Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 30-da Fransa tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan “persona non grata” elan edilmiş Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları ilə görüşüb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respiblikası Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, nazir səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib. Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib.

İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu vurğulanıb. Ceyhun Bayramov səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib.

Yada salaq ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Bundan sonra gözlənildiyi kimi, Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edib. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın