Fransanın mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfər etdi. Səfərin məqsədi daha aydın olsun deyə bildirək ki, fransalı nazir Ermənistana anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlib.

Bu o deməkdir ki, erməni lobbisi Rima Əbdül Mələki İrəvana yollayır və nazir məhz ona verilən məlumat və tezislər əsasında bəyanat səsləndirir. Xanım Mələkin Qarabağla bağlı səsləndirdiyi bəyanatın ruhu da erməni lobbisinin çürümüş, pas atmış təbliğatının təkrarıdır.

Nazirin iddiasına görə, Qarabağ bölgəsində tarixi və mədəni abidələr təhlükə altına düşüb. Şübhəsiz ki, o, Qarabağdakı “erməni irsinin mövcudluğu”nu gündəmə gətirir. Fransa Cənubi Qafqaz siyasətini bütün sahələr üzrə Azərbaycana qarşı hücuma keçməklə qurmaq istəklərini qətiyyən gizlətmir. İndi də mədəniyyət sahəsi üzrə təhrif edilmiş və erməni təbliğatının lüğəti ilə danışmaq Fransaya xoş gəlir.

Fransanın mədəniyyət naziri Rima Əbdül Mələk

Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın mədəni, tarixi irsinə qarşı görünməmiş vandallıqlar törədən Ermənistanı yada salmayıb Azərbaycanı hansısa olmayan hadisədə günahkar bilmək təəccüblü gəlmir. Heç o da çaşqınlıq yaratmamalıdır ki, Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktların UNESCO, AŞPA tərəfindən araşdırılmasını təşviq etmir.

Bunun olması da müşkül görünür, çünki UNESCO və AŞPA kimi qurumlar yalnız özlərinə lazım olanda hadisələri “görürlər”, onu da tamamilə tərs bucaqdan. Məsələnin bu tərəfləri ayrıca mövzudur, sual olunur ki, bəs Fransanın mədəniyyət naziri niyə Ermənistana ayaq basdı?

Diqqət ediləsidir ki, Fransa Ermənistanla müdafiə sahəsindəki əməkdaşlıq sazişinin fonunda mədəniyyət sahəsini özünün Azərbaycana qarşı total kampaniya siyasətinin mərkəzinə gətirir. Fransa regionda Ermənistanı silahlandırmaqla düşünür ki, qüvvələr balansına təsir göstərib nəticələrlə öz maraqlarını təmin edə bilər.

Fransanın mədəniyyət nazirinin İrəvana səfəri Fransanın Ermənistana hərtərəfli dəstək planı hazırladığını göstərir. Ancaq Fransanın həm hərbi, həm siyasi, həm də mədəni sahədəki Ermənistana verdiyi dəstək proqramı perspektiv baxımından elə Parisin özünə sərfəli deyil. Çünki Paris bu qədər pul və enerji xərcləyir, kəşfiyyatını səfərbər edir, lakin bu, regionda Azərbaycanın hərbi-siyasi parametrlərlə yaratdığı reallıqların kölgəsində qalır.

Ancaq Fransanın regional siyasətindəki aktivlik dozasını radikal elementlər hesabına çoxaltması cəhdləri ilə əlaqədar siyasət diqqətlə izlənilməlidir. Ona görə ki, Fransanın təxribatları regionda əlavə başağrıları yarada bilər, hərçənd ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ortaya çıxacaq problemin öhdəsindən gələ bilmək potensialındadır.

Bəs Fransa nə edə bilər?

Birinci növbədə, Fransa ambisiyalı gündəliyini şişirtməkdən ötrü ona müvəqqəti şərik tapmağa çalışa bilər. Burada Cənubi Qafqazda maraqlarının yüksək qiymət almasına çalışan Hindistanla koordinasiya qurulması mümkündür.

İkinci növbədə, Fransa Hindistanla mümkün sövdələşmə kanalına Azərbaycanla Türkiyəyə rəqib tərəfdə dayanan regional oyunçuları da qoşmağa cəhd göstərə bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın