“Bu evdə [Şuşada atası Bülbülün ev muzeyi] hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları Üzeyir Hacıbəyli – XIII Beynəlxalq Musiqi Festivalı ilə bağlı Şuşaya səfər zamanı Bülbülün ev muzeyinə baş çəkən Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında demişdi.

P.Bülbüloğlu deyirdi ki, bundan başqa evin iki divarı da çökülmüşdü: “Ömür-gün elə gətirib ki, mən bura 2007-ci ildə və 2019-cu ildə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə mən də, Fərhad Bədəlbəyli də tamam ayrı duyğular keçirirdik. Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi.

Allaha şükür ki, bu günü də gördük. Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Keçən il bu vaxt bizim yuxumuza da gələ bilməzdi ki, 1 ildən sonra biz Şuşada Bülbülün ev muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəyovun abidəsi təzədən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bir bayramdır”.

Bu günlərdə isə P.Bülbüloğlu artıq evin təmir olunduğu üçün sevincini gizlədə bilməyib: “Çox xoşbəxtəm ki, mən bu günləri gördüm və özüm də iştirakçısı oldum. Atamın ev muzeyi bərpa edilərkən çox böyük həvəslə, səhərdən axşamadək fəhlələrin yanında oldum. Orada hər qurulan lap xırda daşı, məsələni də çox böyük həvəslə özüm həll edirdim, izləyirdim, kömək edirdim. Bu, mənim üçün çox xoş idi”.

O, Vətən müharibəsindən sonra Qarabağdakı quruculuq işlərinin böyük sürətlə getdiyini qeyd edib: “Moskvada da mənə sual verirlər ki, necə ola bilər ki, o boyda beynəlxalq hava limanı cəmi 8 aya tikilib? Doğrudan da, bu böyük möcüzədir. Mən özüm avtomobil sürməyi çox sevirəm. Şuşaya özüm sükan arxasında gedib-gəlirəm.

Bu yolun tikilməsi demək olar ki, gözümün qarşısında mərhələ-mərhələ həyata keçirilib, 8-9 aya dağların ətəyində asfalt yolu salınıb. Biri var bunu televizayadan izləyəsən, biri də var ki, özün gözlərinlə görəsən, ayağınla gəzəsən. Çox böyük zövq alırsan ki, sənin dövlətin, sənin Prezidentin böyük işlər görür və bu işlər uğurla həyata keçirilir”.

Xalq artistinin oxuduğu “Girdim yarın bağçasına” xalq mahnısa klipin çəkilişləri də Bülbülün ev muzeyində aparılıb.

“Girdim yarın bağçasına” – Polad Bülbüloğlu / “Oxuyur Vətən – Şuşa”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın