Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Onun atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinifə qədər təhsil aldı. Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəb daxil olmuşdur. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir.

Anası onu həkim görmək istədiyindən, Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləmişdir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilmişdi.

Jurnalist fəaliyyəti

1990-cı il 20 Yanvar hadisələri zamanı, Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə yetinmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycanla bağlı gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar “215 kl” studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında özəl reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Qarabağ müharibəsində iştirakı

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələsi kimi yadda qalmışdır.

Xocalı Soyqırımı

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı olaylarının görüntülərini lentə alması mümkün olmuşdu.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya uğradı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı Soyqırımı haqqında ilk film idi.

Ölümü

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin duruma baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.

2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

“Bircə onu deyim, Çingiz Mustafayev heçnədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, “rekaşetlə” dəyib.”

1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında basdırılıb.

Özəl həyatı

Evli idi, Fuad adlı oğlu var. ANS Şirkətlər Qqrupu MMC-nin prezidenti Vahid Mustafayev və ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır. Teletənqidçi Elşad Quliyev Mustafayevi “Görüş yerini dəyişmək olmaz” filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:

“Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası – Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi.”

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Çingiz Mustafayev (Azərbaycanın Milli Qəhrəmanı)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın