Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki (Qarabağ – Red.) silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin.
YALAN.info bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in suallarını cavablandırarkən deyib.
Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərszisində keçirilən tədbirdə iştirakı ilə bağlı, indi isə başqa bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa çalışır.
Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır. Leyla Abdullayeva bir daha təkrar edib ki, Ermənistan bölgədəki post-münaqişə reallıqlarını nə qədər tez qəbul edərsə, bu ölkə üçün bir o qədər faydalı olar.