Rusiyanın Ukraynaya müdaxilə edə biləcəyi ilə bağlı ABŞ-ın “kəşfiyyat məlumatlarına” əsaslanan təbliğatını, rusiyalılar kimi, dünyanın bir çox politoloqu da qərəzli sayır. Çünki Ukrayna rəsmilərinin özü belə müharibə riskinin olmadığını və Rusiyanın hücum edəcək qədər sərhədə əsgər yığmadığını deyir. Əvəzində isə ABŞ hətta Ukrayna prezidenti başda olmaqla, müdafiə naziri, Təhlükəsizlik və Müdafiə Şurasının sədrini belə təkzib edir, sanki Rusiyanın hücum edəcəyini Ukraynaya zorla “sırımaq” istəyir.

Dekabr və yanvar ayı ilə bağlı Rusiyanın iqtisadi itkilərinin açıqlanması isə ABŞ və bir müddətdir ona sidq-ürəklə qoşulan Böyük Britaniyanın bu “hücum riski” mövzusunda niyə israr etməsinin əsl səbəbini üzə çıxartdı.

Rusiyalı ekspertlərin sözlərinə görə, neftin qiyməti 90 dollar civarında olduğu halda dolların 77 rubldan baha satılması bütün “iqtisadi qanunlara” ziddir. Belə ki, normal iqtisadi münasibətlərdə indi 1 dollar ən pis halda 65 rubl olmalı idi. İqtisadçılar rublun məzənnəsinin bu qədər aşağı olmasını yalnız qlobal gərginlik, daha dəqiq desək, Rusiya-Ukrayna münasibətləri ilə əlaqələndirirlər. Hətta proqnozlara görə, bu gərginlik artacağı təqdirdə neftin qiymətindən asılı olmayaraq, dollar 90 rubla çata bilər.

Digər tərəfdən, son iki ay boyunca Rusiyadan valyuta axınının sürətləndiyi də ortaya çıxıb. Bugünkü məlumatlara görə, Rusiya iki ayda 40 milyard dollar itirib – iri investorlar səhmlərini sataraq, ölkədən getməyə çalışırlar. Yerli sahibkarlar isə yatırım qoymağa tələsmir, ya da daha “təhlükəsiz” ölkələrə can atırlar.

Ukrayna da itirib: son iki ayda Ukraynadan 12 milyard dollar valyuta çıxarılıb. Buna baxmayaraq, Ukraynaya ciddi yardımlar edilir – Qərbin Kiyevə həm hərbi, həm də iqtisadi dəstəyi getdikcə güclənir. Nəticə etibarilə Zelenski ötən gün şad xəbər verdi və bildirdi ki, ilk dəfə olaraq qrivnanın məzənnəsini qorumaq üçün dövlət bir sent də xərcləmədi.

Ukraynaya yardımlar olunur və itkiləri kompensasiya edilir, Rusiya isə getdikcə daha çox itirməkdədir. Bir müddətdən sonra neft və qaz bahalaşmasından əldə edilən gəlir də investorların çıxartdığı vəsaitin yerini doldurmağa kifayət etməyəcək.

Paralel olaraq bir-birinin ardınca ağır sanksiyalar düzülür: indi AB, Britaniya, ABŞ Rusiyaya ən ağır sanksiyalar üzərində çalışır, ya da bu sanksiyalar haqda informasiya manipulyasiyaları edirlər. Nəticədə investorlar daha çox qorxur və Rusiyadan vəsaitlərini daha sürətlə çəkirlər.

Rusiya böyük silah arsenalı, güclü ordusu olan nüvə gücüdür və onunla açıq meydanda müharibə aparmaq kimsənin ağlının ucundan da keçmir. Ancaq Rusiyanı dayandırmağın və öz sərhədləri daxilinə yığmağın yolu, deyəsən, tapılıb.

Proses nə qədər dabam edəcək? – bu suala cavab vermək çətindir. Ancaq əhalisi ilbəil azalan, böyük ərazilərində məskunlaşma problemi yaşayan Rusiyadan investorların da qaçışı bu ölkəyə yaxşı heç nə vəd etmir!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın