Rusiya Ordusu Ukraynanın Donbas vilayətində hücuma başlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Bildirlib ki, Rusiya Ordusunun sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir. Qeyd olunub ki, Rusiya Federasiyasının əsas səyləri Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarətin yaradılmasına və əvvəllər işğal olunmuş ərazilərin əldə saxlanmasına yönəlib.

Məlumata görə, Donetsk və Tauride istiqamətlərində Rusiya hərbçiləri əsas səylərini Liman, Kremennaya, Popasnaya və Rubijnoye yaşayış məntəqələrinin ələ keçirilməsinə yönəldib.

Bununla yanaşı, indi Mariupol uğrunda döyüşlər davam edir. Rusiya tərəfi dəniz limanı ərazisində hücum əməliyyatları aparır. Paralel olaraq, Xerson vilayətinin ərazisi üzərində tam nəzarəti bərqərar etmək çalışmaları dayanmaq bilmir.

Eyni zamanda Qara və Azov dənizlərinin akvatoriyasında olan düşmən gəmi qrupları Ukraynanın dəniz sahillərini təcrid etməyə çalışır.

“Azov” alayı Mariupoldakı əməliyyatın görüntülərini yayımlayıb

Ukraynanın “Azov” alayı Mariupol şəhərini ələ keçirməyə çalışan Rusiya hərbçilərinin zərərsizləşdirilməsi görüntülərini paylaşıb. Dron vasitəsilə çəkilən video alayın rəsmi Telegram kanalında yayımlanıb.

“Mariupolun müdafiəsi davam edir. Düşmənin böyük qüvvələrinə baxmayaraq, “Azov” alayının döyüşçüləri əks-hücuma keçir”, – kanalda qeyd olunub.

Yada salaq ki, şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki başqa ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmirlər.

Şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinin müdafiəsində əsas güc ölkənin “Azov” alayıdır. Şəhər martın 1-dən bəri mühasirədədir. Bununla belə, Rusiya Silahlı Qüvvələri şəhəri tam ələ keçirə bilməyib.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.

“Azov” alayı Mariupolda əks-hücuma keçib

Britaniya kəşfiyyatı: Mariupolun müqaviməti Rusiyanı bütün istiqamətlərdə ləngidir

Britaniya kəşfiyyatının məlumatına görə, Mariupolun müdafiəçilərinin müqaviməti Rusiya Ordusu üçün bütün istiqamətlərdə problem yaradır.

“Rusiya komandanlığını Mariupolun alınması üçün nə qədər vaxtın lazım olduğu narahat edir. Ukraynalıların qətiyyətli müqaviməti Rusiya qoşunları üçün ciddi sınağa çevrilib. Bu isə həmin bölgəyə Rusiyanın şəxsi heyət və silahlarının cəmləşdirilməsini zəruri edir. Bu proses də Rusiyanın başqa istiqamətlərdə hücumlarını ləngidir”, – deyə kəşfiyyat məlumatında bildirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın