“Azərbaycan əsasən sonsuz və kimsəsiz səhralardan ibarətdir. Üç milyon əhalisi olan Bakıda isə Tanrı kimi yaşayırsan. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə UNESCO-nun mədəni irsi siyahısına salınıb”.

YALAN.info bildirir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi (Giovanni “Gianni” De Biasi) Bakıdakı həyat tərzi barədə İtaliyanın “Bresciaingol.com” saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, dəniz sahilində, demək olar bütünlüklə əcnəbilərin yaşadığı kompleksdə mənzili var: “Getdiyiniz yerdən asılı olmayaraq, hər zaman yollarda sıxlıq və tıxac olur. Burada hər cür mətbəxi olan restoranlar, italyan məhsulları satan supermarketlər var”.

Milli komandadakı işini də dəyərləndirən 66 yaşlı mütəxəssis 2016-cı ildə Avropa Çempionatının final mərhələsinə çıxardığı Albaniya yığmasındakı uğurunu təkrarlamaq istədiyini söyləyib: “Ancaq ortada müəyyən fərqlər var. O vaxt Albaniya millisinin demək olar ki, əksər üzvləri Avropada çıxış edirdi. İndi onlar daha böyük coğrafiyaya yayılıblar. İngiltərə, İspaniya və İtaliyada legioner həyatı yaşayırlar. Azərbaycan millisində isə toplam 5 legioner oyunçum var. Onlardan 3-ü Türkiyə, Portuqaliya və Almaniyada, 2-si isə Polşada çıxış edir”.

Yada salaq ki, keçən ay İtaliyanın “TMW Radio” radio-stansiyasının mikrafonlarına danışan baş məşqçi Canni De Byazi Azərbaycan millisini “xaraktersiz”və “qorxaq” adlandırmışdı: “Komanda ilə bağlı başqa problem də var: xarakter. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”.

Daha sonra verdiyi açıqlamasına aydınlıq gətirən İtaliyalı mütəxəssis heç vaxt rəhbərlik etdiyi komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətmədiyi bildirmişdi: “Ola bilər, hansısa texniki qüsur olub, ya da tərcümədə hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil”!

Onu da bildirək ki, AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov İtaliyalı baş məşqçi Canni De Byazinin Azərbaycan Milli Komandası ilə bağlı səsləndirdiyi fikirlərində təhqiredici heç nə görmədiyini deyib: “Təbii ki, baş məşqçi öz fikrini sərbəst ifadə bilər. Çox söhbətlər oldu, ancaq sonra səhv eləmirəmsə, italyan dilində deyilənlər təkzib edildi. Video yayımlandı, orada təhqiredici heç bir şey görmədik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın