“MİSRA” İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi – MİSRA TV-nin rəhbəri, Rusiya teleməkanında və ictimai-siyasi sferasında Azərbaycanın haqq işini israrla və ardıcıl müdafiə etməsi nəticəsində 2019-cu ildə Rusiyadan 55 il müddətinə deportasiya edilmiş jurnalist Fuad Abbasov Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Fuad bəy, 2019-cu ildən ölkəmizdə, öz Vətənimizdəsiniz. İndi nə işlə məşğul olursunuz? Fəaliyyətinizi necə qurmusunuz? Gələcək planlar nədən ibarətdir?

– Çox şükür ki, öz Vətənimizdəyik. Artıq qərib ölkələrdən uzaqlaşdıq. Mən 5 il Türkiyədə və 21 il Rusiyada yaşamağıma baxmayaraq hər zaman Azərbaycan vətəndaşlığını qorumuşam, heç bir ölkənin vətəndaşlığını qəbul etməmişəm. Ona görə də Rusiyadan deportasiya olunmağı necə deyərlər, canla-başla qəbul etdim. 2019-cu ilin iyun ayının 26-dan etibarən Azərbaycandayam.

İndi MİSRA adlı qeyri-hökumət təşkilatımız var. Yəni Rusiyada MİSRA TV (Mejdunarodnaya İnformatsionnaya Slujba Rossiyskix Azerbaydjantsev) internet kanalı olaraq 2016-cı ildə başladığımız fəaliyyət Azərbaycanda Ədliyyə Nazirliyində rəsmən qeydiyyatdan keçmiş bir ictimai birlik kimi fəaliyyət göstərir.

Mən də bu ictimai birliyin sədri kimi ölkədə bu və ya digər sosial problemlərin həlli yönündə, eləcə də xarici siyasət sahəsində, Azərbaycana qarşı xarici mediada meydana çıxan feyk xəbərlərlə mübarizə yönündə fəaliyyət aparıram. Bundan başqa bir fəaliyyətimiz yoxdur.

Ancaq bildiyiniz kimi 2019-cu ilin sonlarında Milli Məclisin özünü buraxması ilə bağlı qərar qəbul olundu və cənab Prezident bu qərarı təsdiqlədi. 2020-ci ilin fevralın 9-da növbədənkənar seçkilərin keçiriləcəyi elan olundu. Biz də xalqımızın bizə göstərmiş olduğu inam və etibarı nəzərə alaraq seçkilərdə iştirak etdik.

33 saylı Xətai birinci seçki dairəsindən namizədliyimizi irəli sürdük. Bu dairədən bizim əsas rəqibimiz Hüseynbala Mirələmov oldu. Amma istər seçki dövründə, istərsə də seçkilərdən sonra səslərin sayılması prosesində bir çox pozuntularının olduğunu gördük. Biz bir jurnalist olaraq bunların hamısını videoya çəkdik, videolarımız canlı yayımlandı. Yüz minlərlə insan sadəcə Azərbaycanda deyil, bütün dünyada bunu izlədi və biz bu dairədə seçki pozuntularının olduğunu sübut etdik.

Bunu heç bir etiraz etmədən, küçələrə çıxmadan, polislə münaqişəyə girmədən etdik. Hərçənd ki, bizim müxalifət bunu çox sevir. Məni də dəvət etdilər, dedilər sən də gəl etiraz et, küçələrə çıx. Dedim ki, mənim etiraz metodum başqadır. Mən hüquqşünasam. Hüquq fakültəsini bitirmişəm. Digər tərəfdən də jurnalistəm. Hüquqşünas və jurnalist biliklərimi bir araya toplayaraq belə mübarizə aparacam.

Əgər qanun pozuntusu varsa, biz bunu məhkəmə yolu ilə həyata keçirəcəyik. Və biz bütün müşahidəçilərimizin əldə etdikləri foto, video materiallar və protokolların hamısını toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etdik. MSK-nın mart ayında keçirdiyi iclasında 33 saylı Xətai birinci seçki dairəsinin nəticələri ləğv edildi.

Hazırda bizim dairədən deputat yoxdur. Gözləyirik, əgər təkrar seçkilər elan olunsa, canla-başla seçkidə iştirak edəcəyik. Əgər vətəndaşımız bizə etimad göstərsə, səs versə, inşallah, Milli Məclisdə 33 saylı Xətai birinci seçki dairəsinin seçicilərini təmsil edəcəyik və fəaliyyətimizi daha yüksək səviyyədə davam etdirəcəyik.

– Bəs jurnalist fəaliyyəti ilə məşğul olmursunuz?

– Əlbəttə, əvvəlki kimi məşğul olmuram. Yəni Türkiyənin istər “Anadolu” agentliyində, istərsə də “İhlas” xəbər agentliyində daha aktiv jurnalist fəaliyyəti aparırdım. İndi sadəcə olaraq bu və ya digər siyasi məsələlərə, ələlxüsus xarici siyasət məsələlərinə dair öz mövqeyimizi MİSRA TV-nin istər “YouTube” kanalında, istərsə də “Facebook”, “Instagram” şəbəkələrindəki səhifələrimiz vasitəsilə izləyicilərimizə bildirirəm.

Yaxud digər izləyicilərin iştirakı ilə canlı yayımlar edirik. Yəni jurnalist fəaliyyətim bu gün ölkəmizdə, yaxud ölkə xaricində baş verən hadisələri şərh etməkdən ibarətdir. Aktiv olaraq ölkənin daxili problemləri, sosial problemlərlə aktiv məşğul ola bilmirəm. Bunun da obyektiv səbəbləri var.

– Sizin Rusiyadan deportasiya olunmağınızda bir sıra insanlar dırnaqarası mühüm rol oynadılar. Hazırda onların aqibəti heç də ürəkaçan deyil. Mən xüsusilə sizin Rusiyadan çıxarılmağınızla bağlı çağırış edən bir nəfəri nəzərdə tuturam. Həmin şəxs hazırda həbsdədir və Rusiyanın səlahiyyət sahiblərindən mərhəmət, imdad diləyir. Bu hadisəni ilahi ədalətin təntənəsi saymaq olarmı?

– Doğrusu, kimin həbsdə olmasından bəhs etdiyinizi tam olaraq anlamadım. Amma orada mənə qarşı fəaliyyət aparan insanların bir çoxları öz fəaliyyətlərini 2019-cu ildə olduğu kimi davam etdirirlər. Bunlar kimdir? Sadıxova Mehriban, Kərimov Ağadadaş, Məmmədov Füzuli (Frenk Elkapone ləqəbli İtaliya vətəndaşı olan azərbaycanlı) bir araya toplaşaraq Rusiya Erməniləri İttifaqı ilə birgə 12 mart 2019-cu ildə konfrans keçirdilər.

– Bu, milyarder Ara Abramyanın rəhbərlik etdiyi təşkilatdır?

– Bəli, Ara Abramyanın müavini Levon Mukanyan, Ağadadaş Kərimov və Mehriban Sadıxova bir araya gəlib orada konfrans keçirdilər. Biz bu konfransı yayımlayıb göstərdik. Rusiyadakı Azərbaycan diasporunun tarixi iki yerə bölündü. Bir o konfransa qədər olan, digəri o konfransdan sonra olan tarixdir. Bir çoxları bunu çox yaxşı başa düşür. Kimin kim olduğu o konfransda aydın oldu.

– Həmin konfrans nə üçün keçirilirdi?

– Fuad Abbasovun ölkədən deportasiya edilməsini Rusiya hüquq-mühafizə orqanlarına bir səbəb olaraq göstərmək üçün keçirildi. Bunlar orda Ermənistan-Azərbaycan diaspor rəhbərlərinin ortaq protokolunu imzaladılar. Dedilər ki, bu adam ölkədə (Rusiyada) millətlərarası münaqişə yaradır. Sanki Azərbaycan və erməni xalqlarının arasını mən vurmuşam və məni ölkədən çıxarmaqla bu insanların arasında heç bir problem qalmayacaq.

Belə bir qərar çıxardılar. Rusiya hüquq-mühafizə orqanları da qanuni əsas olaraq bunu əllərinə aldı. Bu şikayət əsasında da məni ölkədən deportasiya etməklə bağlı qərar verdilər, amma siz həbsdə olmasından bəhs etdiyiniz adamın ad-soyadını desəydiniz…

– Mən Roman Ağayevi nəzərdə tuturam…

– Roman Ağayev… Roman Ağayev birincisi mənim soydaşımdır, yəni azərbaycanlı olaraq soydaşımdır. İkincisi, ikimiz də qarabağlıyıq. Üçüncüsu, qohum sayılacaq qədər yaxın adamlarımız var. Bu insan “AzərRoss”un (“Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı) prezidenti Mehriban Sadıxovaya xidmət etmək üçün dəridən-qabıqdan çıxırdı. Yəni Mehriban Sadıxova nə desə, onu da etməyə hazır idi.

– Nə üçün?

– Roman Ağayev Rusiyada yeganə federal milli-mədəni muxtariyyatın rəhbərliyinə – istər prezident, istər vitse-prezident, istərsə də hansısa başqa bir vəzifəyə keçmək üçün Mehriban Sadıxova nə deyirdisə, onu da edirdi. Nəticə etibarilə bu adamın mənimlə bağlı istər qeyri-ciddi açıqlamaları, yəni söyüşlü, senzuradan kənar sözlərlə dolu açıqlamaları, istərsə də mənim haqqımda indiyədək internetdə qalmaqda olan əsassız məqalələrin hamısı “AzərRoss” rəhbərliyinin sifarişi əsasında həyata keçirilmiş fəaliyyətlər idi.

Baxmayaraq ki, dəfələrlə ona tərəf addım atdım. Dedim ki, gəl, biz həm həmyerliyik, həm qərib ölkədəyik, bir-birimizlə münaqişə aparmağımız düzgün olmaz. Amma nəticədə nə oldu? Nəticədə o oldu ki, xidmət etdiyi təşkilat onun tutulmasında başlıca rol oynadı.

– Bu proses necə baş verdi?

– “AzərRoss” rəhbərliyinə seçkilər elan olundu. Kim orda prezident olacaq deyə intriqa yarandı. Bir çox adlar səsləndirildi. Bu adların arasında “AzərRoss” rəhbərliyi, yaxud idarə heyətinin üzvləri, tamamilə kənar şəxslərin, iş adamlarının, eyni zamanda Roman Ağayevin də adı keçməyə başladı.

Roman Ağayev də öz xidmətlərini ortaya qoyaraq, “bax, mən orda-burda həm Azərbaycanı, həm Rusiyanı təmsil etmişəm, mən də iddialıyam” deyəndən sonra bu iddiaların, ambisiyaların nəticəsi o oldu ki, onu yenə də həmin “AzərRoss” şikayət etdi.

Rusiya hüquq-mühafizə orqanları onun evində axtarış apardılar. Necə ki, mənim evimdə axtarış apardılar, ailəmə təzyiq göstərdilər, evimdəki bütün elektron avadanlığı apardılar, yoxladılar, heç nə çıxmadı, eyni şeyi Romana qarşı da etdilər.

Ancaq buna baxmayaraq Roman Ağayev həbs olunduğu sırada mən sosial şəbəkələrdən istifadə edərək bu həbsə qarşı çıxdım və onu müdafiə etdim. Və mənim bu çıxışımı Roman Ağayevlə bağlı yayımlanmış bütün videoların toplamından daha çox insan izlədi.

Mən beləliklə öz borcumu yerinə yetirdim. Roman Ağayev qarşısında yox, Azərbaycan diasporu, öz xalqım qarşısında borcumu yerinə yetirdim ki, xarici dövlətdə olan azərbaycanlılar pis vəziyyətə düşdükləri, bir problem yaşadıqları zaman biz onları müdafiə etməliyik. Şəxsi intriqalar, qərəzlilik və sair kənara qoyulmalıdır.

Bunu onun doğma atası başa düşdü. Şəxsən mənə zəng elədi, dedi ki, mən sizə təşəkkür edirəm və sizə qarşı etdiyi haqsızlıqlara görə oğlumu qınayıram. İndi, əlbəttə, Allah onun qapısını açsın. Mənim bildiyim qədər ev dustaqlığındadır. Rusiya vətəndaşı olmasına baxmayaraq deyilənlərə görə onu da Azərbaycana deportasiya gözləyir. Gəlsin, burda çiyin-çiyinə verərək davam edək. Problem nədir ki?

– Sizi Rusiyadan neçə il müddətinə deportasiya ediblər?

– Məni 50 il Rusiya Federal Təhlükəsizlik Xidmətinin, 5 il Rusiya Federal Miqrasiya Xidmətinin tələbinə əsasən, toplam 55 il müddətinə deportasiya ediblər. Yəni ömür boyu desək daha yaxşı olar. Amma yenə də söz vermişəm, bu müddət bitdikdən sonra – 92 yaşımda Rusiyaya qayıdıb özümü orada bir daha təsdiq edəcəyəm (gülür).

– Bir vaxtlar məhkəmənin bu qərarının ləğv edilməsi üçün yuxarı instansiyalara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə apelyasiya şikayəti edəcəyinizi bildirmişdiniz. Bu istiqamətdə hansısa yenilik varmı?

– Heç bir yenilik yoxdur. Sadəcə, Rusiya məhkəmələrinə müraciət etdik. Ximki şəhər məhkəməsinin qərarından Moskva Vilayət Məhkəməsinə müraciət etdik. Dedik ki, onların çıxardığı qərar qeyri-qanunidir. Vilayət məhkəməsi Ximki şəhər məhkəməsinin qərarını təsdiqlədi. Daha sonra Rusiya Ali Məhkəməsinə getdik. Ali Məhkəmə də bu qərarı təsdiqlədi.

Əlbəttə, daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək olardı. Bir az səhlənkarlıq səbəb ola bilər. Ondan sonra Milli Məclisə seçkilər elan olundu, Tovuz döyüşləri, ardınca Qarabağ müharibəsi başladı. Yəni, üst-üstə o qədər hadisələr meydana gəldi ki, mənim Rusiyaya geri qayıtmaq hüququmu təmin etməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməyim çox-çox arxa plana getdi.

Vaxt-vədə gəlib çatanda baxdıq ki, artıq gecdir. Bütün prosedurlar bitib. Bundan sonra müraciət edib “mən Rusiyaya geri qayıtmaq istəyirəm” şəklində bir tələbim olmadı. Madam ki, bunu Rusiya istəmir, mən ora niyə geri qayıdım? Nəticə etibarilə bu mənim həm özümün, həm də ailəmin həyatı üçün bir təhlükə ola bilər. Kim bilir ki, onların başında nələr var? “Hə, sən Avropaya şikayət etdin, qayıtdın, indi biz sənə göstərərik qayıtmağın axırı necə olur”, – onlardan hər şey gözləmək olar.

Mən Vətənimdə çox xoşbəxtəm, çox şadam. Hər hansı Avropa ölkəsinə, Amerikaya və ya digər ölkəyə mühacirət etmək fikrim yoxdur. Nə iş görürüksə, burda görməyə davam edəcəyik. Seçkilər keçirilərsə, bir millət vəkili olarıq. Bəlkə millət vəkili olsam, Rusiyaya xidməti pasportla rahat bir şəkildə gedib oradakı vətəndaşlarımızla görüşə bilərəm, kim bilir?! Alınsa bir millət vəkili kimi, alınmasa, vətəndaş kimi öz fəaliyyətlərimizə davam edəcəyik.

– Fuad bəy, ailəniz də Moskvada yaşayırdı, oğlunuz Rusiyada ali təhsil alırdı. Bu məsələləri necə tənzimlədiniz?

– Oğlum Sankt-Peterburq Politexnik Universitetinin informatika və hesablama texnikası fakültəsinin tələbəsi idi. Məktəbi bitirdikdən sonra imtahan verib dövlət büdcəsi hesabına orada təhsil alırdı. Bu problemlərdən sonra mən oğlumun orda təhsil almasını istəmədim. Dedim ki, təhlükəlidir. Nə olar, nə olmaz, qayıt gəl. Qayıtdı gəldi.

Biz Azərbaycan Təhsil Nazirliyinin saytında yer alan köçürmə proqramına müraciət etdik. Dedik ki, mənim oğlum orada Rusiya dövlət büdcəsi hesabına təhsil alır. Onu Azərbaycana gətirmək istəyirik. Əvvəlcə dedilər ki, köçürmə pulludur. Dedik ki, pulunu verəcəyik, problem deyil. Azərbaycana köçürək, burada Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin hansındakı fakültədə uyğundursa, orada təhsilini davam etsin. İki dəfə – iki il ard-arda müraciət etdik, Təhsil Naziliyindən mənim oğlumun Azərbaycana köçürülməsinə müsbət cavab verilmədi.

Biz saytdan onlayn rəsmi şəkildə müraciət etmişdik. Kiməsə gedib xahiş etmirik, kimdənsə minnət götürmürük, kiməsə hər hansı bir şəkildə hörmət etmirik. Sadəcə olaraq rəsmi, hər kəsə açıq şəkildə biz də o haqlardan yararlanmaq istədik, amma bizim o haqqımızı tanımadılar. Mənə elə gəlir ki, mənim səbəbimdən, yəni atasının apardığı fəaliyyətlər səbəbindən təhsili davam etdirə bilməyən bir oğula heç olmasa dövlətimizin Təhsil Nazirliyi sahib çıxa bilərdi. Amma eləmədilər.

– Bəs indi oğlunuz hardadır?

– İndi bütün ailəm kimi oğlum da yanımdadır. Mən onu Rusiyaya göndərmək, bu və ya digər şəkildə təsir mexanizmi olmasını istəmirəm. Çünki onun heç başına bir iş gəlməsə də mənə ipucu versələr, sözarası “oğlun da burda təhsil alır” deməkləri artıq mənim üçün təhlükədir.

– Təhsil alırmı?

– Yox, təhsil almır. Əsgərliyə yazılıb. Hərbi komissarlıqda qeydiyyata düşüb. Müharibəyə getmək istədi, yaşı çatmadı. Hərbi xidmətini çəkdikdən sonra təhsilinə davam edəcək.

– Sizi geniş ictimaiyyət 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiya televiziyalarında debatlarda etdiyiniz çıxışlarla tanıdı. Həmin debatların efirdə görünməyən hissələrində nələr yaşanırdı?

– Mənim rus televiziyalarında çıxışlarım bir qədər də tez – 24 noyabr 2015-ci ildə baş verən təyyarə insidentindən sonra başladı. O vaxt mən ilk dəvət edən kanaldan qonorar təklifi aldım. Dedilər ki, bizə gəlib çəkilişlərdə iştirak edən qonaqlara qonorar veririk. Mənə də maraqlı gəldi. Dedim nə qədərdir? Dedilər ki, 50 min rubl. 50 min rubl da o vaxtın kursu ilə 1250 dollar edirdi. Hər verilişdə iştiraka bu qədər pul verilirdi.

O vaxt mən Türkiyənin mövqeyini müdafiə edən tək jurnalist idim. Məndən başqa Rusiyada fəaliyyət göstərən çox sayda türk jurnalist o vaxt da var idi, indi də var. Amma Rusiya televiziyalarının onlara göndərdiyi dəvətlərin heç birini qəbul etmirdilər. Hər kəsin ağlında bir fikir var idi: işimizi itirəcəyik.

Mən ora gedib Türkiyəni müdafiə edən bir jurnalist kimi Rusiyanın bu və ya digər kanalından pul almağımı Türkiyəyə xəyanət kimi qiymətləndirdim. Və onlara açıq şəkildə dedim ki, əgər mənə pul təklif edirsinizsə, bir daha çağırmayın, gəlməyim. Çünki onların şərti belə idi: biz səninlə müqavilə imzalayırıq, müqavilədə şərtlər yazılır və sən o şərtlərə uyğun olaraq fəaliyyət göstərməlisən.

Mən onlara açıq şəkildə dedim ki, heç bir şərti qəbul etmək fikrim yoxdur. Əgər məni bir ekspert kimi dəvət edirsinizsə, dəvət edin və mən qarşılığında heç kimdən heç bir qonorar istəmirəm. O vaxtadək iki kanal çağırırdısa, qonorardan imtina etdikdən sonra bütün kanallar çağırmağa başladı.

– Qonorar qarşılığında sizdən nə tələb edirdilər? Müqavilə şərtlərində nələr var idi?

– Başlıca şərt o idi ki, qonorarı hansı telekanal verirsə, ancaq orda çıxmalısan. Başqa kanallara getməyə ixtiyarın yoxdur. Mən müstəqil bir jurnalist kimi bütün kanallara çağrılırdım. Onlar isə mənə deyirdilər ki, yalnız bizim kanalda iştirak edəcəksən. Onların bir rəsmi, bir də qeyri-rəsmi tələbi var idi. Mən başa düşürdüm ki, sən bu kanalın işçisi olursan. Onların səndən eşitmək istədiyi nədirsə, onu da deyəcəksən.

Biz orada görürdük ki, istər ukraynalı ekspertlərin, istərsə də Amerikanı təmsil edən ekspertlərin hamısının müqaviləsi var idi. Biz müqavilə ilə iştirak edən insanların aqibətini yaxşı görürdük. Onlar orda əzilirdilər. Onlar orda qalxıb nə aparıcıya, nə digər iştirakçılara bir söz deyə bilmirdilər. Mən özümü onların yerinə qoyub dedim ki, onlardan biri olmaq istəmirəm. Nə özümün şəxsim üçün, nə təmsil etdiyim Türkiyə üçün, nə də Azərbaycan üçün belə bir vəziyyətin yaranmasına razı deyiləm.

Bundan sonra mənim statusum ekspertdən ekspata keçdi. Ekspat, yəni sən təksən. Səndən başqası yoxdur, ekspert çoxdur. Və ekspat olaraq məni bütün kanallar çağırmağa başladı. Hətta, 2016-cı ilin aprel döyüşlərindən sonra biz rəhmətlik Heydər Camalla “Birinci kanal”da ekspat olaraq çıxışlar etdik.

Bir məqam var: Azərbaycanın Rusiya məkanında yetişdirdiyi, tam olaraq çıxıb orada onun mövqeyini müdafiə edəcək jurnalisti, eksperti yox idi. Və mən qalxıb təkbaşıma, şəxsi təşəbbüsümlə, Rusiyada fəaliyyət göstərən federal kanalların prodüsserləri ilə şəxsi əlaqələrim nəticəsində Azərbaycanı təmsil etməyim orada bir çox çevrələrin qəzəbinə səbəb oldu.

O çevrələr mənə etirazlarını bildirdilər. Dedilər sənə kim səlahiyyət verib ki, çıxıb rus kanalında Azərbaycanın adından çıxış edəsən?! Mən onlara cavab olaraq dedim, elə bir qurum yoxdur ki, mən onlardan səlahiyyət alım. Birincisi mən azərbaycanlıyam, ikincisi mən qarabağlıyam, üçüncüsü mənim həm ana, həm də ata tərəfdən ermənilərin etnik təmizləmə siyasətinə məruz qalıb və öz doğma yurdlarını tərk ediblər. Nəticə etibarilə mən valideynlərimin ən azı mənafeyi naminə ermənilərə qarşı Rusiya teleməkanında çıxış edirəm. Bunun üçün nə səlahiyyət lazımdır? Bunu Azərbaycan Respublikasının Konstitusiyası məndən tələb edir. Azərbaycan vətəndaşı kimi dünyanın harasında olursansa ol, Azərbaycanın mənafeyini qorumalısan.

– Yəni, bu işi vətəndaşlıq borcu hesab edirdiniz…

– Bəli, bunu 8 fevral 1994-cü ildə mərhum prezident Heydər Əliyev şəxsən məndən tələb edib. Biz onunla görüşmüşdük. Həmin gün Heydər Əliyev Türkiyəyə təhsil almağa gedən tələbələrlə görüşmüşdü. Heydər Əliyev fevralın 9-da Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşmüşdü və qeyd etmişdi ki, biz tələbələrimizi Türkiyənin təcrübəsindən istifadə etmək üçün istədiyimiz sahələrdə təhsil almaq üçün göndəririk. Jurnalistika da o sahələrdən biri idi.

O vaxt Heydər Əliyev bütün tələbələrlə birlikdə şəxsən mənə də qulağımda sırğa olacaq söz demişdi. Demişdi ki, dünyanın harasında olursansa ol, birinci növbədə Azərbaycanı təmsil edirsən. Mən o sözlərdən yola çıxaraq, aldığım təhsillə, gördüyüm işlə əlaqədar olaraq Rusiya telekanallarına çıxıb Azərbaycanı təmsil edirəm və bu da Azərbaycanda bəzi məmurların xoşuna gəlmirdi.

– Fuad bəy, “YouTube” videohostinqində sizin Rusiya Prezidenti Vladimir Putinin şəxsi avtomobilini idarə etməyinizlə bağlı video var. O video nə vaxt, harada, hansı şəraitdə çəkilib? Bu görüşlə bağlı bir qədər bilgi verməyinizi istərdik…

– Çox yaxşı xatırlayıram. 2009-cu ilin mayında Moskvada “Avroviziya” mahnı yarışı keçirilirdi və mən o vaxt Türkiyənin “Anadolu” agentliyinin Rusiya üzrə təmsilçisi işləyirdim. Bizim başımız “Avroviziya”ya qarışmışdı. O zaman Türkiyədən Hadisə, Azərbaycandan Araş və Aysel Teymurzadə müğənnilər iştirak edirdilər. İddialı iştirakçılar olduğu üçün hər kəsin gözü orda idi. Çünki Aysel və Araş üçüncü yerə çıxdılar. Azərbaycan üçün böyük nailiyyət idi.

Tam bu zaman bizə dedilər ki, Rəcəb Tayyib Ərdoğan Soçiyə gəlir. Bütün işinizi-gücünüzü buraxıb gedirsiniz Soçiyə. Niyə? Çünki Ərdoğan daha vacibdir. Putin o zaman Rusiyanın baş naziri, Medvedyev isə prezident idi. Və Gürcüstan hadisələri təzə sonuclanmışdı, Abxaziya, Cənubi Osetiya Gürcüstandan qoparılmışdı, onların müstəqilliyi tanınmışdı və sair. Tam bu dönəmdə Ərdoğan Putinlə görüşə gəlib. Bizə dedilər ki, bu gecə hamı Soçidə olmalıdır. Biz də Moskvadakı bütün işimizi-gücümüzü atıb Soçiyə getdik.

Soçidə “Boçarov Ruçey” adlanan prezident iqamətgahı var. Hər kəs Putini necə görüb? Putin kortejlə gələr, əvvəlcə motoskletlər, sonra “Gelandevagen”lərdə mühafizəçilər, ondan sonra Putinin limuzini, ondan sonra yenə “Gelandevagen”lər və motoskletlər hərəkət edər. Biz Putini belə görməyə alışmışıq. Bir də baxdıq ki, heç kim yoxdur. Hər kəs sərbəst şəkildə bir-biri ilə söhbət edir, xəbərdarlıq-filan yox. Əvvəlcə xəbərdarlıq edərdilər, hər kəsi kənara çəkərdilər, kardon qoyardılar.

Bir də gördük ki, bir “Niva” gəlir. “Niva”nın içindən Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromov və Putin düşdü. Putin özü də sükan arxasında idi. Hamımız şok olduq ki, bu nə məsələdir?! Putin “Niva”nın sükanı arxasında özü şəxsən sürə-sürə görüşə gəldi. Belə şey olar? Bizim üçün tamamilə gözlənilməz, qeyri-adi bir məqam idi.

O dövrdə dövlət “AvtoVAZ”a çox ciddi yatırımlar edirdi. 2008-ci ildə ABŞ-da “Lehman Brothers” bankının müflis olması ilə böyük maliyyə böhranı başlamışdı. Bu böhran nəticəsində “AvtoVAZ” da müflis olmağa doğru gedirdi. Bunun qarşısını almaq üçün dövlət ora külli miqdarda investisiya yatırmışdı. Belə bir məqamda Putinə “Niva”nı vermişdilər ki, baxın, keçmiş prezident, indiki baş nazir də “AvtoVAZ”dan yararlanır-filan. Əlbəttə, bunu başa düşürük.

Putin düşən kimi hamı sorğu-suala başladı. Putin dedi ki, heç, “AvtoVAZ”ın son məhsuludur, “Niva” avtomobili dünyanın ilk yolsuzluq avtomobilidir. Hamı bilir ki, indiki “Gelandevagen”lərdən, “Grand Cherokee”lərdən, “Volkswagen Touareg”lərdən, “Toyota Land Cruiser Prado”lardan öncə 70-ci illərdə “Niva” var idi. Onlar hamısı sonradan çıxdı. 70-ci illərdə ilk, mülki vətəndaşa yönəlik yolsuzluq avtomobili “Niva” idi. Bütün bunlardan istifadə edərək onlar “AvtoVAZ”ın marketinqini Putin vasitəsilə həyata keçirmək istədilər. Putini sükan arxasına oturtdular və o da Ərdoğanla görüşə “Niva” ilə gəldi.

Sorğu-sualdan sonra Putin dedi ki, “buyurun, yoxlayın”. Hər kəs yenidən şok oldu ki, necə yəni yoxlayın?! Belə şey olar? Bir rus jurnalist soruşdu ki, sizdə mexanikadır, yoxsa avtomat? Putin dedi ki, əlbəttə, mexanikadır, “Niva” avtomat olmur. Mən baxdım ki, məqam bu məqamdır. Əlimdə kamera ilə Putini çəkirdim, kameranı yanımdakı məsləkdaşıma verdim. Dedim Vladimir Vladimiroviç, icazə verin türk jurnalistləri adından sizin avtomobilinizi yoxlayım. Dedi ki, buyurun, yoxlayın.

“Boçarov Ruçey”in ətrafında avtomobillə bir dairə yürüş etdim. Mən sükan arxasında olanda rus jurnalistlərin çəkmiş olduğu kadrlar Rusiyanın “Birinci kanal”ında yayımlandı. Putin deyir ki, “deyəsən, yarışçıdır” (“Qonşik po moemu”). Hərçənd ki, bərk sürmürdüm. Ondan sonra rus jurnalistləri deyir ki, “yox, o türkdür”. Belə bir dialoq keçmişdi.

Maşından düşəndə açar içəridə qaldı. Daha doğrusu, mən oturanda açar maşının üstündə olduğu üçün düşəndə əl vurmadım. Sonra Peskov açarı çıxardı, Putinə verəndə mən dedim ki, bağışlayın, yadımdan çıxdı. Putin açarı aldı, dedi ki, qoy, hər ehtimala qarşı açar məndə qalsın. Açar məndə qalsa, daha güvənlidir.

Bundan sonra Azərbaycanda belə xəbərlər çıxdı ki, Putin əslində açarları Fuada vermişdi, hədiyyə etmişdi, sadəcə Fuad bundan imtina edib. Hətta, burda yaxın qohumlarım da mənimlə əlaqə saxlayıb deyirdilər ki, niyə imtina etdin, maşın vermişdi, qəbul edərdin də. Bax, belə bir hadisə idi.

Bundan sonra Putinlə Ərdoğan aarsında rəsmi görüş başladı. Amma Putinlə Ərdoğan arasında nələr danışılıb-danışılmadığı artıq ikinci plana keçdi. Birinci plana Putinin görüşə “Niva” ilə gəlməsi xəbərləri çıxdı.

– Putinin “Niva”sının hansısa özəlliyi var idi?

– Putin dedi ki, mən bunu balıqçılıq üçün almışam. Sonra dedi ki, ən adi, standart “Niva”dır, heç bir fərqi yoxdur. Əlbəttə, mən onu sürməyə başladıqda istər sürət qutusu, istər muftası, istərsə də sükanının dəyişilmiş olduğunun şahidi oldum. Gördüm ki, bu adi “Niva” deyil, qeyri-adidir. Sadəcə olaraq “Niva” görüntüsü var.

Mən maşından düşəndə dedim ki, Vladimir Vladimiroviç, bu qeyri-adi “Niva”dır. Bunu hər halda sizin üçün özəl sifarişlə hazırlayıblar. Dedi ki, qeyri-adi ola bilər, amma bu, mənim üçün özəl sifariş deyil. Hər hansı vətəndaş mənə hazırlandığı kimi özləri üçün də sifariş edə bilərlər. Bundan sonra rus mediası belə bir xəbər yayımlamışdı ki, türk jurnalist Putinin “Niva”sını sürəndən sonra onun gerçək rus maşını olduğuna şübhələrini bildirdi.

Фуад Аббасов – жизнь после возвращения в Баку!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın