Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Şuşanın Daşaltı kəndi yaxınlığında 2 nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu hər iki şəxsin meyitini minalı ərazidən götürülərək aidiyyəti üzrə təhvil verib.

ANAMA-dan verilən məlumatda bildirilir: “Şuşa şəhərinin Daşaltı kəndindən 1300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər – 1999-cu il doğumlu Xanatov Orxan Nazim oğlu və 1993-cu il doğumlu Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub.

ANAMA-nın İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsi məlumat üçün bildirir ki, partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.

ANAMA tərəfindən aparılmış ilkin araşdırmalara görə hadisə düşmənin basdırdığı mina partlayışı nəticəsində baş verib.

Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması (iki mina üst-üstə qoyulub – red.) daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip hadisələr bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.

ANAMA azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət edir ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, qarşılaşdıqları naməlum əşyalara toxunmasınlar”. 

Prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşüblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixdən indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın