Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub.

YALAN.info bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının Prezidentinə raport verib, ardınca Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamladı. Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçdi. Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Dövlət başçıları rəsmi foto çəkdirdilər.

İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha Azərbaycana xoş gəlmisiniz. Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa Birliyi-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük.

İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir.

Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin önəmli olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, – informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyata qədər, – doğurdan da çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir.

Həmçinin Avropa Birliyi-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa Birliyi ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik.

Həmçinin biz regional durumu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var.

Bir daha xoş gəlmisiniz və Azərbaycana səfər etdiyiniz üçün Sizə təşəkkür edirik.

Litva Prezidenti Gitanas Nauseda dedi:

– Təşəkkür edirəm, cənab Prezident. Siz bizim müzakirə etmək imkanımızın olduğu məsələləri artıq qeyd etdiniz. Onların arasında regionda təhlükəsizliklə bağlı vəziyyət və ümumilikdə bir çox sahələrdə əməkdaşlığımız və iqtisadi əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən nazir müavinlərindən ibarət nümayəndə heyəti, iqtisadiyyat, nəqliyyat, təhsil, kənd təsərrüfatı nazirlərinin müavinləri mənimlə birlikdədirlər.

Biz artıq çox ümidverici ola biləcək sahələri müzakirə etdik, özəlliklə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq. Mən artıq Azərbaycandan idxalın bir neçə dəfə artdığının şahidi oldum. Əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil. İstənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir.

Mən Litva üçün önəmi getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Litva ənənəvi olaraq ərzaq məhsullarının ixracında çox güclü olub. İxracımızın ən böyük hissəsi Avropa İttifaqı bazarının payına düşür. Bilirsiniz ki, Avropa İttifaqı bazarının tələbləri çox yüksəkdir.

İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın