YALAN.info Qarabağ Nə üçün “Human Rights Watch” Qarabağ müharibəsi faktlarını gizlədir?

Nə üçün “Human Rights Watch” Qarabağ müharibəsi faktlarını gizlədir?

29
0
Human Rights Watch
Human Rights Watch

Dünyanın bir sıra ölkələrinin, habelə beynəlxalq qurumlarının ikili standartları Yer üzündə hələ də mövcud olan, davam edən, dondurulmuş münaqişələrin ortaya çıxmasına, obyektiv həll edilməməsinə, habelə yeni-yeni münaqişə konfliktlərinin yaranmasına rəvac verir. Bir sıra hallarda təcavüzkarla təcavüzə məruz qalanlar arasında bərabərlik işarəsinin qoyulması, regional konfliktlərə şəxsi maraqlardan, subyektiv mənafelərdən, ambisiyalardan yanaşılması “Human Rights Watch” (HRW) qurumunun fəaliyyətində də özünü açıq aydın büruzə verir. 

“Report” informasiya agentliyinin məlumatına görə, bunu qurumun 2021-ci il üzrə hesabatında açıq-aydın görmək olar. Qurumun 2021-ci il üzrə hesabatında iddia edilir ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb.

Belə çıxır ki, dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edən, hüquqların məhdudlaşdırılmasını stimullaşdıran amilləri dəyərləndirən hesabat müəllifləri ikinci Qarabağ müharibəsinin Ermənistan deyil, Azərbaycan torpaqlarında aparıldığını, işğaldan azad edilən ərazilərdə bir zamanlar Ermənistanın məskunlaşma siyasəti yürütdüyünü, həmin torpaqlardakı məltəblərin də qanunsuz tikildiyini görməzlikdən gəliblər.

Hesabatda Azərbaycanla Ermənistana bərabər şəkildə – 7 səhifəlik həcmlik yerin ayrılması təcavüzkarın gizlədilməsi məqsədindən başqa bir şey deyil.

“Human Rights Watch” qurumunun günahı yalnız Azərbaycanda görən “ekspertlər”i ən böyük xətanı “Altı günlük müharibəsinin doğurduğu nəticələr” bölümündə törədiblər. Dünyaya obyektivlikdən, insan haqlarının müdafiəsi ilə bağlı “mühazirə” keçməyə çalışan ekspertlər müharibənin və onun təbii fəsadları olan dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa can atıblar.

Belə çıxır ki, 102 ölkədə “hər şeydən xəbərdar olan” “ekspertlər” ya Qarabağın hansı ölkəyə məxsus olduğunu “unudublar”, ya da məqsədli şəkildə “zavallı” Ermənistanın yanında yer alıblar. Hər halda bu məsələdə ikinci variant daha məntiqli və ağlabatan görünür.

Daim obyektivlikdən, insan haqlarının qorunmasının zəruriliyindən danışan hesabat müəlliflərinin Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışmaları “Human Rights Watch” qurumunun tez-tez dünyada bəyan etdiyi ədalətlilik prinsipinin əsl mahiyyətini ortaya qoyur.

“Human Rights Watch” Azərbaycan silahlı qüvvələrini “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğu üçün” qınayır, ancaq on illiklərdir erməni vəhşiliyi, terroru ilə üzləşən azərbaycanlıların çəkdikləri müsibətlərin, eləcə də ikinci Qarabağ müharibəsində Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdə mülki şəxlərin Ermənistan silahlı qüvvələrinin atəşə tutulması nəticəsində həlak olması faktının üstündən sükutla keçir.

Sadalanan faktlara göz yuman hesabat müəllifləri azərbaycanlıları “..erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..” ittiham ediblər.

Nədənsə beynəlxalq qurumların Ermənistanla bağlı qətnamələrinə göz yuman hesabat müəllifləri ancaq həmin qurumların Azərbaycanla bağlı bir sıra çağırışlarında “gözləri açılıb”. Elə təsvir verilib ki, guya bu qətnamələrin, bəyanatların hər biri Azərbaycana qarşı olub. Əslində həmin bəyanatlar anti-Azərbaycan xarakterli olmayıb. Əksinə, hər iki ölkəyə-həm Azərbaycana, həm də Ermənistana-ünvanlanıb.

Hesabatdakı “faktlar”la, “statistik”a ilə tanış olan, bölgədə baş verənlərdən xəbərsiz olan hansısa üçüncü ölkənin vətəndaşlarında Qarabağın reallıqda kimə məxsus olması barədə haqlı suallar ortaya çıxa bilər. Belə isə “Human Rights Watch”ın obyektivlikdən danışıb obyektivlikdən uzaq olan “ekspertlər”inin məqsədi nədir?

Cavab bilinir: Beynəlxalq itimaiyyəti çaşdırmaq, Azərbaycanla Ermənistan, təcavüzdən zərər çəkənlə təcavüzkar arasında bərabərlik işarəsi qoyumaq. Hesabatda sanki ermənilərin öz evlərində oturub əmin-amanlıq içində yaşamaları, sülh istədikləri, Azərbaycanın isə 44 günlük müharibə zamanı təcavüz edərək “sülhpərvər”lərin hüquqlarını pozmaları vurğulanıb.

Hesabat müəllifləri müəyyən anlamda haqlıdırlar. Ermənilər doğrudan da əmin-amanlıq, sülh içində yaşamaq istəyirdilər, ancaq bunu Azərbaycan ərazisini işğal etməklə nail olmağa çalışırdılar. Elə “Human Rights Watch” qurumu kimi Azərbaycanla Ermənistanı eyniləşdirən başqa beynəlxalq qurumların onilliklərdir bitib-tükənməyən vasitəçilik missiyalarını, mənasız danışıqlarını süni şəkildə uzatmaq da rəsmi Yerevanın bu missiyasına qulluq edirdi.

“Human Rights Watch” hesabatında nədənsə beynəlxalq qurumların Ermənistanı təcavüzkar adlandıran qətnamələrinin üzərindən sükutla keçir, özünü BMT-nin Ermənistanı işğalçı adlandıran 4 qətnaməsindən xəbərsiz kimi qələmə verir.

Qeyd edək ki, BBC-nin hələ 2020-ci ilin oktyabrındakı məqaləsində “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Human Rights Watch” və “Amnesty International” qurumlarını Azərbaycana dəvət etməsi xəbər verilib. Bundan sonra HRW ekspertləri Azərbaycana gəliblər.

44 günlük müharibənin gedişatı, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd hərəkətləri ilə bağlı araşdırma aparıblar. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb.

“Human Rights Watch” qurumunun həmin məruzəsində qeyd edilib ki, “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qanunsuz olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər.

Ancaq “Human Rights Watch” əks etdirdiyi faktları bugünlərdə yayımladığı ümumi illik hesabatına salmayıb. Məqsəd aydındır: Müharibədən azacıq sonrakı dövrdə qeydə alınan faktlar sonuncu hesabatdakı “faktlar”ı tamamilə təkzib edir.

Bütün bunlar onu göstərir ki, hesabatda Azərbaycanın əleyhinə verilmiş “arqumentlər” saxta, bəlkə də sifarişlidir. Bir sözlə, özünü insan hüquqlarının, ədalətin “carçısı” kimi qələmə verməyə çalışan “Human Rights Watch” qurumunun qərəzli hesabatının Azərbaycanla bağlı hissəsi ölkəmizi məqsədli şəkildə hədəf seçib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın