Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyinə inanır.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki (Jen Psaki) deyib.
“Biz elə bir mərhələdəyik ki, Rusiya istənilən an Ukraynaya hücum edə bilər”, – deyə Psaki bildirib. Ağ Evin sözçüsü yanvarın 18-də keçirdiyi brifinqdə deyib ki, ABŞ-da Rusiyanın dekabrın sonu və yanvarın əvvəllərində Ukraynadan diplomatların ailələrini təxliyə etməyə hazırlaşdığına dair sübutlar var.
Bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında onu gözlənilən “Rusiya təcavüzü” ilə bağlı spekulyasiyaları təkrarlamamağa, Ukrayna hakimiyyətini Minsk razılaşmalarını tam şəkildə yerinə yetirməyə məcbur etməyə çağırıb.
Rusiyanın Vaşinqtondakı səfirliyi daha əvvəl Rusiyanın Ukraynaya “işğalının” yanvarın ortaları ilə fevralın ortaları arasında başlaya biləcəyi, Moskvanın isə “hücum üçün saxta bəhanə” hazırlaya biləcəyi ilə bağlı xəbərləri uydurma və informasiya təzyiqi adlandırmışdı.
ABŞ Dövlət Departamenti: Rusiya Ukraynaya hücum etmək üçün Belarusdakı təlimlərdən istifadə edə bilər
ABŞ Dövlət Departamenti rəsmisinin sözlərinə görə, Rusiya Belarusa təlimlər üçün göndərilən hərbçilərdən Ukraynanın işğalı üçün istifadə edə bilər. Belarus Müdafiə Nazirliyi təlimlərin məqsədini Birlik dövlətinin qüvvələrinin sərhədləri mühafizə etməyə hazırlığını dəyərləndirmək adlandırıb.
Rusiya qoşunlarının Belarusa gəlişi narahatlıq doğurur, çünki onlar Ukraynaya hücum üçün istifadə edilə bilər, Reuters ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisinin bəyanatına istinadən yazır. Vaşinqtonun fikrincə, Belarusdakı təlimlər Rusiyaya qonşu ölkəyə hücum etmək imkanı verir.
Dövlət Departamenti rəsmisinin sözlərinə görə, Moskva standart təlim çərçivəsində ABŞ-ın gözlədiyindən daha çox əsgər göndərib. Rəsmi həmçinin bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko üçün “həlledici an” çatıb və o, ölkəsinin gələcək suverenliyi ilə bağlı qərar verməlidir.
Yanvarın 18-də Rusiya Silahlı Qüvvələrinin “Müttəfiqlərin Qətiyyətli” birgə təlimlərində iştirak edəcək ilk bölmələri Belarus respublikasına gəlib. Hərbçilər təlimin birinci mərhələsi boyu Rusiyadan gələcək, yükləri boşaldandan sonra təlim zonasına gedəcəklər.
Hərbçilər uzun məsafələrdə qüvvələrin yenidən qruplaşdırılmasını işləyəcək və döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək. Belarus Müdafiə Nazirliyi qeyd edib ki, manevrlərin əsas nəticəsi komandirlərin və qoşunların Birlik Dövlətinin hərbi təhlükəsizliyinə çağırışlara operativ reaksiya vermək qabiliyyətinin dəyərləndirilməsi olmalıdır.
Lukaşenko təlimləri yanvarın 17-də elan edib. Onun sözlərinə görə, bu təlimlər fevralda keçiriləcək (respublika rəhbəri dəqiq tarixləri açıqlamayıb). Lukaşenko bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinlə ötən ilin dekabrında manevrlərin zəruriliyi barədə razılığa gəlib.