“Sevgi məcburiyyətdən doğan bir şey deyil. Ona görə də roku heç kimə məcbur sevdirə bilmərəm. Musiqi strategiyanı da sevmir. Ancaq satış, marketinq lazımdır. Mənim səylərim daha keyfiyyətli musiqi və avadanlıq əldə etmək, daha yaxşı studiya qurmaq üçündür. Səs nə qədər keyfiyyətli olsa, qulağımız o qədər dincələr”.

Azərbaycan xalqı musiqi üstündə xəmiri yoğurulan xalqdır. Daxili dünyamızın qavrayışı o qədər zəngindir ki, bütün janrlarda musiqi dinləyir və anlayırıq. Bu anlamda rokun da qəlbimizdə özəl yeri var. Son dönəmlərdə ölkədə “AynaBand” rok qrupu çox məşhurdur.

YALAN.info “AynaBand” qrupunun yaradıcısı Elçin Əhmədovun “Kaspi” qəzetinə verdiyi müsahibəsini təqdim edir.

“Aynabənd evin günəş düşən hissəsidir”, deyir Elçin: “Ümid görürəm pəncərədən düşən o günəşdə. Biz də Azərbaycan rokuna bir ümid olmaq istəyirik. Ayna həm də güzgü mənasında işlənilir. Güzgü yalan danışmır. Doğruları ancaq güzgüyə baxıb görə bilirik. Biz də eyni zamanda insanların ürəyindəki musiqini görməyə çalışırıq güzgüylə. Elə adamlar var, xoşbəxtliyin çoxluğundan yorulub. Elə adamlar var heç bilmir xoşbəxtlik nədir. Biz onları musiqi ilə xoşbəxt etmək istəyirik”.

“Xalqımız daha çox qəmli musiqiyə meyillidir” 

Roka niyəsini dərk etmədiyi hislərlə başlayan Elçin deyir ki, indi suallarına strateji cavabları var: “Xalqımız daha çox qəmli musiqiyə meyillidir. Düşünürəm ki, bizə üsyankar musiqi də lazımdır. Bunu indiki düşüncəmə uyğun deyirəm. Baxın, bizim zibil atmaq, yol keçmək, valideyn kimi uşağı başa düşmək mədəniyyətimiz çox inkişaf etməyib. Valideyn beynində bir fiqur qurur və uşaqda onu canlandırmağa çalışır. Əlbəttə ki, hamısı belə deyil. Amma çoxluq budur. Bu problemlərlə mən də üzləşmişəm. Roku və ümumiyyətlə musiqini azadlıq əldə etmək üçün seçmişəm. Mənim üçün musiqi azadlıqdır”.

“Nəinki musiqi janrını, hətta geyim tərzini də dəyişdi”

Elçin qrupun yaranma tarixçəsindən də danışdı: “Asan hər bir şey mənim üçün maraqsızdır, çətinliyi sevirəm. Deyirlər nə var ki, çıxırlar mahnı ifa edirlər də. Amma 6 illik əziyyəti 6 saat da danışsam, bitirə bilmərəm. Mənim başladığım dövrdə Azərbaycanda rokun beşiyi sayılan Sumqayıt kimi bir yerdə musiqiçi çox, amma rok yox idi. “Aynaband” qrupunun yaranmasının səbəbi “Sirr” qrupunun solisti Oqtay Abdullayev, “Yuxu” qrupunun yaradıcısı və basisti İbrahim Emindir. Vokalistimiz Aslan Nuri on illik dostum, muğam ifaçısı idi. Ona bir neçə rok albomu verdim, dinlədi. Bu musiqilər ona elə təsir etdi ki, nəinki musiqi janrını, hətta geyim tərzini də dəyişdi. Sonra qardaşı da, Eltən də, Əli də bizə qoşuldular.

İlk vaxtlarda Sumqayıtda günorta saat 12-dən axşam sonuncu avtobus gedənə qədər məşq edirdik. Belə-belə qrupu necə yaradacağımı, necə davranacağımı öyrəndim. Çünki təcrübə qazanmışdım. Bir neçə dəfə qrup yığdım, dağıldı. Yenə sıfırdan başladım. Əlbəttə, bütün bunlar İbrahim müəllimin köməyi, dəstəyi sayəsində mümkün oldu. O, mənə mübariz olmağı öyrətdi. Əslində, istəyirəm ki, Azərbaycanı “Avroviziya”da təmsil edək. Bu da İbrahim müəllimin tövsiyəsidir. Bizim qrup bir ailədir. Burda hamının fikri önəmlidir. Nəyisə edəndə hamının razılığı ilə edirik”.

“Məqsədimiz roku sevdirməkdir”

“Məqsədimiz roku sevdirməkdir”, deyir musiqiçi: “Amma sevgi məcburiyyətdən doğan bir şey deyil. Ona görə də roku heç kimə məcbur sevdirə bilmərəm. Musiqi strategiyanı da sevmir. Amma satış, marketinq lazımdır. Mənim səylərim daha keyfiyyətli musiqi və avadanlıq əldə etmək, daha yaxşı studiya qurmaq üçündür. Səs nə qədər keyfiyyətli olsa, qulağımız o qədər dincələr. Bir də var musiqi seçimi. Bunu daha çox instinktiv edirəm. Əgər musiqi bağdırsa, məncə, yaxşı bağbanam. Çünki yaxşı meyvəni seçə bilirəm. Klassik mahnıları çox dinləyirəm. O musiqi, sözsüz, nələrisə yaşadır. Bəzən olur, görürsən ki, onu yeni versiyada da işləmək olar.

Məsələn, “Səndən mənə yar olmaz” mahnısının klassik versiyası zərif, bizim versiyamız isə onun sərt formasıdır. “O gözlər” mahnısına 3 milyondan çox baxış var. Açığı, bu qədərini gözləmirdik. Bu, bizi ruhlandırdı. Biz onu ev şəraitində studiyada yazmışdıq. Düzdür, sonradan işlədik düzəltdik, amma ilk versiyanın keyfiyyəti elə də yaxşı deyildi. Ümumiyyətlə, öncədən proqnoz vermək çətindir. Amma tamaşaçı kütləmizi tanıyırıq. Azdan-çoxdan nəsə təxmin edə bilirik”.

Mahnılara həm də söz yazan musiqiçi deyir ki, hər gün nəsə yazmaq olar: “Amma bir hissi sözə, musiqiyə çevirməkdən ötrü nələrisə yaşamalı, hansısa mərhələlərdən keçməliyəm. Mənə görə sevmək “səni sevirəm” demək deyil. Bunu demədən göstərməkdir. Təkcə elə sevgini sözə çevirmək üçün bir lüğət söz lazımdır”.  

Pantomimanı sevən ifaçı

Elçin həm də Pantomima Teatrını çox sevir: “Pantomimada söz yox, hərəkət var. Orda daha çox hiss öndə olur. Eynən rokdakı kimi. Bu hissləri sən özün içində sözə çevirirsən. Nənəm və babam həmişə baxışla, sözsüz danışıblar. Bəzən sözlər çox cılız qalır hisslərin qarşında. Bu iş hiss işidir deyə, mən pantomimanı sevirəm”.

“Ədaləti insanlarda yox, təbiətdə axtarıram” 

Elçin həm də həyatın ədalətli olduğuna inanır: “Əgər gecə də, gündüz də varsa, deməli, ədalət də var. Bu ölkədə dağ, dərə, çay, meşə, dəniz – hər şey var. Mən ədaləti insanlarda yox, təbiətdə axtarıram. Bu coğrafiya məni inandırıb ki, ədalət var. Gecədən də, gündüzdən də, aydan da, günəşdən də zövq alıram”.

“Mənfinin başına sığal çəkib ötürməyi bacarmalıyıq”

Elçin Azərbaycana müharibəsiz gələcək arzu edir: “Enerji enerjini çəkir. Ölüm-itim varsa, deməli, mənfilik var. İstəyirəm ki, insanlar əsl gülüşü tapsınlar. Hər bir ailəyə normal psixologiyada uşaq böyütməyi arzu edirəm. Normal psixologiyada olan insanlar daha yaxşı cəmiyyət deməkdir. Bəli, enerji həm mənfi, həm müsbətdir. Amma sanki bizim cəmiyyət mənfini daha çox sevir. Yəni mənfini qarşılayıb tez yola salmağı yoxdur. Necə ki, yaxşı bir şey olur, yaşayırsan, bitir, eləcə də mənfiliklər bitməlidir. Mənfi gəlibsə, onun da başına sığal çəkib ötürməyi bacarmaq lazımdır. Mən insanları sevirəm, dostlarımı sevirəm, yarımla, gitaramla vaxt keçirməyi sevirəm. Gitaram mənim ən böyük dərd ortağımdır. Amma bu o demək deyil ki, ona ancaq dərdimi tökürəm. Yox, ona xoş hisslərimi də verirəm”. 

AynaBand — Azadam (Rəsmi Audio)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın