Qərbdə Rusiya-Ukrayna müharibənin tərəflərdən birinin resursları tükənənə qədər davam edəcəyinə işarə edən nəşrlər getdikcə çoxalır. Belə bir bəyanatla, məsələn, “The Economist” qəzeti çıxış edib. Görünür, hər şey doğurdan da buna doğru gedir. Belə ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Rusiyanın hələ ciddi bir işə başlamadığını bildirib. Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə müharibənin başa çatması üçün üç ssenari təsvir edib və bunların heç biri Rusiya Federasiyasının qələbəsini nəzərdə tutmur.

YALAN.info bildirir ki, müdafiə və dövlət təhlükəsizliyi sahəsində tanınmış ukraynalı ekspert, Ukrayna Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Oleq Starikov Oxu.az-a müsahibəsində tərəflərdən birini tükəndirəcək müharibənin başlaması fikri ilə razılaşıb:

“Təəssüf ki, belədir. Müharibə təkcə hərbi əməliyyatların aparılması deyil, o, informasiya, diplomatik, iqtisadi və kiber məkanı əhatə edir. Allaha şükürlər olsun ki, müharibə hələ kosmos səviyyəsinə keçməyib, çünki Ukraynanın öz orbital qrupu yoxdur, Rusiyanın isə var.

Qərb sanksiyalar tətbiq edib və bununla da Rusiya iqtisadiyyatının imkanlarını məhdudlaşdırıb. Rusiyanın ərazi, səfərbərlik, demək olar ki, sərhədsiz karbohidrogen ehtiyatı, faydalı qazıntılar, nadir metal resurslarına sahib olduğu nəzərə alınmalıdır. Təəssüf ki, bizdə belə resurslar yoxdur.

Qərb ölkələri bizə kömək edir, ancaq bu yardım məhdud miqdarda gəlir. Lend-liz haqqında qanuna görə (Ukraine Democracy Defense Lend-Lease Act of 2022 – Ukrayna hökumətinin İkinci Dünya müharibəsi zamanı lend-liz qanununa bənzər maddi resurslarla təmin edilməsi ilə bağlı ABŞ Konqresinin aktı – Red.) silahlar payıza yaxın bizə gələcək.

Silahlar bizə indi lazım olsa da, ümid edirik ki, əvvəl-axır Ukraynaya çatacaq. Qərbdən irimiqyaslı iqtisadi və hərbi yardım olmasa, problemləri, o cümlədən hərbi komponenti həll etmək bizim üçün çətin olacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın