“Düşmən kifayət qədər ağrılı-acılı cavab alıb. Texnika itkiləri milyardlarla dollar dəyərindədir. Şəxsi heyətdə 200 nəfər itkinin olduğu deyilir, amma buraya mövqelərində qoyub qaçdıqları cəsədləri, əsir düşən erməniləri də əlavə etsək, say 250-yə qədər gedib çıxacaq”.
YALAN.info bildirir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Oxu.az-a açıqlamasında Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son hadisələri şərh edərkən deyib. O vurğulayıb ki, heç bir halda düşmənin yaxın və orta perspektivdə təxribatlar törətməyəcəyini demək olmaz:
“Biz çox hiyləgər düşmənlə qarşı-qarşıyayıq. Onlar Azərbaycanın bərpa işlərinə, Qarabağın, Zəngəzurun yenidən qurulmasına, qoşunlarımızın orada güclənməsinə qarşı gələcəkdə də təxribatlar törədə bilərlər. Buna görə də bizim güc strukturlarımız barmağını daim tətikdə saxlamalıdır. Ermənistanın nəzarətində olan çox sayda mövqe artıq Azərbaycan Ordusundadır və bu mövqelərin hər birində düşmən yaralı və ölülərini tərk edərək qaçıb”.
Ədalət Verdiyev Azərbaycanın heç bir halda Ermənistan tərəfindən fakt qarşısında qoyula bilməyəcəyini vurğulayıb: “Bu yöndə Ermənistanın atdığı addımların da hansı nəticələrə gətirib çıxardığı bilinir. İndiki əməliyyatla düşmənin revanş hazırlıqlarını sıfırladıq və Azərbaycan ərazilərinə gələcəkdə mümkün ola biləcək təhdidlərin minimallaşmasına nail olduq”.