maraqlarına cavab verə biləcək siyasi situasiya yaranacaqmı. Bu dönəmdə də, həm Qarabağdakı terrorçu-separatçıları gücləndirirlər, onlara maliyyə ayırırlar. Üstəlik, revanşist qüvvələr yeni silahlar, helikopterlər alırlar, bunu nümayiş etdirirlər. 

– Azərbaycan hansı addımı atmalıdır?

– İrəvan qarşısında da, vasitəçi Rusiya qarşısında da konkret vaxt qoyulmalıdır. Deməliyik ki, bu vaxta qədər filan işlər görülməlidir, delimitasiya bitməlidir və b. Qoyulan zaman bitdikdən sonra isə Azərbaycan Ermənistanın razılığı olmadan belə sərhədləri beynəlxalq hüququn verdiyi imkanlarla sərhəd zolağını çəkməlidir. Ən azından komissiya formalaşdırılmalı idi.

Təsəvvür edin ki, Soçidə komissiyanın yaradılması razılaşdırılmışdı. İki aydan artıq vaxt keçib, ancaq ortada heç nə yoxdur. Ermənistanın daxilində olan siyasi qarşıdurma rəsmi İrəvana qərarlı olmağa imkan vermir. Azərbaycan Ermənistan daxilindəki proseslərə görə sərhəd zolağının çəkilməsini gecikdirəsi deyil ki… Hesab edirəm ki, Bakı sərt addımlar atmalıdır. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın