Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Atlantika Alyansı (NATO) XİN rəhbərlərinin toplantısında çıxış edib.

YALAN.info bildirir ki, Çavuşoğlu ölkəsinin Finlandiya və İsveçin təşkilata qoşulması ilə bağlı mövqeyinə aydınlıq gətirib.

“Biz Türkiyə olaraq uzun müddətdir ki, NATO-nun açıq qapı siyasətini dəstəkləyirik. Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı mövqeyimizi aydın şəkildə bildirdik və səbəblərini də açıq şəkildə paylaşdıq. NATO-nun genişlənməsinə qarşı deyilik, ancaq terrora dəstəyi qəbul edə bilmərik”, – deyə nazir bəyan edib.

Narahatlıqlarının kifayət qədər haqlı olduğunu dilə gətirən Çavuşoğlu NATO-ya qoşulacaq ölkələrin Türkiyəyə qarşı ixrac icazələrinə məhdudiyyət qoymasının məqbul hal olmadığını vurğulayıb.

NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynadakı müharibəni, Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini dəyərləndirib.

Rusiyanın Ukraynadakı müharibəsinin Moskvanın planlaşdırdığı kimi getmədiyini deyən Stoltenberq Rusiya qüvvələrinin Xarkovdan çəkildiyini bildirib. Ukraynanın müharibədə qalib gələ biləcəyini vurğulayan NATO-nun baş katibi bu ölkəyə hərbi dəstəyin artırılmasını davam etdirməyə çağırıb.

Stoltenberq Türkiyə ilə bağlı açıqlamalar da verib. “Türkiyə önəmli müttəfiqdir. O, bəzi narahatlıqlarını dilə gətirib və həmişə olduğu kimi, əminəm ki, ortaq dil tapa biləcəyik. Çavuşoğlu ilə təmaslarımızı davam etdirəcəyik. Bütün müttəfiqlər NATO-nun açıq qapı siyasətini dəstəklədikləri üçün İsveç və Finlandiyanın alyansa qoşulmağa uyğun olması ilə razılaşırlar. NATO-ya qoşulmaq Finlandiya, İsveç və Avropa üçün tarixi bir an olacaq”, – deyə Stoltenbeq qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın