“Düşdüyümüz qrupu özümüzə uyğun sayıram”.

YALAN.info bildirir ki, bunu “Report”a müsahibəsində “Qarabağ” FK-nın futbolçusu Kevin Medina komandanın UEFA Avropa Liqasının G qrupundakı şansları ilə bağlı danışarkən deyib.

– Zədədən sonra komanda ilə birlikdə Almaniyaya səfər etmisiniz. İndi durumunuz necədir?

– Özümü çox yaxşı duyuram. Hətta gözlədiyimdən də yaxşıyam. İstənilən situasiyaya hazıram.

– Yaşıl meydanlara qayıdacağınız vaxt bilinirmi?

– Məndən asılı olsa, “Fraybur”a qarşı görüşdə meydana girmək və komandama yardım etmək istərdim. Zədəm gözlənildiyindən tez bərpa olundu. Hər şey yaxşı gedir. Baş məşqçi, fizioterapeftlər və fiziki hazırlıq üzrə məşqçilərin mənimlə bağlı uyğun planları var. Onlar nə vaxt məsləhət görsələr, həmin an meydana çıxıb oynayarıq.

– “Qarabağ” sabah UEFA Avropa Liqasının qrup mərhələsində ilk qarşılaşmasına çıxacaq. Ancaq siz komandanıza yardım edə bilməyəcəksiniz. Hansı duyğuları keçirirsiniz?

– Əlbəttə, komandama belə önəmli görüşlərdə yardım edə bilməmək insanda neqativ duyğular oyadır. Yardım etmək istəyirsən, ancaq əlindın heç nə gəlmir. Yenə deyirəm, zədəm gözlədiyimizdən də tez sağalır. Bunun da səbəbi var: Mən də çox çalışdım. Mümkün qədər tez sıraya dönmək üçün hər gün işləyirdik. Məndən olsaydı, qarşıdakı oyunda oynayardım. Əlimdən gələni edəcəyəm ki, baş məşqçi növbəti oyunda mənə güvənə bilsin.

– “Frayburq”la səfər oyununda komandanızın şanslarını necə dəyərləndirirsiniz?

– Hansı komandaya qarşı oynayacağımızın fərqindəyik. Almaniya təmsilçisi Bundesliqaya yaxşı başlayıb, indi də liderdir. Düşünürəm ki, bizim də yaxşı komandamız var və rəqibi yetərincə analiz etmişik, onların gücünü bilirik. Bu oyunda şansımızın olduğunu düşünürəm. Futbolda hər nəticəni gözləmək olar. Yaxşı nəticə qazanacağımıza ümidvaram. Ancaq hər şey meydanda görünəcək.

– Qrupdakı başqa komandalar – Yunanıstan “Olimpiakos”u və Fransa “Nant”ı ilə bağlı nə deyə bilərsiniz?

– Bu qrupu özümüz üçün uyğun sayıram. Hər komandanın özünəməxsus adı və çəkisi var. “Qarabağ”da da belədir, çünki qrupadək Polşa, İsveçrə, Macarıstan çempionlarını sıradan çıxarmışıq. Qrupdakı rəqiblər də necə komandaya qarşı mübarizə aparacaqlarının fərqindədirlər. Ümumi götürsək, bir az çətin qrupdur. Şəxsən bu rəqiblərə qarşı oynamağı çox istəyərdim.

– Ardıcıl bir neçə qarşılaşmada müdafiənin mərkəzində Bədavi Hüseynovla Bəhlul Mustafazadə çıxış edib. Onların oyununu necə dəyərləndirirsiniz?

– Bu qarşılaşmalar göstərdi ki, Bədavi – Bəhlul cütlüyü belə oyunlara hazırdır. Hər iki stopperin məşqlərdə bizimlə birlikdə necə çalışdıqlarını görürdük. Onlar üçün də məqam gəldi, yetişdi. Öz performanslarını oyundan-oyuna artırırdılar.

– İbrahima Vadjinin gedişindən sonra azarkeşlər hücum xəttinə transfer olunmadığı üçün komandanın uğursuzluqla üzləşəcəyini düşünürlər. Sizcə, bu heyət Avropa Liqasında mübarizə aparmaq üçün yetərlidir?

– Vadji komandanın önəmli parçası idi, vurduğu qollarla qələbə qazanmağımıza çox yardım edirdi. Ancaq komandaya yeni qoşulanda heç də gözlənilənləri vermirdi. Zaman keçdikcə uyğunlaşdı və daha önəmli fiqura çevrildi. Amma nəzərə alaq ki, Vadji gələnədək də komandada bu uğur trayektoriyası var idi. Sırf hər şeyi Vadji ilə əlaqələndirmək olmaz. Komandada Kvabena Ovusu, Ramil Şeydayev, Musa Qurbanlı kimi hər zaman fürsət gözləyən başqa hücumçular da var. Həyatda da belədir: hər kəs öz şansını gözləyir ki, fürsətdən istifadə etsin.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın