Azərbaycanın Xalq Artisti Mələkxanım Eyyubovanın qızı, bloger Nəzrin Nəcəfova (Nez) Olay.az saytına müsahibə verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Nez “Novikov Café”dəki müsahibəsində özü və fəaliyyəti ilə bağlı sualları cavablandırıb.

– Bildiyim qədərilə, diplomunuzu müdafiə etməyinizə az qalıb, hansı hissləri keçirirsiz?

– Ay sonuna az qalıb. Həm yorucu, həm də həyəcanlı iş rejimim var. İnşallah, çox maraqlı və yüksək səviyyədə diplom müdafiəm olacaq.

– Rəssamlıq fəaliyyətiniz nə yerdədir?

– Hələ ki, rəssamlıq fəaliyyətimi dayandırmışam. Fərdi sərgi etməli idim. Pandemiya ilə bağlı bu arzumu həyata keçirə bilmədim. Yaxın gələcəkdə həm rəssamlığa davam edəcəyəm, həm də geyim brendimin fəaliyyətini bərpa edəcəyəm.

– Rifahınız, ailə durumunuz yaxşı olmasaydı, yenə Azərbaycanda azgəlirli bir sənət olan rəssamlığı seçərdiz?

– Əgər bir işə həvəs varsa, o maddiyyata baxmır. Yenə də bu sənəti seçərdim. Onsuz da bu işi düşünməmişdim ki, gəliri çox olacaq, qazanacağam. Sadəcə öz istedadımı bu işə olan sevgimə görə seçmişəm. Yenə də rəssamlığın arxasınca gedərdim.

– Eyni zamanda blogerliklə də məşğulsuz, ancaq elə bil həm blogersiz, həm də deyilsiz. Çünki qalmaqallarda filan yoxsuz, həmişə sakit seyr etməyi seçirsiz.

– Mən xasiyyətcə çox sakit insanam. Hər zaman qalmaqallardan, mübahisələrdən uzaq olmağa çalışmışam. Lakin bu sferada qalmaqal çoxdur. Mən uzaq gəzirəm. Ona görə həm blogerəm, həm də deyiləm (gülür).

– Sizcə, yerli blogerlərə yanaşma niyə birmənalı deyil? İnsanların çoxu bizim blogerlərə havayı yeyib gəzən kimi baxırlar…

– Məncə, cəmiyyətin müəyyən qismi blogerləri ciddi qəbul etmir. Xaricdə isə bu, bir sənətdir. Bizdə isə ciddi yanaşılmır. Bu çox yanlışdır.

– Bəs, blogerlər necə? Özləri işlərinə ciddi yanaşır?

– Bəzi blogerlər bütün həyatını və gününü bu işə sərf edir. Yeni işlər görür, maraqlı kontent yaradır. Bəziləri isə çox da ciddi yanaşmır. Məncə, elə onlar da iki yerə ayrılıblar.

– Ananız məşhur xanəndədir, eyni zamanda qohumlarınız – Ramal İsrafilov, Mirkamil Kamilov, ümumilikdə məşhurların əhatəsindəsiz, müsbət tərəfləri var, asan məşhurlaşırsız, medyatik olursuz, bəs sıxıntıları nələrdir?

– Onların haqqında bir qalmaqal olanda anamın da adı hallanır. Bu, bir az ailəmizi rahatsız edir ki, problem onundur, niyə adımız istifadə olunur. Bəlkə də düşünürlər ki, Mələkxanımın qohumlarıdır, ona görə onu da məsələyə daxil edək. Bir az sıxıntılı məsələ budur. Ancaq mənim üçün fəxrdir ki, belə gözəl, istedadlı qohumlarım var.

– Əvvəl gizlənirdiz. Necə oldu ki, evdəkiləri razı salıb blogerliyə başladız? Çünki atanız bildiyim qədərilə zəhmli bir adam, ananız da incəsənətdə olsa da, yenə də zəhmli bir xanım…

– Bizə ailədə qadağa olmayıb. Çünki elə böyümüşük ki, özümüz harda necə geyinmək lazımdır, necə hərəkət etmək lazımdır bilmişik. Onlar bizə çox inandıqları üçün qadağa qoymayıblar. Sadəcə məsləhət veriblər.

– Bizdə bir tendensiya var, analar nə qədər məşhur olsalar da, qızlarını bu mövzuda çərçivəyə salırlar, istəmirlər. Necə oldu ki, bu qəlibi qıra bildiz?

– Uşaq vaxtı Aybəniz Haşımovanın “Bülbüllər” qrupunda ifa etmişəm, Oqtay Zülfüqarovun xor ansamblında da olmuşam. Demək olar ki, musiqinin içində böyümüşəm. 4-5-ci sinifdə oxuyanda anam gördü ki, bu işə ciddi yanaşıram. Özü dedi ki, istəmirəm bu sənətdə olasan, çünki çox çətin işdir. Ona görə məni qrupdan çıxardı ki, dərslərimlə məşğul olum və texniki sahəyə yönəlim. Atam da həkim olmağımı istəyirdi.

Mən də bu sferadan uzaqlaşdım. Ancaq uşaq vaxtı məndən soruşurdular ki, böyüyəndə nə olacaqsan? Mən də müğənni olacağımı deyirdim. İndi də evdə oxuyuram. Amma səsim elə də yaxşı deyil. Olsa, ən azından YouTube-da video paylaşa bilərdim. Yenə də musiqinin içərisində idim, bütün gün şəkil çəkirdim. Atamın da gözəl rəssamlıq qabiliyyəti var. Onunla bərabər şəkillər çəkirdim.

O incəsənət ruhu həmişə yaşayırdı. Anam isə texniki sahədə işləyəcəyimi düşünürdü. Gördüm ki, məni incəsənət, rəssamlıq çəkir. Bu da elə bir sənətdir ki, göz önündə olmalısan, yoxsa irəli gedə bilməzsən. Anam deyir ki, insan nələr düşünür, ancaq həyat nələr gətirir. Deyir, mənim göz önündə olmağımı istəmirmiş, amma həyat elə gətirdi ki, mən də tanındım. Bunlar hamısı Allahın qismətidir. Atam da qabiliyyətimi, həvəsimi görəndən sonra razılaşdı.

– Şəxsi həyatınızla bağlı çıxan xəbərlər sizi rahatsız edir?

– Məni rahatsız edən saytlardakı başlıqlardır. Xəbərə daxil olursan, görürsən çox səliqəli gözəl xəbərdir. Ancaq başlığa baxıb təəccüblənirsən. İradım odur ki, reytinqə görə belə şeylər etməsinlər.

Şəxsi həyatımla bağlı çıxan xəbərlər əvvəllər məni çox rahatsız edirdi. Hətta depressiyaya düşürdüm. Sonra gördüm ki, tanınırsansa, bu xəbərlərin çıxması normaldır. Birinə deyəcəksən yayımlama, o biri edəcək. Ona görə normal yanaşıram, pis şərhləri oxumuram. Bu stressden azad oluram.

– Sizcə, nişan qaytarmaq, ya da sevgilidən ayrılmaq bir statusdur? Niyə bunu qeyd edirlər, özəl olaraq vurğulayırlar?

– O başlıqların elə yazılması düzgün deyil. Çünki hər kəsin başına gələ biləcək bir hadisədir. Qeyri-adi bir şey deyil ki, ajiotaj yaradıb başlıqda qeyd edirlər. Düşünmürlər ki, həmin insan o başlığı oxusa hansı hissləri keçirə bilər?

– Səndən başqa bir bacı və qardaşların var, onlarla yola gedirsən?

– Biz mehriban böyüyən uşaqlar olmuşuq. Təbii ki, kiçik davalar hər ailədə olur. İndi bir bacım, bir qardaşım ailəlidir. Biz kiçik qardaşımla bir evdə yaşayırıq. Onunla arada dalaşırıq, amma yola gedirik.

– Qardaşların bir bacı olaraq sənə qarışır? Paylaşımlar, geyim və sairə…

– Digər qardaşım Cəfər də bu sahədədir. Onunla məsləhətləşirik. Ancaq heç vaxt qadağası olmayıb ki, bunu paylaşma, ya da etmə. Yalnız məsləhət verir.

– Ananız necə sizə qadağa qoyur?

– Onunla məsləhətləşirəm. Deyir ki, bunu paylaşa bilərsən, o zaman paylaşıram (gülür).

– Sizi nələr xoşbəxt edir?

– Dadlı yemək, gözəl hava və sağlam olmağım.

– Bəs, nə kefinizi poza bilər?

– Xoşagəlməz söhbətlər əhvalımı həmin dəqiqə korlayır. Əslində, bu xasiyyətimi sevmirəm. Çünki tez ruhdan düşürəm. Ona görə stressdən uzaqlaşmağa çalışıram.

– Feministlərə münasibətiniz?

– Feministlərlə bağlı bəzi şeyləri eşidəndə deyirəm ki, bu dərəcədə olmaz. Mənə görə nə düzdürlər, nə də səhv. Bu mövzuya neytral yanaşıram. Təbii ki, haqlı olduğu məqamlar çoxdur.

– Azərbaycanda qadın azadlığı…

– Qadın, ya da kişi fərq etmir. Hər kəs öz işini qurmalı və özünü inkişaf etdirməyə çalışmalıdır. Sırf qadındır deyə kimsə onu dolandırsın və sairə kimi fikirlərlə razı deyiləm. Həmçinin, erkən yaşda evlənməyə də qarşıyam. İnsan özünü hazır hiss edəndə, ümumiyyətlə, psixoloji hazır olanda ailə qurmalıdır. Çünki kimsə kiminsə malı deyil.

“Anam müğənni olmağımı istəmədi” – Mələkxanımın qızı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın