Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununda səfərdə Şimali Makedoniyaya qarşı 3:1 hesablı qələbə qazanıb.

YALAN.info bildirir ki, bununla da Canni De Byazinin baş məşqçi olduğu yığma Skopyedəki “Todor Proeski Milli Arena”sında ardıcıl 5-ci qələbəsini qazanıb. 

Oyunda ilk təhlükəli vəziyyəti 5-ci dəqiqədə meydan sahibləri yaradıblar. Ancaq Elif Elmasın zərbəsində dəqiqlik çatmayıb. 10-cu dəqiqədə Musa Qurbanlının yaxın məsafədən sol ayaqla zərbəsi zəif alınıb. 15-ci dəqiqədə Ramil Şeydayevin sol cinahdan yerlə ötürməsinə Emin Mahmudov toxunsa da, müdafiəçi son anda topun qapıya getməsinə mane olub. 4 dəqiqədə sonra rəqib müdafiəçilər bu dəfə Musa Qurbanlının zərbəsini zərərsizləşdiriblər. 

25-ci dəqiqədə isə hesab açılıb. Aleksey İsayev kobud səhvdən sonra hücumçuya qarşı qayda pozuntusuna yol verib. Təyin olunan penaltini dəqiq yerinə yetirən Enis Bardi Şimali Makedoniyanı önə çıxarıb. Meydan sahiblərinin qol sevinci 13 dəqiqə çəkib. 38-ci dəqiqədə Elvin Cəfərquliyev düşünülmüş hücumu məntiqi sonluqla başa çatdırıb. 22 yaşlı müdafiəçi yığmadakı 8-ci oyununda ilk qolunu vurub.

43-cü dəqiqədə isə Mahmudovun ötürməsi zamanı avtoqol qeydə alına bilərdi. Ancaq son anda top qapının yanından keçib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dəqiqədə İlya Nestorovskinin yaxın məsafədən başla vurduğu top tirin üstündən keçib. Birinci hissə bu hesabla başa çatıb.

İkinci yarıya daha fəal başlayan Azərbaycan millisi 49-cu dəqiqədə 2-ci qola yaxın olub. Cəfərquqilyevin dubl etməsinə Damyen Şişkovski mane olub. 52-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Boban Nikolov ikinci sarı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən yığma 65-ci dəqiqədə Musa Qurbanlının qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu, 20 yaşlı hücumçunun millidə ilk qolu olub.

72-ci dəqiqədə Mahir Emrelinin zərbəsini Şişkovski çətinliklə küncdən çıxarıb. 75-ci dəqiqədə Höccət Haqverdi birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. 79-cu dəqiqədə Şimali Makedoniyadan Yani Atanasovun zərbəsi qapı tirinə tuş gəlib. 88-ci dəqiqədə Enis Bardinin zərbəsi tirdən qayıdıb. Oyunda son nöqtəni isə Şeydayev qoyub. O, 89-cu dəqiqədə Azər Salahlanın ötürdüyü topu başla qapıdan keçirib.

Şimali Makedoniya 1:3 Azərbaycan | Yoldaşlıq oyunu | İCMAL

Skopye. Todor Proeski Milli Arena 20 noyabr, 17:00.

Yoldaşlıq oyunu: Şimali Makedoniya-Azərbaycan – 1:3

Qollar: Enis Bardhi, 25 (pen.) – Elvin Cəfərquliyev, 38, Musa Qurbanlı, 65, Ramil Şeydayev, 89
Qırmızı vərəqə: Boban Nikolov, 52 – Höccət Haqverdi, 75
Baş hakim: Enea Yorgyi (Albaniya)

Şimali Makedoniya

22. Damyan Şişkovski, 5. Nikola Serafimov, 6. Visar Musliu, 3. Stefan Aşkovski, 13. Stefan Ristovski (k), 10. Enis Bardhi, 16. Boban Nikolov, 8. David Babunski, 24. Lyupço Doryev, 7. Elif Elmas, 23. İliya Nestorovski
Ehtiyat oyunçular: Stol Dimitriyevski, 12. Kristiyan Naumovski, 26. İqor Aleksovski, 2. Todor Todoroski, 4. Kire Ristevski, 9. Boyan Miovski, 11. Yani Atanasov, 14. Darko Velkovski, 15. Eqzon Beytulai, 17. Valon Ethemi, 18. Aqon Elezi, 19. Dorian Babunski, 20. Stefan Spirovski, 21. Martin Mirçevski, 25. Boyan Dimoski
Baş məşqçi: Blaqoya Milevski

Azərbaycan

12. Şahrudin Məhəmmədəliyev, 15. Bəxtiyar Həsənalızadə, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 19. Elvin Cəfərquliyev, 8. Emin Mahmudov (k), 20. Riçard Almeyda, 22. Aleksey İsayev, 11. Ramil Şeydayev, 21. Ozan Can Kökçü, 24. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 3. Azər Salahlı, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Ceyhun Nuriyev, 14. Anatoli Nuriyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 25. Rövlan Muradov, 26. Qismət Alıyev
Baş məşqçi: Canni de Byazi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın