2021-ci il oktyabr ayında təməli qoyulmuş Ağdam-Füzuli avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Verilən məlumata görə, uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.

İndi I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin yerinə yetirilməsi çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirilməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 380 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi davam edir.

Yolun ilk 32,4 km-lik hissəsində layihə çərçivəsində 9 ehtiyat keçidi, 16 suötürücü boruların tikinti işləri başa çatdırılıb. Bundan başqa bitki qatının çıxarılması 35,8 %, qazma işləri 9,5 %, torpaq yatağının tikintisi 21,9 % yerinə yetirilib. İndi bu hissədə nəqliyyat üçün bir alt keçidinin və bir piyada keçidinin tikintisi davam etdirilir. Layihənin 0-32,4 km hissəsi üzrə fiziki tərəqqi 8.64 % təşkil edir.

Yolun 32,4-64,8 km hissəsində torpaq işləri bitib. İndi hamarlayıcı qatın və əsasın alt qatının tikintisi aparılır. Layihənin sözügedən hissəsində 4 keçid və 11 kommunikasiya borusu, 25 müxtəlif diametrli suötürücü boru tikilib. Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 56 %, süni qurğular 50 %, yol geyimi 11,2 % olmaqla, toplam tikinti işləri 22 % icra olunub.

Yolun layihə üzrə nəzərdə tutulan 1, 6, 37 və 63-cü km hissələrində 4 avtomobil körpüsünün inşası aparılır. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi davam edir. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə gərəkli sayda güc toplanıb.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir.

Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın