Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında izlənilən artımla bağlı birgə məlumat yayıb.

YALAN.info bildirir ki, məlumatda deyilir:

“Dünya ölkələrinin bütün səylərini koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq, pandemiyanın qarşısını tam almaq hələ də mümkün olmayıb. Son günlərdə qeydə alınan statistik göstəricilərə görə, COVID-19 infeksiyasına yoluxanların sayında artım izlənilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. Dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən önəmli preventiv tədbirlər, eyni zamanda əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay boyunca Azərbaycanda epidemioloji durumun sabit saxlanılmasına nail olunub.

Son bir həftə boyunca Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib. Ölkəmizdəki epidemioloji durum səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə uyğun addımların atılması məsələsinə baxıla bilər. Əlavə olaraq bildiririk ki, respublikamızda virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var.

Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, ancaq bəzi insanlar (yaşı 65-dən yuxarı olan və hər hansı bir yanaşı xəstəliyi olanlar) nisbətən ağır keçirirlər. Risk qrupunda olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, koronavirusun əlamətlərini hiss etdikdə ilk növbədə sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur.

Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və ya xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın