“Növbəti raunda keçmək istəyiriksə, son zərbələr zamanı daha dəqiq olmalıyıq”.

YALAN.info bildirir ki, “Report”un məlumatına görə, bunu “Gent” klubunun baş məşqçisi Heyn Vanhazebruk Belçikada “Qarabağ” FK-ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, Bakıdakı ilk oyunda çərçivəyə dəqiq zərbələri olmayıb: “Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı olmalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. “Qarabağ”a bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik”.

O, cavab görüşündə işlərinin çətin olacağını etiraf edib: “Qarabağ” son çempionat qarşılaşmasında bizə qarşı oynamış 11 futbolçudan 9-na istirahət vermişdi. Biz isə indi bunu edə bilmirik. Bu, ağır zədə yükü ilə bağlıdır. Üstəlik, çoxdandır komandanın effektivliyi yoxdur. İki komandanın statistikasını qarşılaşdırsaq, bu, daha aydın görünər”.

Belçikalı baş məşqçi azarkeşləri stadiona gəlməyə səsləyib: “Qarabağ”ı keçsək, daha tanınmış komandalarla qarşılaşa bilərik. Qarşıda duran vəzifə çətindir, ancaq mümkünsüz deyil. Bu raundu adlayıb püşkatmada münasib rəqiblə düşsək, 1/4 finala da yüksələ bilərik. Kim bilir, daha sonra nələr olacaq. Çətin anlarda komandaya dəstək olmaq çox önəmlidir. Bu qələbə həm 600 000 avro gəlir, həm də prestij deməkdir”.

Vanhazebruk zədəli futbolçuların durumuna da toxunub: “Həmin futbolçuların durumu yaxşıdır. Ancaq bu, onların hamısının oynaya biləcəyi demək deyil. Ümid edirik ki, Alessio Kastro-Montesi oyunadək tam bərpa olunacaq. Bu gün qismən məşq edib. Cozef Okumu hazırlıqda yer aldı, ancaq təkrar müayinədən keçməlidir. Endryü Hülsager ümumiyyətlə məşqə qatılmadı. Odur ki, cavab oyununda oynamayacaq. Qalan futbolçular isə hələ də reabilitasiya mərhələsindədirlər. Start heyətində təxminən son çempionat qarşılaşmasındakı futbolçular olacaq. Ancaq bu dəfə Avropada kifayət qədər oyunçumuz olduğu təəssüratını yaratmaq üçün heyətə bir neçə gənc futbolçu cəlb etmişik (gülür).

Yada salaq ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Fevralın 23-də “Gelamko Arena”da keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qarabağ 1:0 Gent | UEFA Avropa Konfrans Liqası, pley-off | İCMAL

“Gent”in Belçikada “Qarabağ”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün iştirak ərizəsi açıqlanıb. Klubun rəsmi saytındakı məlumata görə, baş məşqçi Heyn Vanhazebrukun sərəncamında 24 futbolçu olacaq. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

Qapıçılar: 1.Pol Nardi (Fransa), 33.Deyvi Rof, 26. Luis Fortin

Müdafiəçilər: 2.Cozef Okumu (Keniya), 5.Mişel Nqadye-Nqacui (Kamerun), 15. Bram Laqae, 23.Cordan Torunariqa (Almaniya), 25.Nurio Fortuna (Portuqaliya), 31.Bruno Qodo, 35. Sederik van Dale

Yarımmüdafiəçilər: 7.Xönseok Xon (Cənubi Koreya), 12. Noa de Ridder, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 22.Seleyman Marre (Qambiya), 24.Sven Kums, 27. Rune van den Berq, 28. Robbi van Hater

Hücumçular: 10.Yens Petter Hauge (Norveç), 11.Uqo Kuypers, 19.Malik Fofana, 20. Gift Orban, 29.Loran Depuatr, 39. Matias Fernandes

“Gent”in futbolçusu: “Qarabağ”ın sol cinahı özəlliklə təhlükəlidir”

“Gent”in futbolçusu Jülyen De Sart Belçikada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib: “Qarabağ” hücum keyfiyyətləri yüksək olan komandadır. Rəqibin sol cinahı özəlliklə təhlükəlidir”.

29 yaşlı yarımmüdafiəçi “köhlən atlar”ın Avropa Liqası səviyyəsində komanda olduğunu bildirib: “Bunu cari mövsümdə artıq sübut ediblər. Ehtiyatlı olmalıyıq. Oyunu səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu avrokubok oyunu olacaq. Ona görə də meydanda hər şeyimi verməyə həvəsliyəm”.

Qurban Qurbanov: “Cavab matçında daha çox güc sərf etməli olacağıq”

“Cavab oyununda daha çox güc sərf etməli olacağıq”, – “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Belçikada “Gent”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis önəmli görüşə ciddi hazırlaşdıqlarını bildirib: “Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk qarşılaşmadan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım oyuna hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik”.

O, Marko Yankoviçin zədələnməsinə üzüldüyünü söyləyib: “Təkcə oyunumuza yox, həm də özünə görə məyus oldum. Çox yaxşı vəziyyətdə idi. Öncəki formasını yenicə bərpa etmişdi. İkinci dəfə zədələnməsinə üzüldüm. Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik”.

Qurbanov avrokubok oyunları zamanı əksər səfərlərinin uzun olduğunu vurğulayıb: “Ona görə də çox vaxt 2 gün öncə gəlirik. Dünən 9 saat yolda olmuşuq”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, hər bir oyun onun üçün yeni təcrübədir: “Son vaxtlar futbolçuları motivasiya etmək heç də çətin deyil. Çünki çox təcrübə toplayıblar. Məni rahatsız edən əsas məqam komandanın istədiyim formanı yığa bilməməsidir. Hələlik istədiyim dinamikanı görə bilmirəm. Ancaq oyundan-oyuna daha yaxşı çıxış edirik. Şansımızdan maksimum yararlanmalıyıq. Bəzən oyunçularla müəllim-şagird kimi söhbətlərimiz olur. Bəzi futbolçularla dost kimi çox açıq şəkildə danışırıq. Rəqibdən və oyunun önəmindən asılı olaraq fərqli yanaşma ola bilər. Komandama inanıram. Fikirlərimi məsuliyyət və diqqətlə qəbul edirlər. Ancaq hərdən bəzi məsələlərə göz yumuram. Mənim üçün önəmli olan onların meydandakı işidir”.

O, “Gent”in baş məşqçisi Heyn Vanhazebruka qarşı oynamağın xoş olduğunu əlavə edib: “Özünəməxsus fəlsəfəsi var. Futbolda fərqli sistemlər var. Əsas olan onun icrasıdır. “Gent”in oyunlarını diqqətlə incələdikdə hər epizodda diqqətli oynadığını görürük. Bu komandanı analiz etmək asan, onlara qarşı oynamaq isə çətindir. Bizə verdiyi dəyərə görə Vanhazebruka təşəkkür edirəm”.

Qurbanov deyib ki, Konfrans Liqasının finalında oynamaq ən böyük arzularından biridir: “Ancaq hər şeyə real baxmaq lazımdır. Həyatda kənardan baxıb fikir bildirməkdən asan heç nə yoxdur. İstənilən fikrə hörmətlə yanaşıram. Futbolçularımın nə qədər əziyyət çəkdiyini mən görmüşəm. Hərdən elə fikirlər olur ki, sanki rəqib mərhələ adlamaq istəmir, biz artıq növbəti raunda çıxmışıq. Düzdür, bunlar oyunçuların məsuliyyətini azaltmır, onları arxayınlaşdırmır. Sadəcə, qarşımızdakı komandaların kiçildilməsinə üzülürlər.

Hər bir avrokubok oyunu bizim üçün təcrübədir. Futbolçularım ilboyu bu stresi yaşayır, çətin oyunlara çıxırlar. Bu, oyunçunun sabit qalması üçün böyük köməkdir. Ancaq filan komandanı mütləq keçməliyik kimi bir şey yoxdur. Futbol düşündüyümüzdən dəfələrlə sürətli inkişaf edir. Bizim bu yeniliklərlə ayaqlaşmağımız çox çətin olur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın