İrəvan xarici siyasət strategiyasında yenilik edərək Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyirsə, mövcud şərtlərə əməl etməlidir.
 
Ermənistan Türkiyə ilə əlaqələrin normallaşması ilə bağlı niyyətini bəyan edib. İrəvan rəsmiləri bununla bağlı Rusiyadan vasitəçilik etməyi də xahiş edib. Ancaq məsələ burasındadır ki, Türkiyə hələ 90-cı illərdə Ermənistanla əlaqələrin qurulması üçün şərtlərini irəli sürüb. Bəs görəsən bu şərtlər yerinə yetirilməyənə qədər Türkiyə-Ermənistan əlaqələri normallaşa bilərmi?

“ABŞ və Avropa buna səy göstərir”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Ermənistanın blokadadan çıxarılması ölkə xarici siyasətinin əsas prioritetlərindən biridir: “Özəlliklə, Türkiyə ilə münasibətlərin normallaşması və iqtisadi əlaqələrin bərpası Ermənistan üçün əhəmiyyətlidir. Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən müharibəsi bu istiqamətdə yeni imkanlar açıb. Artıq məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə bu məsələlərin həlli ilə bağlı ismarıc verib. Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın iqtisadi çətinliklərinin aradan qaldırılmasına müsbət təsir göstərəcək amil kimi nəzərdən keçirilir.

Rəsmi Ankara isə daha əvvəl birmənalı şəkildə bildirib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycanın ərazi bütövlü və suverenliyinin rəsmi İrəvan tərəfindən tanınması, ermənilərin ərazi, qondarma “soyqırımı” iddialarından əl çəkməsindən, sülh sazişini imzalamasından sonra reallaşa bilər. ABŞ və Avropa ölkələri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün səy göstərirlər ki, bu da Ermənistanda Rusiya təsirini məhdudlaşdıracaq amil kimi də nəzərdən keçirilir”.

“Manevr imkanları saxlamayıb”

Politoloq qeyd edib ki, Ermənistan bu məsələdə yalnız iqtisadi maraqları önə çəkərək Ankaranın digər şərtlərdən geri çəkilməsini, yaxud əlaqələrin mərhələ-mərhələ normallaşdırılması siyasətinə üstünlük verməsinə çalışır: “Lakin 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqlar bu istiqamətdə Ermənistan üçün manevr imkanları saxlamayıb. Eyni zamanda hazırda Ermənistan xarici siyasəti Rusiyanın mövqeyindən asılıdır və Türkiyə ilə münasibətləri Moskvanın maraqları ilə uzlaşdırmaq məcburiyyətindədir.

Azərbaycan da Türkiyə kimi Ankara- İrəvan münasibətlərinin normallaşması üçün ərazi bütövlüyü və suverenliyinin rəsmi İrəvan tərəfindən tanınması, ərazi iddialarından əl çəkilməsi, sülh sazişi imzalanması, regionda kommunikasiyaların açılması şərtlərinə əməl edilməsini irəli sürür. Bu məsələlərdə Bakı və Ankara eyni mövqedən çıxış edirlər”.

“Ermənistan müsbət addımlar atarsa…”

Z.İbrahimli istisna etmir ki, Ankara və Bakı Rusiya amilini də nəzərə alaraq, Ermənistanın ardıcıl olaraq müsbət addımlar atması nəticəsində münasibətlərin mərhələ-mərhələ normallaşması ilə bağlı müzakirələrin başlamasına razılıq verə bilər: “Azərbaycan ərazi bütövlüyü və suverenliyinin rəsmi İrəvan tərəfindən tanınması, ərazi iddialarından əl çəkilməsi, sülh sazişi imzalanması, regionda kommunikasiyaların açılması şərtlərinə əməl edilməsi müqabilində Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında maraqlıdır. Bu, Azərbaycanın bütün Cənubi Qafqaz regionunda daha sıx inteqrasiya və əməkdaşlıq imkanlarının yaranması siyasətinə cavab verir.

“Şərtdə müəyyən dəyişiklik olub”

Politoloq Samir Hümbətov bildirdi ki, Türkiyənin şərti bu günün şərti deyil, lap əvvəldən qoyulub: “Artıq zamana görə şərtdə müəyyən dəyişiklik olub. Azərbaycan torpaqları işğal altında olanda rəsmi Ankara deyirdi ki, əraziləri işğaldan azad edin,  Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkin, uydurma soyqırımı məsələsindən uzaq durun. Yəni Türkiyə açıq şəkildə bildirir ki, soyqırımı iddiasından əl çəkin və biz Ermənistanla münasibətləri normallaşdıraq.

Artıq 44 günlük Vətən müharibəsindən sonra vəziyyət dəyişdi və ortaya yeni bir sənəd çıxdı. Bu sənəd üçtərəfli birgə razılaşma oldu. Həmin sənəddə həm də Zəngəzur dəhlizinin açılması məsələsi yer aldı. Və Türkiyədə bəyan etdi ki, Zəngəzur dənizi ilə bağlı problem  həllini tapmalıdır. Yəni bu məsələ ilə bağlı Ermənistan real addımlar atmalıdır”.

“Ermənistan özünü suveren dövlət hesab edirsə…”

Politoloqun sözlərinə görə, əgər Ermənistan tərəfi həqiqətən də atdığı addımlarda səmimi olsa, birbaşa Ankara ilə əlaqə qura bilər: “Ermənistan özünü suveren dövlət hesab edirsə, onun xarici siyasət strategiyası müstəqildirsə, Türkiyə ilə münasibətlər qurmaq üçün heç bir maneə qalmır. Amma bunu Rusiya üzərindən etməklə, əslində Paşinyan bir daha Kremli pis vəziyyətdə qoymağa çalışır. Çünki Paşinyan Rusiyadan xahiş edir ki, siz deyin, bizimlə əlaqələr normallaşdırılsın. Yəni dolayı şəkildə Rusiyanın boynuna da bir şərt qoyur. Üstəlik, məsuliyyəti öz üzərindən atmağa çalışır”.

“İndiki vəziyyətdə bu, inandırıcı deyil”

S.Hümbətov vurğuladı ki, Türkiyə mövcud şərtlərini irəli sürüb: “Hesab edirəm ki, Ermənistan həqiqətən də xarici siyasət strategiyasında yenilik edib Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyirsə, mövcud şərtlərə əməl etməlidir. Belə olduğu halda, Ermənistan konkret olaraq Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasından və qondarma soyqırımı siyasətindən əl çəkməlidir. Üstəlik də, Zəngəzur dəhlizinin açılmasına razılıq verilməlidir.

Bunlar Ermənistanın qarşısındakı konkret şərtlərdir. Hesab edirəm ki, bu dəqiqə Ermənistanın, konkret olaraq Paşinyanın bu şərtləri yerinə yetirəcək gücü və imkanı yoxdur. Ona görə də, düşünmürəm ki, yaxın vaxtlarda bu şərtlərdən heç olmasa bəzilərini icra edib əlaqələri normallaşdırmaq mümkün olsun. Gələcəkdə Türkiyə-Ermənistan əlaqələri yaxşılaşa bilər, amma indiki vəziyyətdə bu, o qədər də inandırıcı deyil”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın