Qərb-Rusiya qarşıdurması yeni mərhələdə: Üçüncü Dünya müharibəsi təhlükəsi yaranır.

ABŞ KİV-ləri mötəbər qaynaqlara istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya tank əleyhinə “Javelin” raket komplekslərinin yeni partiyasını, habelə “Stinger” daşınan zenit-raket komplekslərini göndərəcək. Eyni zamanda Pentaqon israr edir ki, Əfqanıstan üçün nəzərdə tutulmuş bəzi avadanlıqlar, o cümlədən “Mi-17” helikopterləri Ukraynaya göndərilsin.

Bununla yanaşı Böyük Britaniya da Ukraynaya Rusiyanın gözlənilən müdaxiləsinin qarşısını almaq üçün hərbi dəstək göstərəcək. Adıçilən ölkə bu məqsədlə 600-a qədər xüsusi təyinatlı döyüşçünü Ukraynanın köməyinə göndərməyə hazırdır. Qərb çevrələri Rusiya ilə Qərb arasında Ukraynadan başlayacaq müharibə riskinin çox yüksək olduğunu bildirirlər.

Gərginləşən ABŞ-Rusiya və ABŞ-İran münasibətləri yerləşdiyimiz region üçün də təhlükəli durum yaradır. Bir çox ekspertlər düşünürlər ki, Qərb və Rusiyanın hərbi müstəvidə üz-üzə gəlməsi bütövlükdə regionu təhdid edən faktordur.

Türkiyəli siyasi icmalçı, professor Murat Yeşiltaş AYNA-ya şərhində deyib ki, ABŞ-Rusiya münasibətləri tarixinin ən gərgin dövrlərindən birini yaşayır: “Rusiya ilə Ukrayna arasında gərginlik günü-gündən artmaqda davam edir. Rusiyanın sərhədə 100 min əsgər yığmasından dolayı yaranan gərginlik indi beynəlxalq müstəvidə müzakirə olunan əsas mövzulardan biridir. Bütün bunların fonunda Rusiya-Ukrayna, o cümlədən Qərb-Rusiya münasibətləri yenidən gündəmə gəlib. ABŞ və Böyük Britaniyanın Ukraynaya hərbi dəstəyi, əsgər heyəti göndərəcəyi ilə bağlı açıqlamalar bu xüsusda təsadüfi deyil”.

“Moskvada hesab edirlər ki, Ukraynada baş verən bütün hadisələr, o cümlədən bu ölkənin Rusiya ilə gərgin münasibətləri Amerikadan qaynaqlanır. Qəti qənaət formalaşıb ki, Ukraynanın Avropa Birliyi, ya da NATO-ya üzvlüyündə Qərbin əli var. Onu da iddia edirlər ki, məqsəd bu yolla Rusiyanı zəiflətmək, onu tərkisilah etməkdir. Dəfələrlə Rusiya Ukraynanı təhdid etsə də, ABŞ və Qərb yalnız bəyanat verməklə kifayətlənib. Yəni, bu məsələdə onların real dəstəyi nəzərə çarpmayıb. Bu mənada Kremldə də əminlik var ki, Amerika və Qərbin Ukrayna ilə bağlı dövriyyəyə buraxdığı məlumatlar təzyiq məqsədi daşıyır”, – deyə professor bildirib.

Onun sözlərinə görə, ABŞ-la Rusiyanın hərbi müstəvidə üz-üzə gəlməsi inandırıcı deyil: “Təbii ki, istisna da oluna bilməz. Nə zamansa bu, baş verir. İndiki halda onların münasibətləri kifayət qədər gərgindir. Ancaq hər ikisi anlayır ki, bu müharibə tərəflər üçün çox risklidir. Hətta bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı da ola bilər. Lakin Rusiyanı zəiflətmək, postsovet məkanını Moskvanın nəzarətindən çıxarmaq Qərbin əsas məqsədidir. Bu istiqamətdə dəfələrlə müəyyən cəhdlərin şahidi olmuşuq. “Məxməri inqilablar” və b. kütləvi narazılıqlar bunun bariz nümunəsidir. Ancaq bir çox hallarda bu inqilablar Qərbin xeyrinə olmayıb və yenidən həmin ölkələrdə Rusiya güclənməyə başlayıb”.

“İndi ABŞ avropalı müttəfiqləri ilə Rusiyanın mümkün hücumundan sonra atılacaq addımları müzakirə edir. Bu məqsədlə Kiyevə hərbi və iqtisadi yardım göstərmək barədə razılığa gələn tərəflər Rusiyanın xoşuna gəlməyəcək plan üzərində işləyirlər. Artıq bir sıra variantları masada saxlayan Ağ Ev rəsmiləri koordinasiyalı cavab olacağını açıq şəkildə ifadə edərək, bunun həm də Putini Ukraynaya qarşı növbəti təcavüzdən yayındırmaq məqsədi daşıdığını bildiriblər. Mübarizə bundan sonra da davam edəcək. Buna şübhə yoxdur. Ancaq tərəflər yetərincə təmkinli olmağa və müharibə riskindən mümkün qədər yayınmağa çalışacaqlar. Bu, hər iki hər tərəf üçün çox riskli addım olardı”, – deyə Yeşiltaş fikrini yekunlaşdırıb.

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə də AYNA-ya açıqlamasında söyləyib ki, ABŞ və Brtitaniyanın son xəbərdarlıqları Rusiyanı geri çəkilməyə təhrik etmək məqsədi daşıyır: “Qərb görəndə ki, Rusiya aqressiv hərəkətlərini və Ukraynaya qarşı təhdidlərini davam etdirir, belə bir açıqlama ilə çıxış etmək məcburiyyətində qalıb. Hətta Ukraynaya hərbi heyət göndərsələr belə, bu, o demək deyil ki, Rusiya ilə döyüşə atılacaqlar. Ya da Ukraynaya görə Rusiya ilə müharibə edəcəklər. Sadəcə müəyyən təzyiq vasitəsidir. Necə ki, bundan hər zaman istifadə ediblər”.

“ABŞ və Qərbin Rusiya ilə münasibətləri gərgindir. Bu gərginlik hər gün daha da artan xətt üzrə davam edir. Ukrayna məsələsi bu münasibətləri bir az da gərginləşdirib. Ancaq Qərblə Rusiyanın hərbi baxımdan üz-üzə gəlməsi asan məsələ deyil. Bu, hər iki tərəf üçün ağır itkilər, ümumilikdə bütün dünya üçün təhdid deməkdir. Yəqin ki, yaxın müddətdə buna getməyəcəklər. Gələcəkdə isə təbii ki, bu, ola bilər. Bu gün üçün isə bunu real saymıram”, – deyə Ağazadə vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın