Abbas Hüseynovun qolu ilə “Qarabağ” Futbol Klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda Qazaxıstanın “Kayrat” komandasını 2-1 məğlub edib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisi üçün heç də uğurlu alınmayıb. Görüşdəki ilk qolu qonaqlar vurub. 19-cu dəqiqədə Joze Kante penaltini dəqiq yerinə yetirib və qonaqlar fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
79-cu dəqiqədə Qurban Qurbanovun yetirmələri Ramil Şeydayevin vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun əsas vaxtına artırılmış 1-ci dəqiqədə isə Ağdam təmsilçisi hesabı öz xeyirinə dəyişib. Abbas Hüseynovun zərbəsi dəqiq alınıb və hesab 2:1-ə dəyişib.
Qarabağın müdafiəçisi Abbas Hüseynov qələbə qolunu vurduqdan sonra sevinə bilməyib və ağlamağa başlayıb.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında 26 yaşlı müdafiəçinin 2 gün öncə dünyasını dəyişmiş nənəsinə görə gözyaşlarını saxlaya bilmədiyini söyləyib.
Klub rəsmisi bildirib ki, Hüseynov qarşılaşmadan öncə fərqlənəcəyinə və qolu nənəsinə həsr edəcəyinə söz vermişdi.
Beləliklə, “Qarabağ” xalını 7-yə çatdırıb. Qrupun digər oyununda Kipr “Omoniya”sı İsveçrə “Bazel”inin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Konfrans Konfrans Liqası H qrupunun III turdan sonra turnir cədvəli
1 | Bazel | 3 | 2 | 1 | 0 | 7 | 3 | 7 |
2 | Qarabağ | 3 | 2 | 1 | 0 | 6 | 2 | 7 |
3 | Kayrat | 3 | 0 | 1 | 2 | 3 | 6 | 1 |
4 | Omoniya | 3 | 0 | 1 | 2 | 2 | 7 | 1 |