Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək kişi boksçular arasında Avropa Çempionatı başa çatıb. 11 gün davam edən yarışın sonunda Azərbaycan milli komandası medal sayına görə ölkələrin siyahısında dördüncü olub.

YALAN.info bildirir ki, Avropa Çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medal sıralamasına görə qitə birinciliyində 4-cü yerə Bolqarıstan və Gürcüstanla şərikdir.

Toplam 20 ölkə Xorvatiyada medal qazana bilib. Onlardan isə cəmi 11-i çempionluq sevinci yaşayıb. Belə ki, siyahıda birinci yeri 5 medal (2 qızıl, 1 gümüş və 2 bürünc) qazanan İtaliya yığması tutub. İlk “üçlük”də Türkiyə (6 medal: 2 qızıl və 4 bürünc) və Ukrayna (6 medal: 1 qızıl, 3 gümüş və 2 bürünc) milliləri yer alıblar.

Azərbaycan millisi tarixi rekordunu təkrarladı

Nicat Hüseynov (U22 Avropa Çempionu)

Yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb. Bununla da milli komanda Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Yığma 10 il öncə Rusiyada keçirilən U22-lərin Avropa Çempionatında da 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı.

Finals (51kg) HUSEYNOV Nijat (AZE) vs KHASAIA Lekso (GEO) | EUBC U22 POREČ 2022

Azərbaycanın Avropa Çempionu qələbəsini şəhidlərə həsr edib

“Qələbəmi 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr edirəm”.

Nicat Hüseynov
Nicat Hüseynov

“Report” bildirir ki, bunu Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa Çempionu titulunu qazanan Nicat Hüseynov federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.

51 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa yollanmazdan öncə də hədəfinin çempionluq olduğunu bildirib: “Şükürlər olsun, bunu bacardım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Biz həmişə onlara borcluyuq. Ən böyük zəfəri onlar qazanıblar”.

Hüseynov ilk döyüşündə irlandiyalı Antonio Payva ilə üz-üzə gəldiyini yada salıb: “Rəqib bir az hissiyyatlı idi. Ancaq layiqli döyüşüb, ondan güclü olduğumu nümayiş etdirdim”.

Boksçu ən çətin görüşünün yarımfinala təsadüf etdiyini söyləyib: “Türkiyəli Mehmethan Çinarla görüşüm gərgin və ağır keçdi. Rinqə də bədən ağrısı ilə çıxmışdım. Öz üslubumda döyüşərək finala yüksəldim”.

Hüseynov finalda gürcüstanlı Lekso Xasaya üzərində qələbəsinin sirrini də açıqlayıb: “Finala çox yaxşı köklənmişdim, döyüşə həvəslə çıxdım. Görüş gərgin alınsa da, tezliklə üstünlüyü ələ aldım. Raundları xeyrimə bitirdim. Məqsədim qızıl medal qazanmaq idi və onu da götürüb, gəlirəm”.

Daha öncə dünya və Avropa birinciliklərinin bürünc medalını qazanan idmançı gələcək hədəflərini də açıqlayıb. Vüqar Ağalarovun yetirməsi olan Hüseynov bildirib ki, əsas arzusu Azərbaycan boks tarixinə olimpiya çempionu kimi düşməkdir: “Qatılacağım bütün yarışlarda Azərbaycan himnini səsləndirmək istəyirəm. Ən böyük arzum isə Paris-2024 Yay Olimpiya Oyunlarında çempion olub, ölkə boksunda tarix yazmaqdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın