Bir çox analitiklər Cənubi Qafqazda sülhün bərqərar olması, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması üçün həlledici vaxtın yaxınlaşdığını bildirir. Ermənistanda davam edən etirazlar fonunda Ermənistan-Azərbaycan münasibətlərinin həlli istiqamətində proseslər davam edir. Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Doğrudanmı Ermənistanın Baş naziri Nikol Paşinyanın dəfələrlə anonsunu verdiyi “dinc eranın” yaxınlaşması hiss olunur? Erməni ictimai-siyasi xadimi, Rusiya Humanitar və Beynəlxalq Proqramlar üzrə “Kupol” Fondunun Himayəçilər Şurasının sədri Sarkis Asatryan Oxu.az-a müsahibəsində qeyd edib ki, sülh sadəcə duyulmur, ona tələbat var:

– Xalqlarımıza sülh lazımdır, bu, məlumdur. Ancaq o, necə olacaq? İlk növbədə, hamımız fobiyalardan, nifrətdən qurtulmalıyıq. Biz buna hazır olandan sonra sülh də olacaq. Son il yarım ərzində (2020-ci ildə müharibə başa çatdıqdan sonra – Red.) doğurdan da çox işlər görülüb, lakin tam sülhün əldə olunmasına hələ var. O, Bakıda, Gəncədə, Gümrüdə, İrəvanda yaşayan hər bir insanın qəlbində olmalıdır.

– Siz hesab edirsiniz ki, sülhün iki anlayışı var? Birincisi, ölkə rəhbərlərinin kağız üzərində imzaladığı müqavilə, ikincisi isə insanların ürəyindədir?

– Bəli, məhz qeyd etdiyiniz kimi. Ancaq bundan öncə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatların əhəmiyyətini də dəyərləndirməmək olmaz.

– İndi Ermənistanın parlament müxalifəti son illərin ən böyük etiraz aksiyalarını keçirir. Onlar nəyə gətirib çıxara bilər? Müxalifətçilər artıq hökumət binalarını ələ keçirdiklərini bəyan ediblər. Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmasının qarşısını alacaqlarına söz verirlər…

– Mən sizin sualınızı iki yerə bölərdim. Ərazi bütövlüyündən başlayacağam. Mənə elə gəlir ki, Ermənistan da, Azərbaycan da bir-birinin ərazi bütövlüyünü tanıya bilər. Ancaq Ermənistan tərəfinin hələ də Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı ilə bağlı sualları qalır. Bir daha vurğulayım, bu, ərazi məsələsi deyil. Qarabağda insanlar yaşayır. Bakı onların Azərbaycan vətəndaşları olduğunu deyir. Ancaq Qarabağ erməniləri üçün bu problemlidir. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan üçün əsas məsələ Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatıdır. Bu məsələ havadan asılı qaldığı qədər, görünür, müzakirə mövzusu olmaqda davam edəcək. Ancaq düşünürəm və ümid edirəm ki, həll olunmayan problemlər yoxdur.

İndi isə erməni müxalifətinin aksiyalarına toxunum. Onlar Nikol Paşinyanın elan etdiyi “dinc era”nın qurulmasının qəti əleyhinədirlər. Müxalifət liderləri Azərbaycanla sülh, Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını istəmir. Bəs əvəzində nə təklif edirlər? Sülh təşəbbüslərini inkar etməkdən başqa heç nə. Bu, sadəcə olaraq hakimiyyət uğrunda mübarizədir. Yaxşı, təsəvvür edək ki, onlar hakimiyyətə yiyələndilər, bəs sonra nə edəcəklər? Əgər onlar müharibə gündəmini təklif edəcəklərsə, o zaman bunu açıqlasınlar, xalq da bunun onlara uyğun olub-olmamasına qərar versin. Bəlkə münaqişənin həlli üçün başqa yol xəritəsi var? Bəs niyə təqdim olunmur? Düşünürəm ki, onların gündəmi yoxdur, sadəcə tələbləri var. Deməli, yenə də xalqın anlaşılmazlığı divarına dəyib heç nəyə nail olmayacaqlar.

Unutmayın ki, 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra, Ermənistan həqiqətən də məğlub olduğu bir vaxt – 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirildi və indiki müxalifət hakimiyyətə gələ bilmədi. İndi onlar Azərbaycanla sülhün, sərhədlərin açılmasının, Türkiyə ilə münasibətlərin bərpasının əleyhinədirlər. Çoxlu “yox”ları biz artıq eşitmişik. Ancaq təkrar edirəm, əvəzində nə təklif edirlər? Onların xalqa deyəcəkləri söz yoxdur.

Mənim proqnozum ondan ibarətdir ki, Ermənistan müxalifəti bu cür taktikalardan istifadə etməklə uğur qazana bilməyəcək, baxmayaraq ki, son illərin ən kütləvi aksiyaları baş verib və indi də davam edir.

Ancaq dron görüntülərinin və xüsusi proqramın köməyi ilə aksiyaya çıxanların sayını obyektiv hesablasaq ən kütləvi mitinqdə təxminən 8-9 min nəfər iştirak edib. Ümumiyyətlə isə nəzərə alsaq ki, orada hüquq-mühafizə orqanlarının əməkdaşları və jurnalistlər də olur etirazçıların dəqiq sayını demək çətindir.

– Bir daha etirazlarla bağlı soruşacağam. Bu səfər Robert Köçəryanın rəhbərlik etdiyi parlament müxalifəti çox fəaldır. O, (Robert Köçəryan – Red.) artıq etirazçılar arasında peyda olub. “Moskvanın əli” ilə bağlı versiyalar yarandı. Bununla bağlı erməni və Rusiya seqmentinin fəal olduğu sosial şəbəkələrdə, “Telegram” kanallarında yazırlar. Siz bu haqda nə düşünürsünüz?

– Mən yetərincə məlumatlı adamam və tam məsuliyyətlə deyə bilərəm ki, belə deyil. İrəvandakı etirazların Rusiyanın rəsmi xarici siyasət gündəliyi ilə heç bir əlaqəsi yoxdur. Etiraz aksiyalarının iştirakçıları Rusiya Federasiyasının hansısa dövlət məmurları ilə tanış ola bilərlər. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Koçaryanla Rusiya Prezidenti Vladimir Putinin şəxsi münasibətlərinin yaxşı olduğunu hamı bilir. Bu doğrudur.

Ancaq necə deyərlər, “milçəklər ayrı, kotletlər ayrı”. Bir vaxtlar Vladimir Putin də belə söyləmişdi. O, dövlət və şəxsi münasibətləri aydın şəkildə ayırır. İndi İrəvanda keçirilən etiraz aksiyalarının Moskva ilə heç bir əlaqəsi yoxdur. İndiki geosiyasi vəziyyəti nəzərə alsaq, Rusiyaya qeyri-sabit Ermənistan lazım deyil. Lakin kütləvi aksiyaların təşkilatçıları Rusiyanın “Telegram” kanallarında yayımlanan nəşrlərə görə “çirkli pullar” ödəyərək, Rusiya varlığı görüntüsünü yaratmağa çalışırlar. Ermənistan müxalifətinin rəhbərliyinin bir çox nümayəndələri bayağı korrupsioner məmurlardır. Onlar uzun müddət öz xalqını talamaqla məşğul olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın