Rusiya Prezidentinin ötən gün imzaladığı fərmana uyğun olaraq aprelin 1-dən “dost olmayan ölkələr”lə qaz tədarükü yalnız rublla ödənişlər hesabına aparılacaq. Həmin ölkələr yeni qaydalarla ödənişdən boyun qaçırsa təbii qaz verilişi dayandırılmalıdır. Daha əvvəl Avropa Komissiyası rus qazına görə rublla ödəniş edilməsinə yol verməyəcəyini deyib.

“Böyük yeddilik” ölkələri də bunu etməyəcəyini bəyan edib. Bütün ölkələrdə ödəniş ABŞ dolları, ya da avroda edilir və birtərəfli qaydada başqa valyutaya keçmək mümkün deyil. Belə ki, hesablaşmanın valyutası qaz müqaviləsinin önəmli şərtidir. Yaranmış situasiyada “Qazprom” və ya onun kontragentləri bu cür mübahisələrə baxan Stokholm Arbitrajına müraciət edə bilər. Bu cür çəkişmələrsə illərlə çəkir. Bu dövr ərzində isə Avropa qaz alacaq və ödənişlər də müqavilədə göstərilən valyutada ediləcək. Yəni faktiki olaraq yeni ödəniş mexanizmi işləməyəcək.

Ancaq Rusiyanın radikal addımlara gedəcəyi də istisna deyil. Kremlin sözçüsü ödəniş olmasa, qazın da olmayacağını bəyan edib. Bu gün Avropa Birliyinin AB) “mavi yanacağ”a olan tələbatının 40 %-i Rusiya hesabına ödənilir. Rusiyanın qaz tədarükünü dayandırmaq təhlükəsi qarşısında Avropa bütün imkanları səfərbər etməyə başlayıb.

Avropada Rusiya qazından ən çox asılı olan Almaniya enerji təhlükəsizliyinin təmin olunması üçün fövqəladə plan işə salıb. Belə ki, Avropaya təbii qaz verilişi dayanacağı təqdirdə poladəritmə zavodları, gübrə, kimya, kərpic istehsal edən müəssisələr dayanmaq təhlükəsi qarşısında qalacaq. Təbii qaz mazut və kömürlə əvəz ediləcək.

Daha öncə bəyan edilən planların əksi olaraq atom enerjisindən daha aktiv istifadə ediləcək. Daha iri templərlə alternativ enerji mənbələri (külək və günəş) infrastrukturu genişləndiriləcək. Mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü önəmli dərəcədə artırılacaq. Belə ki, ABŞ-dan əlavə olaraq 15 milyard kubmetr həcmində LNG alınması nəzərdə tutulur. Bu, hər il Rusiyadan AB-yə tədarük edilən təbii qazın 10 %-nə bərabərdir. Gələn ilə kimi əlavə LNG tədarükü həcmlərinin daha 35 milyard kubmetr artaraq illik 50 milyard kubmetrə çatacağı gözlənilir.

Nəzərə almaq lazımdır ki, indi Avropada istilik mövsümü başa çatmaq üzrədir. Yaxın 6 ayda təbii qaza olan tələbat kəskin azalacaq. Ən azından avqusta kimi çətin də olsa Avropa Rusiya qazı olmadan keçinə bilər. Çünki bu gün Avropada Rusiya təhlükəsi qarşısında iqtisadi faktorlar ikinci plana keçərək yerini mənəvi-etik amillərə verib.

Rusiya enerji daşıyıcılarından heç zaman şantaj vasitəsi kimi istifadə etmədiyini iddia etsə də etdikləri bunun tam əksini göstərir. Ona görə Avropa nəyin bahasına olursa olsun birdəfəlik bu asıllıqdan qurtulmaqda indi heç vaxt olmadığı qədər qətiyyətlidir. Yəni Avropa iqtisadiyyatı ən azından bir neçə ay rus qazının yoxluğuna dözməyə hazırdır.

Eynisini Rusiya iqtisadiyyatı haqqında demək mümkün deyil. Rusiya hər ay Avropaya təxminən 10 milyard kubmetr təbii qaz ixrac edir. İllik hardasa 140 milyard kübmetrdən söhbət gedir. Avropaya qaz verilişi dayanacağı halda həmin həcmi başqa bazarlara yönəltmək mümkün olamayacaq. Nə Çin, nə də MDB məkanı kommersiya effektivliyi baxımından Avropanı əvəz edə bilməz. Hər nə qədər Rusiya Çinə bel bağlasa da hətta texniki olaraq belə iri miqyaslı tədarükü təmin etmək çox çətindir.

Rusiyanın Uzaq Şərqindəki istehlakçılarını və Çini təbii qazla təmin edən “Sila Sibiri” magistral kəməri vasitəsilə ötən il 10,4 milyard kubmetr qaz nəql edilib. “Sila Sibiri-2” isə 2028-ci ildən tez tikilməyəcək. Ən əsası isə odur ki, Çin daha çox LNG tədarükünə və özünün şist qaz hasilatının inkişafına üstünlük verir. Bu gün Çin heç neft tədarükü baxımından da Avropanı əvəz edə bilməz. Çinə Rusiyadan illik 80 milyon ton neft ixrac edilir. Bütün nəqliyyat yolları bu həcmlə məhdudlaşır və bundan artığını həmin kanallara yönəltmək mümkün deyil.

Məsələ burasındadır ki, Rusiyanın Avropanın təbii qaz bazarını itirməklə yanaşı həm də neft embarqosu ilə üzləşmək təhlükəsi var. Artıq ABŞ Rusiyadan neft idxalına qadağa qoyub. Britaniya 2022-ci ilin sonuna Rusiyadan neft və neft məhsullarının tədarükünü dayandıracaq. Britaniyanın ”BP”, Britaniya-Niderlandın “Shell”, Fransanın “Total Energies”, Avstraliyanın “Viva Energy” və “Ampol” şirkətləri Rusiyadan xam neft almayacağını bəyan edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novaka görə, onun ölkəsinin neftinə qarşı embarqo tətbiq olunsa “qara qızıl”ın bir barelinin qiyməti 300 ABŞ dollarını keçə bilər.

OPEC-in ötən əsrin 73-74-cü illərində qərb ölkələrinə neft satmamaq qərarı, qısa zaman kəsiyində “qara qızıl”ın iki dəfədən çox, embarqonun sonunda isə 4 dəfə bahalaşmasına səbəb oldu. Bu onun nəticəsində baş verdi ki, o zaman təşkilatın payına qlobal bazara tədarük edilən neftin yarısı düşürdü.

Nəzərə alsaq ki, qlobal neft tədarükünün cəmi 1/10 rus neftinin payına düşür, “qara qızıl”ın nəyinki 300 ABŞ dollarını heç 200 ABŞ dollarını belə keçə biləcəyi inandırıcı görünmür. AB-nin bu məsələdə konsensus əldə edə bilməməsi rus qazından asılı olan ölkələrin dirənməsidir. Həmin ölkələr müəyyən mənada Rusiyanı qıcıqlandırmaq istəmirlər. Ancaq qaz verilişi dayanandan sonra Avropanın neft embarqosuna qoşulacağı qaçılmazdır.

Nəzərə almaq lazımdır ki, Rusiyada büdcə gəlirlərinin 36 %-i məhz neft-qaz sektorunun hesabına təmin edilib. Rusiya Bankının qızıl-valyuta ehtiyatlarının təxminən yarısının dondurulması, ölkənin qlobal maliyyə sektorundan təcrid edilməsi, inflyasiyanın kəskin templərlə artması, ölkənin investisiya cazibədarlığının sıfırlanması fonunda neft-qaz gəlirlərindən məhrum olmaq ölkə üçün fəlakətli nəticələrə səbəb olacaq. Neft-qaz embarqosu bir növ Qərbin Rusiyaya qarşı iqtisadi müharibə elan etməsi, Ukrayna üçün isə “ikinci cəhbə”nin açılması anlamına gələcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın