Qazaxıstanın hüquq-mühafizə orqanları Almatı şəhərində baş verən iğtişaşlardan sonra 249 nəfəri həbs edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı bazar günü keçirdiyi brifinqdə Almatı şəhərinin prokuroru Berik Juyriktaev bildirib.

“İndi hüquq-mühafizə orqanları 405 cinayət işi üzrə araşdırma aparır. Məhkəmənin sanksiyası ilə 249 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib”, – deyə o, istintaqın aparılması üçün xüsusi idarələrarası istintaq qrupunun yaradıldığını bildirib.

Almatıda iğtişaşlarda 149 mülki vətəndaş və 11 təhlükəsizlik işçisi ölüb

Almatı şəhər polisinin yaydığı məlumata görə, toplam 160 nəfər həyatını itirib. Onlardan 149 mülki vətəndaş və 11 nəfər isə təhlükəsizlik işçisi olub.

Şəhərin Polis İdarəsinin rəisi Kanat Taimerdenovun sözlərinə görə, yanvarın əvvəlində Almatıda baş verən iğtişaşların iştirakçıları 1,3 mindən çox silah oğurlayıblar. “İğtişaşçılar 1 347 silah oğurladılar”, o, televiziyaya açıqlamasında deyib.

Almatıda iğtişaşlar günlərində cinayətkarlar şəhərin meyitxanalarına yeddi hücum həyata keçirib, oradan 40-dan çox cəsədi oğurlayıblar, – şəhər polis idarəsinin rəisi əlavə edib. “Ölüləri saxlamadılar, yaralıları da özləri ilə apardılar, bu günlərdə morqlara 7 hücum oldu, 41 ölü oğurlandı”, – o bildirib.

Almatı şəhərində antiterror əməliyyatında 2,6 min nəfər saxlanılıb

Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və başqa cinayətlərdə iştirak etdiklərinə görə 2 601 nəfəri saxlayıblar. Onu da yada salaq ki, yanvarın 15-də 2 402 nəfərin saxlanıldığı bildirilirdi.

“Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz əməllərin, talanların və digər cinayətlərin ümumilikdə 2 601 iştirakçısı saxlanılıb. Ümumilikdə 127 odlu silah və 4 077 döyüş sursatı götürülüb”, – şəhər komendaturasının mətbuat xidməti məlumat yayıb.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlar bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlara başlayıb. Toqquşmalar zamanı minlərlə insan yaralanıb.

Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, artıq bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın