“Ukraynada dinc əhalinin qətlə yetirilməsi soyqırım kimi tanınacaq”.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərindən azad olunmuş Kiyev vilayətinin Buça şəhərində olarkən deyib.

Kiyev vilayətinin Buça şəhərində çoxlu sayda dinc insanların qətlə yetirilməsi haqqında video-görüntülər yayılıb. Rəsmi Kiyev Buçadakı faciəvi hadisədə Rusiyanı günahlandırıb, qətliamın Buçadan geri çəkilən Rusiya ordusu tərəfindən törədildiyini açıqlayıb.

“Ətrafda gördükləriniz müharibə cinayətləridir və bu, dünya tərəfindən soyqırım kimi tanınacaq”, – Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Rusiya hərbçilərinin cinayətləri ilə bağlı çoxlu sübutlar var.

“İnsanların öldürüldüyü və işgəncələrə məruz qaldığı ilə bağlı bir milyon sübut var. Gəlin gözləyək, məhkəmə olacaq. Bacardığımız qədər açıq şəkildə təzyiq göstərəcəyik. Bütün cinayətkarları tapmaq üçün fasilə verməyəcəyik”, – Ukrayna dövlət başçısı vurğulayıb.

BBC müxbirinin “hələ də Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü düşünürsünüzmü” sualına Zelenski belə cavab verib: “Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.

Onu da bildirək ki, rəsmi Moskva Kiyevin Buça ilə bağlı iddialarını feyk adlandırıb. Kreml Buçada baş verənlərdə Rusiyanın əlinin olmasını qəti şəkildə rədd edib. Rusiya XİN başçısı Sergey Lavrov BMT baş katibinin müavini, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəhbəri Martin Qriffitslə görüşdə deyib: “Buçadakı təxribat Rusiya hərbçiləri oranı tərk etdikdən sonra törədilib”.

Ukrayna Prezidenti Volodimir Zelenski Buça şəhərinə gedib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın