“Rusiyanın G20 sammitində iştirakına icazə verilməməlidir”.

YALAN.info bildirir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo (Justin Trudeau) Ottavada jurnalistlərlə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, artıq G20-də həmişəki kimi iş görmək mümkün deyil. “Əgər Vladimir Putin bizimlə bir masa arxasında əyləşsə, bu, bizim üçün çox çətin, G20 üçün isə çox səmərəsiz olacaq”, – deyə Trüdo vurğulayıb.

O qeyd edib ki, G20 üzvləri dünyada iqtisadi artımı müzakirə etmək və stimullaşdırmaq üçün toplaşır. “Rusiya Ukraynaya təcavüzü ilə bütün dünyanın iqtisadi artımına maneə oldu və təcavüz nəticəsində yaranmış böhranın müzakirəsində Moskva konstruktiv tərəfdaş ola bilməz”, – deyə baş nazir əlavə edib.

Trüdonun sözlərinə görə, Rusiyanın G20 toplantılarında iştirakının dayandırılması məsələsi bu assosiasiyaya üzv ölkələrin liderləri tərəfindən müzakirə olunur. “Putin danışıqlar masası arxasında oturmamalıdır. Hər şey normalmış kimi davranılmamalıdır, çünki bu, normal deyil və bu, onun günahıdır”, – deyə Kanada hökumətinin başçısı yekunlaşdırıb.

Yada salaq ki, G20-nin növbəti sammiti bu ilin noyabrında İndoneziyada keçiriləcək. Daha öncə Polşa hakimiyyəti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ABŞ-a Rusiyanın G20-dən çıxarılması məsələsini öyrənməyi təklif edib.

ABŞ prezidenti Co Bayden də Rusiyanın G20 üzvlüyünə son qoymağa çağırıb. Bayden, qurumun toplantılarında Rusiyanın yerinə Ukraynanın mütəmadi iştirak etməsini təklif edib. Çin isə buna qarşıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın