Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Finlandiya və İsveçin Şimali Atlantika Alyansına (NATO) üzvlük addımlarını müsbət qarşılamadığını deyib.

YALAN.info bildirir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Finlandiya və İsvelə bağlı hadisələri izləyirik, ancaq buna müsbət baxmırıq. Bundan öncə bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO məsələsində səhvə yol verdilər. Arxasında NATO olan Yunanıstanın Türkiyəyə qarşı münasibətini bilirsiniz. Türkiyə olaraq bu mövzuda ikinci səhvə yol vermək istəmirik.

Skandinaviya ölkələri terror təşkilatları üçün qonaq evləri kimidir. PKK, DHKP-C İsveç və Niderlandda yuva qurmuş vəziyyətdədir. Hətta parlamentlərində də yer alıblar. Bu məsələyə müsbət yanaşmağımız mümkün deyil”, – deyə o, jurnalistlərin uyğun sualını cavablandırarkən bildirib.

Dövlət başçısı rəsmi Ankaranın Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün göstərdiyi çalışmalarından da danışıb: “Rusiya və Ukrayna prezidentlərinə müharibənin dayandırılması ilə bağlı çağırışlar edirəm. Müharibənin yaxşısı yoxdur. İtkilər ortadadır. Bundan sonrakı müzakirələrimizdə də sülhlə bağlı çağırışlarımızı davam etdirəcəyik”.

Onu da bildirək ki, ultrasolçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) Türkiyə ilə yanaşı ABŞ və Avropa Birliyi ölkələrində terror təşkilatı kimi tanınıb. Yüksək aktivliyi ötən əsrin 90-cı illərinə təsadüf edən təşkilatın terror aktları daha çox Türkiyə hərbçilərinə qarşı yönəlib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın