Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağın gözü olan Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

YALAN.info bildirir ki, öncə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına idarəetmə mərkəzində yaradılan şəraitlə bağlı məlumat verib.

Bildirildi ki, Şuşada istifadəyə verilən Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib.

Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılacaq, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılacaq, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar ediləcək, xidmətin keyfiyyəti yaxşılaşdırılacaq.

Bununla yanaşı, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kV) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur.

Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır.

İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir.

Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz idalandırılması təmin olunub.

Şuşa şəhərinin Rəqəmsal İdarəetmə Mərkəzindən Bakı şəhərində yerləşən 110/35/10 kV-luq yarımstansiyanın bilavasitə işə salınması, şəbəkə idarəetmə sistemində aparılmış innovativ – təşkilati yenidənqurma işləri nəticəsində mümkün olub.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

“Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub

İlham Əliyevin Şuşa şəhərində müraciət etdi

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciət edib:

– Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da isə Qarabağdayam, işğaldan azad edilmiş Qarabağda.

Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz – onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.

2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır.

Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport vermişlər. Bu gün mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm.

Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.

Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyevin Şuşada müraciəti

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın