Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə toplam 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması aşkarlanıb, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib, aktiv xəstə sayı 30 807 nəfərdir.

Son sutka boyunca yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı olaraq 18 797, ötən müddət boyunca isə toplam 6 191 130 test aparılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 412, buster doza üzrə vaksinasiya olunanların sayı isə 32 392 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 075 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 236 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 745 006, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 094 231 təşkil edir.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzin baş infeksionisti Fərrux Sədirov düşünür ki, gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır. Mütəxəssis bildirir ki, yayılan virus özəlliklə “Omikron” ştamıdır ki, onun da bir nəfərdən başqasına keçməsi dəqiqələr çəkir:

“Omikron” əsasən hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və b. keçə bilər. Düzdür, indi də bu öz aktuallığını qoruyur, ancaq adıçəkilən ştam əsasən üst-tənəffüs yollarında olur. “Omikron”dan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır”.

F.Sədirov virusa yoluxmuş şəxsin yeddi günlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirib: “Əgər indi 10 nəfərdən 9-u 7 gündən sonra ətrafı yoluxdurmursa, biz 7 günü qəbul etməyə məcburuq. Onların arasında bir nəfər ola bilsin ki, 10, ya da 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı haldə virus yükü 5 gündən sonra yoluxuculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır.

Əgər şikayətlər davam edərsə belə, 7 gündən sonra yoluxuculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə sadəcə 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız sıfıra yaxınlaşır”.

Öncəki xəbərLeyla Abdullayeva Ermənistanın Xarici İşlər Nazirinə cavab verdi
Sonrakı xəbərPrezident İlham Əliyev Gənclər Forumunda iştirak edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın