Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar.

YALAN.info bildirir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma şəhərdəki inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri ilə bağlı məlumat verdi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşadakı Şirin su hamamında aparılan bərpa işləri ilə tanış oldular. Prezidentin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, tarixi Şirin su hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri qədim mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam Şirin su hamamı adlandırılıb.

1986-cı ildə aparılan ölçü işlərindən sonra memar Ədalət Məmmədov tərəfindən hazırlanan layihə üzrə abidədə əsaslı bərpa-təmir işləri görülüb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə başqa bütün abidələrimiz kimi bu qədim hamam da ermənilər tərəfindən dağıdılıb.

Prezident və birinci xanım Şuşadakı inzibatibinada Şirin suhamamında bərpaişləri ilə tanışolublar

Prezident və birinci xanım Sadıqcanın Şuşadakı evinin bərpası işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.

Qeyd edək ki, 1846-cı ildə Şuşada anadan olan Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Sadıqcan, eyni zamanda, istedadlı bəstəkar idi. O, “Orta Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşada yeni tikiləcək məscid kompleksinin layihəsi barədə də məlumat verildi. Bildirildi ki, məscidin layihəsi üzrə işlər başa çatıb və inşaat işlərinə başlanılıb.

Məşhur tarzən Sadıqcanın Şuşadakı evinin bərpası işləri ilə tanışlıq

Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin indiki mərhələsi ilə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Şuşada Mehmandarovların malikanə kompleksində də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi yerinə yetirilir. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir.

Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb. Binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. İndi başqa bərpa işləri aparılır. Kompleksin həyətində bulağın bərpası sona çatıb, landşaft işlərinə hazırlıq görülür.

Şuşada Mehmandarovların malikanə kompleksində də bərpa işləri Heydər Əliyev Fondu tərəfindənaparılır

“Shusha Boutique Hotel”in yerləşəcəyi ərazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma burada aparılan təmir-bərpa işləri haqqında məlumat verdi.

Qeyd edildi ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.

Xatırladaq ki, işğaldan azad olunan kimi dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılan Şuşada qısa zamanda böyük quruculuq işləri görülüb. Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir.

Onu da bildirək ki, ötən ilin mayında Şuşada “Xarıbülbül” otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə “Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar

Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar. Təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlərlə bağlı məlumat verdi.

Fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından biri idi. Əvvəlcə 6 sinifdən ibarət olan və 159 şagirdi qəbul edən məktəbin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov, Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan Şuşinski kimi parlaq yetirmələri olub.

Qeyd edək ki, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan Şuşa Realnı Məktəbinin binasında sonradan bir sıra digər təhsil müəssisələri fəaliyyət göstərib. Şuşa şəhəri 1992-ci ilin mayında işğal edildikdən sonra bir çox tarixi yerlərlə bərabər bu məktəb də erməni vandalları tərəfindən yandırılaraq xarabazara çevrilib.

Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlıq

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın