Rusiya-Ukrayna müharibəsi daha dramatik nəticələrə köklənən gedişatlara hazırlanır: Bundan əvvəl Ukraynaya dəstək məqsədilə bir sıra Qərb ölkələrindən könüllülərin Ukraynaya yollandığı bildirilirdi.

Bu gün Rusiya Prezidenti Vladimir Putin də müdafiə naziri Sergey Şoyquya göstəriş verdi ki, Rusiya ordusunun tərkibində döyüşmək istəyən muzdluların müharibədə iştirakını təmin etsin. Hansısa ölkənin adı açıqlanmasa da, İraqın, Suriyanın, Liviyanın, Afrika regionundan olan silahlıların bu işdə Putinə dəstək verəcəyi ehtimalını səsləndirmək olar.

Hətta İrana bağlı “Hizbullah” qruplaşmasından könüllülər də Ukraynadakı müharibənin nəticəsini Putinin xeyrinə dəyişmək üçün əmək sərf edərlər. Bir növ, Ukrayna cəbhəsində tərəflərin savaşı güclənir və Ukraynanın gələcəyi acınacaqlı taleyə köklənir.

Bir-birinə zidd qütblərdən ibarət xarici hərbçilərin Ukraynada üz-üzə gəlməsi Ukraynanı poliqona çevirir, artıq münaqişə Rusiya-Ukrayna müharibəsinin də çərçivələrini aşır. Rusiya 16 000 muzdlunu Donbasa yerləşdirəcəyini elan edir. Bununla da NATO-ya adekvat cavab tədbiri ilə reaksiya verir. Gələcəkdə də NATO-nun tədbirləri qarşılığında lazım olacaq addımlar atacağının anonsunu verir.

Yəqin ki, Rusiya Ukraynaya təcavüzə hazırlaşmamışdan öncə muzdlu faktorunu ehtiyat plan kimi öz strateji qovluğunda saxlayıbmış. Situasiyanı qaranlığa qərq edən addımlar atılır. Putin göstərmək istəyir ki, canlı qüvvə itkilərini kompensasiya etmək üçün xarici rezervləri mövcuddur.

Biz bir zaman Əfqanıstanda, İraqda, Suriyada, Liviyada virtual və ya birbaşa gördüyümüz səhnələr bu dəfə Avropanın burnunun dibində müşahidə olunur. Rusiya muzdlu amili ilə Ukrayna ilə danışıqların növbəti raundu üçün psixoloji üstünlük qazanmaq istəyir. Bu mənada Putinin sayla bağlı blef etməsi ehtimalını da irəli sürmək olar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın