“Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov və hücumçu Ramil Şeydayev UEFA Avropa Liqasının qrup mərhələsində Yunanıstanın “Olimpiakos” komandası ilə oyundan öncə mətbuat konfransında iştirak ediblər.

YALAN.info bildirir ki, Q.Qurbanov və R.Şeydayev rəqibin revanş almaq istədiyini və qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildiklərini deyiblər.

“Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu oyuna son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar”, – “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis komandada son günlərdə yorğunluğun olduğunu bildirib: “Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Oyuna sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik”.

Qurbanov rəqiblərin ilk yarıda daha ciddi müqavimət göstərdiyini söyləyib: “Bəlkə də ikinci yarıda oyun intizamını qoruya bilmirlər. “Qəbələ” ilə Premyer Liqadakı oyunda çox çətinlik çəkdik. Futbolda çox qarşılaşdığımız hallardır. Bəzən oyunun gözəlliyi son dəqiqə qollarıdır. Əvvəllər elə olurdu ki, ilk yarıda qollar vururduq. İkinci yarıda qol daha çox olanda daha inamlı oluruq. Bu, hazırlığın yüksək səviyyədə olduğunu göstərir. 90 dəqiqə nizam-intizamı qorumağa çalışırıq”.

Təcrübəli baş məşqçi Afinada “Olimpiakos”u 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada sonuncu qoldan sonrakı sevinci haqqında danışıb: “Bu, sırf Ramilin qolunun sevinci idi. Sona 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə isə çox sevinirəm”.

Mütəxəssis müəyyən səviyyəyə çatmağın asan, orada qalmağın isə çətin olduğunu deyib: “Qalibiyyətlərimiz gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər qarşılaşmada oyunumuzu yaxşılaşdırmalıyıq. Bizə olan inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə və azarkeşlərimizin inamını qazanmağa çalışırıq”.

Ramil Şeydayev: “Rəqib bizdən revanş almaq istəyir”

“Nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Rəqib revanş almaq istəyir. Bu səbəbdən çətin olacaq”.

YALAN.info bildirir ki, bunu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan öncə mətbuat konfransında deyib.

26 yaşlı hücumçu bütün azarkeşləri tribunada gözlədiklərini bildirib: “Bu görüşə ilk qarşılaşmadan daha ciddi və məsuliyyətli yanaşırıq”.

Şeydayev “Olimpiakos”a vurduğun qoldan sonra çılğın formadakı sevincini də şərh edib: “Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması deyildi. Sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Adi qol sevincim idi”.

“Qarabağ” – “Olimpiakos” oyunu öncəsi MƏTBUAT KONFRANSI

Yada salaq ki, Ağdamın “Qarabağ” Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstanda “Olimpiakos”un qonağı olub və qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş isə saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası yönəltəcək. Oyun “CBC Sport”la canlı yayımlanacaq.

Onu da bildirək ki, “Qarabağ” indi G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. “Köhlən atlar” ən azı heç-heçə sayəsində qrupda üçüncü yeri və bununla da UEFA Konfrans Liqası üçün pley-offa çıxışı təmin edəcək. Qrupun digər görüşündə 9 xalı olan Almaniya “Frayburq”u Fransada “Nant”la üz-üzə gələcək. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

UEFA Avropa Liqası, G qrupu, Turnir Cədvəli (3-cü turdan sonra)

#KomandaOQHMVBTFXAL
1Freiburg33007169
2Qarabag FK32017256
3Nantes310226-43
4Olympiacos300318-70

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın