“Avropa Birliyinin nəyin bahasına olursa-olsun Ermənistanda güclənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların bölgənin sülh yolu ilə inkişafına qayıtmaq səyləri kimi köklü maraqlarına zərbə vurmağa qadirdir”.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin Avropa Birliyinin (AB) Ermənistana iki il müddətinə göndərməyə hazırlaşdığı yeni mülki missiyası ilə bağlı bəyanatında deyilir.

“Yanvarın 3-də AB Şurası iki il müddətinə Ermənistanda Avropa Birliyinin yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. AB-nin mövcudluğunun konkret parametrləri yaxın gələcəkdə müəyyən ediləcək. Ancaq onun ötən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən AB-nin monitorinq mexanizmindən daha genişmiqyaslı olacağı artıq göz qabağındadır.

Rusiyanın Qafqaz regionunda qeyri-regional amilin konsolidasiyası ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə AB “ekspert”lərinin nəzarətindən heç bir “əlavə dəyər” görmürük. Əgər Brüssel səmimi qəlbdən Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiya işi şərtlərini Azərbaycanla razılaşdırardılar.

Ermənistanın sərhədyanı rayonlarında ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa Birliyi nümayəndələrinin peyda olması bölgəyə yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər. AB missiyasının bəyan edilmiş mülki mahiyyəti də yanıldan olmamalıdır – bütün sonrakı nəticələri ilə birlikdə AB-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində formalaşır”.

Rusiya xarici siyasət qurumundan əmin olduqlarını bildiriblər ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində xidmət edən rusiyalı sərhədçilərdir, onlar durumun “yerdə” inkişafını nəzərə alaraq AB müşahidəçilərinin davranışına reaksiya verəcəklər.

“Biz İrəvanda KTMT missiyası istiqamətində işi məntiqi sona çatdırmadan AB-nin xeyrinə seçim etməyi üstün tutduqlarını görürük. Əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər.

Əvvəl olduğu kimi, biz hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ümumiyyətlə, bölgədə durumun yaxşılaşdırılması üçün ən sabit və uzunmüddətli əsas Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ciddi və ardıcıl yerinə yetirilməsi, o cümlədən bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, ictimaiyyət, ekspert çevrələri və parlamentarilər arasında üçtərəfli əlaqələrin inkişafıdır. Rusiya Federasiyası buna hər cür kömək etməyə hazırdır”, – deyə Rusiya XİN-in bəyanatında bildirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın