Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verildiyi kimi, son günlərdə Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində durumu gərginləşdirən təxribatlarını davam edirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədi boyunca təxribatları ilə bağlı məlumat yayıb.

AR XİN xatırladır ki, 8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən uyğun addımların atıldığı bir vaxtda, özəlliklə də “3+3” formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

“İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir, – deyə Azərbaycan XİN bildirib.

Rəsmi Bakı bəyan edir ki, Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda günahlandırması tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan doğurdan da bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistanı bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək çalışmalarından əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam yerinə yetirməyə çağırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın