Əgər insanı tanrı yaradıbsa, yerdə qalan hər şeyi çinlilər yaradıb. Ucsuz-bucaqsız çöllər, səhralar, səhrada başı buludlara çatan çinar ağacları. Çin məhz belə ölkədir. Daha doğrusu çinlilər belə xalqdır. Onlar səhralıqda çinar da əkir, bənövşə də yetişdirir. Saman sarısı qumların üstündən baş qaldıran bənövşələr təbiət hadisəsi yox, insan zəhmətinin çiçəklənməsidir.

Təbiət çinlilərə uca qamət, boy-buxun, xüsusi gözəllik verməyib. Onlar da bunun heyfini dünyadan çıxır. Binanın ən hündürünü, yolun ən uzununu, ən enlisini tikməklə, susuz səhralarda vadilər yaratmaq, məhz zibildən bəzək əşyası, hətta qida məhsulu düzəltməklə…

Sentyabrın 19-da Çinin Qansu əyalətində yerləşən Dunxuan şəhərində bu ölkənin “Jenmin Jibao” qəzetinin təşkilatçılığı ilə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu keçirilib. 140-dək ölkədən 260-dan artıq aparıcı KİV-in rəhbərləri və nümayəndələri, Çinin yüksək səviyyəli dövlət rəsmiləri , ekspertlər və beynəlxalq qurumların təmsilçiləri qatılıblar.

Toplantıda Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinin Asiya ölkələrinin iqtisadi həyatına təsiri, xalqlar bir-birinə yaxınlaşdırılması, mədəni və etnik müxtəlifliyin qorunması, əlaqələrin inkişaf etdirilməsi yolları araşdırılıb. Media nümayəndələri müasir mühitdə əməkdaşlığın yeni formaları, KİV–in rolu, müasir xəbər texnologiyalarından istifadə imkanlarıyla bağlı danışıqlar aparıb.

Bu məlumatı yazmaqda məqsədim odur ki, toplantını Çin təşkil edib. Toplantıya çağırış məktubunu da məhz Çin Respublikasının “Jenmin Jibao” qəzeti göndərib. Odur ki, bu geniş toplantıya qoşulmağıma görə işə yaramayan, gündə adı bir qalmaqalda, qırğında hallanan, pul bölmək üstündə əlbəyaxa olan diaspor qurumlarımıza çox sağ olun demirəm. Niyə? Çünki hələ də bizi ölkədən qıraqda tanıdan böyük və orta biznes adamlarımızdır. Dünya bizi hələ də alverçi, bazar işini bilən adam kimi tanımaqda davam edir.

Toplantıdakı yersiz ölkələr

“Bir yol – bir kəmər” lahiyəsinin önəmini anlayan bütün dövlətlər bu layihədə yer almağa çalışır. Azərbaycan lahiyədə yeni təkliflərlə çıxış edir. Azərbaycanın təklif etdiyi layihəyə isə Ermənistanın girə bilməyəcəyi danışıqların predmeti deyil. Çin isə çox güman ki, Azərbaycanın tərəflər üçün sərfəli təkliflərindən imtina etməyəcək. Ümumiyyətlə isə Ermənistanın adıçəkilən layihədə olması, iştirakçılığı formal xarakter daşıyır. Separatçı və işğalçı dövlətin ərazisində dünya səviyyəli işlərin həyata keçirilməsi qanunlara qarşıdır.

Yersiz ölkənin yersiz jurnalistləri

Foruma qoşulan erməni jurnalistlər etnik qruplaşma olmağın kompleksini sona qədər aşa bilmədilər. Yazıda adlarını çəkib şərəfləndirmək istəməzdim. Onlar sıxıntı içində, ürkək nəzərlərlə yanlara baxırdılar. Forum boyunca öz aralarında erməni dilində danışmadıqlarını yaxşı özəllikmiş kimi ətrafa elan etdilər. Nə deyək… O “dildə” danışmağa mən də utanardım.

“Jemin Jibao” cənnəti 

Bu kommunist ölkəsinin ən önəmli qəzeti “Jemin Jibao” sözün əsl anlamında cənnətdə yerləşir. Qəzetin ilk çalışmağa başladığı bina muzeyə çevrilib. Qəzet əməkdaşlarının nəinki yazı yazması üçün, hətta kosmosa uçması üçün də şərait yaradılıb. Sayıb qurtara bilmədiyim hündürlükdə bina bu qəzetin öhdəliyinə verilib. Qəzet əməkdaşlarının günorta gəzintisi üçün park, günorta yuxuları üçün ayrı otaqlar var.

Qəzetin redaksiyasını gəzdiyim müddətdə mənim üçün sözün bitdiyi an müxbirlər üçün düşünülmüş meditasiya otağı idi. Redaksiya ilə tanışlıq boyunca məni ən çox düşündürən sual əməkdaşların bu qədər istirahət, idman, yemək otağı varkən nə zaman yazı yazmaqları idi. Aydın oldu ki, qəzetin yazıları SinXua Xəbər Agentliyinin materiallarından yararlanır. Azərbaycan dilində desək, Azərtac Xəbər Agentlikliyi işləyir, qəzetlər çıxır.

“Kitayski” opera

Çinlilər operanı da mənimsəyib. Toplantının bədii hissəsində çağırıldığımız “İpək yolu” operasında qulağımıza dünya klassik musiqi incilərindən hər cür səs gəldi. Bütün hallarda zərif və çevik çinlilər operanın öhdəsindən gəlmişdi.

Kazak, özbək, qırğız, tatar… Bir soydurmu?

Toplantıya qoşulanlar arasında olan kazak, özbək və başqalarının bizə illərlə aşılanan türklüklə yaxından, uzaqdan bağlantısı yoxdur. Onlar hər an “xalqların qardaşlığı” nağılını dilləndirməyi, erməni müdafiəsinə qalxmaqları labüddür.

Qurbağa qızartması, it çığırtması, tarakan qovurması

Çin buradan göründüyü qədər qarmaqarışıq deyil. Onlar gələn qonaqlara sayğı ilə yanaşır. Sadaladıqlarımın hamının mədəsinə görə olmadığını bildikləri üçün onu hər gələn qonağın qarşısına çıxarmağı ağıllarına da gətirmirlər. Dəvə qutabı, heyvanın nəcisdən təmizlənmiş qarnını bəh-bəhlə yeyən xalqın nümayəndəsi olaraq hər şeyə hazırlıqlı olsam da, 1 həftəni meyvə yeyərək yola verdim.

Homoseksuallar harada gizlənir?

Çin küçələrində homoseksuallara rast gəlmək demək olar ki, olan iş deyil. Onlara qarşı münasibət birmənalı deyil. Çində homoseksuallar Bakıdakı kimi aparıcı, müəllim ola bilmir.

Hamı yerli Feysbuka girsin, kənara xəbər sızmasın

Çinin hər şeyi özünündür. Feysbuku da, İnstaqramı da, yutubu da. Çinə çatan kimi sosial şəbəkədə şəkil paylaşacağınıza ümid etməyin. Burada yerli sosial şəbəkələr var. İstəyən girər, istəməyən də sosial şəbəkə ilə sağollaşar. Kənardan gələn hər şey Qadağandır! İllah da ki, informasiya.

Çin mətbəxini bir cümlə ilə ifadə etsək, hər şey var, heç nə yoxdur. Fıstıq qovurması, brokolli qovurması, çiy boranı və başqaları bizə anlamsız gələ bilər.

Hər şeydən konfet düzəldənlər

Konfet kağızında olan hər şey bu ölkədə konfet deyil. Siz konfet bilib aldığınız kağızın arasından düyünə oxşayan qovrulmuş ət də çıxa bilər.

Məmur balaları

Çin də qudurğan məmur balalarından yoxsul deyil. Çində qudurğanlıq edən məmur balalarının atası nəinki işdən çıxarılır, hətta həbs edilir. Tərbiyəsiz varis yetişdirdiyi üçün.

Robot polis

Çinlilər robot polis düzəldib. Sizi qarşılayan robot polislə cəriməni verməmək üçün anlaşa bilməyəcəksiniz.

Ağır qəza cərimələri

Qorxunc olsa da bir anı vurğulayım. Bu anla da Çində insanın dəyəri ilə bağlı hər şeyi anlayacaqsınız. Qəza nəticəsində vurduğunuz adam ölməyibsə, maşını geri verib, üzərindən keçməyiniz məsləhətdir. Ölsə, cərimə, ya da həbslə canınız qurtaracaq. Sağ qalsa və əlil olsa, ömrünüz onun nəsli üçün işləməklə keçəcək. Siz əbədi olaraq vurduğunuz adamın nəslinin nökəri, bank hesabı olacaqsınız. Bu dəhşətləri nəzərə aldıqlarına görə çinlilər demək olar ki, yol qəzası törətmir.

Çində rüşvət

Çində rəsmi qurumlarda rüşvət almaq amansız cəzalarla qarşı-qarşıya qalmaq deməkdir.

Yaşamalı yer

Çin doğurdan da yaşamalı yerdir. Dünya miqyasında adı milyarderlər siyahısına düşmüş insanlar indi yaşamaq üçün Pekini seçir.

Əyalət də olsa…

Toplantının ilkin hissəsi Qansu vilayətinin Dun Xuan şəhəri idi. İpək yolu Dun Xuan ərazisindəki səhralardan başlayır. İndi həmin ərazi turizm fəaliyyəti göstərir.

Qumdan pul çıxaran oğlanlar

Dun Xuanda qum təpələrinə pilləkənlər yerləşdirilib. Turistlər həmin pilləkənlərlə yuxarı qalxdıqdan sonra xizəklərlə üzüaşağı sürüşür. Bunun üçün turist 30-40 arası məsafəyə görə dəyişən məbləği ödəyir. Buradan da anlaşılır ki, turizmdən pul çıxarmaq üçün fantastik infişaf yox, turizm düşüncəsi önəmlidir.

Aypara gölünün fəlsəfəsi

Dun Xuanda uzun və cansıxıcı səhra yolunu qalxırıq. Üzüyuxarı qalxan yolun sonunda bizi möcüzə gözləyir. Səhranın ortasında yüzilliklərə, səhra günəşinə davam gətirən, qurumayan göl. Bu yolla çinlilər gəlmələrə başa salmağa çalışır ki, bütün çətin yolların axırında uğur, bütün susuz yolların sonunda isə mavi sular var.

Bu, əsl buddizm deyil

Dun Xuanda dünyanın ən böyük, əzəmətli buddizm məbədi yerləşir. Buddizm məbədinin Dun Xuanda tikilməyinin səbəbi pul, biznesdir. Ərazi illərlə ətraf tayfa və xalqların hücumlarına məruz qalıb. Bu o çağlar idi ki, Hindistandan gələn tacirlər özləri ilə birlikdə Çinə buddizm də gətirirdilər. Hər şeydən pul çıxaran, hər şeyi biznes gəlirlərinə hesablayan çinlilər burada buddizm məbədi tikməyi qərarlaşdırır. Məbədin tikintisi illərlə davam edir. Nəticədə ərazi müqəddəsləşdirilir. Buddizm tərəfdarı olan başqa xalqlar Dun Xuanın müdafisinə qalxır. Dun Xuan “müqəddəsləşir”, çinlilər İpək Yolu ilə alverlərinə şad-xürrəm davam edir.

Azərbaycanlılar Çində

Azərbaycanlılar Çində heç müzakirəsiz ki, elm və təhsil sahəsində deyillər. Bizimkilərin adları Quançajo, Urumçi kimi biznes şəhərləri ilə yanaşı hallanır. Restoran biznesindəki mövqeyimiz isə Pekində yox dərəcəsindədir. Pekində yaşayan azərbaycanlılar xarici vətəndaşlar üçün nəzərdə tutulmuş bahalı marketlərdən yeyintilər alıb, gündəlik yeməklərini evdə hazırlamalı olurlar.

Rus dilində “çırtlayan” Çin gözəlləri

Çinlilərin rusdilli xalqlara, ümumiyyətlə rus dilində danışan hamıya münasibəti birmənalı şəkildə xoşdur. Çində rastlaşdığım, ünsiyyətdə olduğum üç adamdan ikisi rus dilində bilir. Rusiyanın Çinin ən böyük müttəfiqidir. Rus dili sevgisinin də səbəbi biznes maraqları və puldur.

Rus xanımlarının alverxanası

Pekində Yabalao adlı rayon var. Burada bazarlar, dükanlar rusdilli çinlilərlə doludur. Reklam taxtaları rus dilindədir. Bizdə hər yerdə ərəb turist gəzişdiyi kimi, Pekində də rus qadınları zövqsüz və dəxlisiz hər şeyi alıb, sevinirlər. Pekində qiymətlər nağıllardakı qədər ucuz deyil.

Çinlilərin bakılılara yanaşması

Yabalao rayonunda girdiyiniz hər alış-veriş mərkəzində fərqli münasibətlə qarşılaşacaqsınız. Məsələn, rus qadınına satılan 300 yuanlıq eynəyi siz 150 yuana alacaqsınız. Siz çinliləri elə-belə bilməyin. Burada Seyid Lazım ağanı da, Ağdamı da tanıyırlar. Qiymətin söhbətin axırında enəcəyini nəzərə alaraq, lap başdan əşyanı sizə real qiymətə satırlar.

Rus, ukraynalı, yoxsa çinli qadınlar?

Çin qadınları ruh qədər səssiz, gizlidirlər. Onların varlığı ətrafı rahatsız etmir. Sakit, itaətkar çinli qadınlar hər bir azərbaycanlı kişinin arzularının qadını ola bilər.

Əsəbləri dəmir qadınlar

Çində yadımda nə forum, nə də ki İpək yolu qalıb. Çinli qadınların insani duyğulardan uzaqlığı biabırçılıq, hətta qeyrətsizlik həddindədir. Çinli qadınlar qısqanclıqdan və duyğulardan yoxsuldurlar. Düşünün ki, əriniz, ya da sevgilinizlə kafedə, açıq havada restoranda oturmusunuz. Arxanızda model kimi bir qız ayaqlarını dəmir boruya dolayıb, striptiz oynayır. Belə görüntü Avropa ölkələrinin çoxunda olduğu kimi Pekində normal hadisədir.

Biz azərbaycanlılar gəzməyi də, yeyib-içməyi də, kənarda gördüklərimizi geri qayıdanda Bakıda etməyi də sevən xalqıq. Gedin, gəzin. Bircə bura nə boru, nə də striptiz rəqqasəsi gətirin.

P.S: Hər dəfə başqa ölkəyə gedəndə, başqa xaqların məişəti ilə tanış olanda yenidən anlayıram ki, Azərbaycandan getmək istəyənlər, Azərbaycandan başqa hər yeri tərifləyənlər heç vaxt ölkədən qırağa çıxmayanlardır. Azərbaycandan gözəli yoxdur, dünyanın cənnəti Azərbaycandır.

Qaynaq: Günay Arda (AzVision.az / Femida.az)
Bakı – Qansu – Pekin

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın