“Qarabağ” Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

YALAN.info bildirir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa “Nant”ı ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan öncə Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.

Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dəyişib. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. “Köhlən atlar” ilk yarının ortalarından təşəbbüsü ələ alıb. Simon 27-ci dəqiqədə Məhəmmədəliyevlə təkbətək çıxsa da, növbəti dəfə dueldən məğlub ayrılıb.

30 dəqiqənin tamamında Elvin Cəfərquliyevin zərbəsindən sonra top qapının üstündən keçib. Daha sonra Kvabena Ovusu qolkiperlə təkbətək çıxsa da, fürsətdən yararlana bilməyib. “Qarabağ” ilk yarının sonlarında hücumlarının kəsərini artırıb. 43-cü dəqiqədə Bədavi Hüseynov başla fərqlənməyə yaxın olsa da, rəqib qapıçı Alban Lyafon hesabın açılmasına imkan verməyib. 

İkinci yarıda da Azərbaycan təmsilçisi topa daha çox nəzarət edən tərəf olub. 51-ci dəqiqədə Ovusu növbəti dəfə Lyafon səddini keçə bilməyib. Buna baxmayaraq, 25 yaşlı qanalı hücumçu 60-cı dəqiqədə hesabı açmağa müvəffəq olub. 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. “Nant” sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib. 

Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ” qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunun digər qarşılaşmasında Almaniya “Frayburq”u Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. “Nant” və “Qarabağ”ın 3 xalı var. Sonuncu sıradakı “Olimpiakos”un isə xalı yoxdur.

Qarabağ 3:0 Nant | UEFA Avropa Liqası, 2-ci tur | İCMAL

Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirik”

“Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın “Nant” klubuna 3:0 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra “CBC Sport”a qısa açıqlama verib: “Fərqli duyğular oldu. Ancaq bizim üçün ilk yarıda intizamlı oynamaq önəmli idi. İlk dəqiqələrdən ehtiyatlanırdıq. Çünki rəqibin heyətində bacarıqlı futbolçular var. Onları saxlamağa çalışırdıq. Çox maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla udmaq hamımızı sevindirir. Hər kəsi təbrik edirəm”.

50 yaşlı mütəxəssis Filip Ozobiçin əvəzlənməsinin səbəbini açıqlayıb: “Oyunu sürətləndirmək istəyirdik. Ona görə Ramil Şeydayevi meydana buraxdıq”. O, qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr etdiklərini söyləyib: “Bu gün əlavə şəhidlərimiz oldu. Çox üzüldük. Belə bir gündə qalib gəlmək istəyirdik. Ona görə həyəcan var idi. Allah ordumuzu qorusun”.

Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirik”

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin”

“Report”un məlumatına görə, Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kambuare Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib: “Birinci yarıda yaxşı oynadıq. Ancaq qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo!”

59 yaşlı mütəxəssis bu nəticədən sonra istefa verməyəcəyini bildirib: “Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti qarşılaşmada rəqibdən revanş almaq istəyirik. Liqa 1-də önəmli görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın