“Xocalı Qarabağın sütunu idi, 30 il öncə baş verən faciədə o sütunu qırdılar”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ANews.az saytına müsahibəsində Xocalı Soyqırımının şahidlərindən, 47 gün əsirlikdə qalan Qənahət Hacıyev deyib. 

“82 yaşım var. Xocalı Soyqırımı baş verən vaxtda isə 52 yaşında idim. Əslən Laçın rayonundan olsam da, bacım Xocalıya gəlin getmişdi deyə mən də bu səbəbdən bir müddət orada qalmalı oldum. Xankəndi ilə aramızda 7 kilometr məsafə vardı. Avtokolonda işləyirdim. Xocalıda ən yaxşı maddi durumu olan ailələrdən biri, bəlkə də birincisi idim.

Hələ 1980-ci illərdən əvvəl ermənilərdə fərqli bir davranış müşahidə olunurdu. Yüksək vəzifədə olan şəxslər azərbaycanlılara yuxarıdan aşağı baxmağa başlamışdı. Düzdür, ermənilər arasında bizə doğma olanlar da var idi, ancaq Qarbaçovun uğursuz siyasəti və işğalçılıq eşqi bizi düşmənə çevirdi. 1990-cı illərin əvvəlində mütəmadi olaraq atışmalar gedirdi. Ancaq 1992-ci ilin əvvəlində atışmalar səngimişdi. Bizə qəribə gələn formada bir sükut çökmüşdü”, deyə o bildirdi.

1992-ci il 26 fevral – Soyqırımın 1 addımlığı

“Meşəlidə 32 ailə ermənilər tərəfindən yandırılmışdı, ancaq reaksiya verən olmadı ki, bu qədər insan niyə məhv oldu. Sonra Cəmilli qətliamı oldu. Onlardan da xeyli insan öldürüldü. Şəhərin başında Kərkicahan adlı böyük kənd var idi. Xankəndinə bitişik. Gecənin birində oraya da hücum çəkib, azərbaycanlıları qırdılar. Qaça bilən Şuşaya qaçdı, qaça bilməyənləri öldürdülər. Daha sonra aeroport tərəfdə partlayış oldu. Ətrafımdakı insanların hamısına “Əlif Hacıyev bilərək aeroportu partlatdı, yəqin ki, hücum ediləcək. Bu bir xəbərdarlıqdır, getməliyik” dedim. Kəndin aşağı hissəsinə gəldik.

Xocalının indiki deputatı Elman Məmmədov da ordaydı. Güllə yağış kimi yağırdı. Ətrafda çox sayda evlər alovlanırdı. Kətik dağına doğru istiqamət aldıq. Dağa çıxmaq üçün çay keçməliydik. Adam çox idi. Bir çoxu çaya girirdi. Dizə qədər qar yağmışdı. Mən uşaqlara dedim ki, ayağınızı soyunub çayı keçin ki, sonra donmayasınız. Çayı keçdikdən sonra ayağımızı qurudub ayaqqabımızı geyindik. Qar elə yağırdı ki, göz-gözü görmürdü.

Təklif etdim ki, iki yerə bölünək. Həm səs-küy az olsun, həm də birimizi öldürsələr başqalarımız sağ qalsın. Biz 300 nəfərlə dağa qalxmağa başladıq. Dağa qalxıb gecəni orda qaldıq. Düşündük ki, səhər açılar Ağdama doğru istiqaməti müəyyən edib, yola çıxarıq. 3 aylıq körpə anasının qucağında ağlayırdı. İnsanlar narahatıydı ki, yaxın erməni kəndlərində səsi eşidib yerimizi öyrəcəcəklər. Anaya deyirdilər ki, uşağı öldür, ana yazıq baxa-baxa qalmışdı. Həyat yoldaşı da israr edirdi ki, “öldür deyirlər, öldür də”. Mən dedim ki, ay camaat, bəlkə bu uşağın Allahı bizi bu bəladan qurtarar. Belə etmək olmaz. Qadının paltarının sinəsini kəsdik, uşağa süd verdi, körpə sakitləşdi. 

Gecə meşədə 7 ocaq qaladım. İnsanlar ayaq geyimlərini qurudub geyindilər. Səhər açılana yaxın erməni kəndindən səs gəldi: “Gəlin keçin, sizinlə işimiz yoxdur. Bizə kənd adamı yox, hərbiçi lazımdır”. Camaat o səsə tərəf getməyə başladı. Adamlar meşədən boş sahəyə çıxan kimi ermənilər onları güllə-boran etmişdilər. Güllə yağış kimi yağırdı ki, ərazi qana boyanmışdı”, deyə Hacıyev söylədi. 

1992-ci il 27 fevral – Gözlərdən axan yaş, aclıq, susuzluq, incidilən insanlar, vicdansız düşmən 

“Ermənilər bizi bir mal tövləsinə yığdılar. Nə yemək yeyirdik, nə su içirdik. Biz orada olanda bir erməni qız yaxınlaşdı. Buğda gətirmişdi ki, uşaqlara verək, hərəmiz 1 ovuc yeyək ki, acından ölməyək. Həmin qız öz corabını da xanımlardan birinə verdi. Səhər saat 4-5 arasında gəldilər, 10-15 nəfər seçdilər. Bir ananın gözü qarşısında 3 oğlunu seçdilər…

Aramızda bir həkim var idi. Müharibə başlayandan yaralılara kömək edirdi, öz paltarını cırıb, yaraları sarıyırdı. Onu da aparmaq istəyirdilər. Bu an 3 oğlun anası dizin-dizin sürünərək dedi ki, “mən eşitmişəm heç vaxt müharibədə həkimlərə toxunmurlar. Heç olmasa onu aparmayın. 3 oğlumu apardınız, onu mənə bağışlayın”. Həkimi saxladılar. Başqalarını götürdülər.

Zirzəmidə də qaldığımız günlər oldu. Məni yerin altında saxlayırdılar. Əllərində işıq kimi bir şey var idi. 5-6 saqqallı gecə saat 2-də içəri girdi. Adam seçirdilər ki, bunu kəsək. Yanımda Mübariz adlı oğlan var idi, düşündüm ki, ay Allah, məni öldürsünlər, ona nəsə etməsinlər. Qolunu kəsirdilər, qan fışqırıb, göyə qalxdı. Gülüşməyə başladılar. Qaranlıqda onu doğradılar, birdən qapı açıldı. Demə bunlar nəsə yeyirlərmiş, nə etdiklərini belə dərk etmirdilər. Dərmanın təsiri gedənə kimi qəddarlıqla öldürürdülər türkləri. Vicdansız, amansız düşmən uşaq, qoca bilmədi, döydü, söydü…

Mənim çəkim çox idi, gücləri çatmadı, təpikləyib buraxdılar. Qızıl Aypara Cəmiyyətindən, təşkilatlardan jurnalistlər gələcəkdi deyə, durumu yaxşı olanları apardılar başqa bir zirzəmiyə. Qızıl Aypara gələnə qədər heç nə yemədik. 17 gün ac-susuz qaldıq. Sonradan çörək gətirdilər, 3 dəfə dişləyə bilirdin. Deyirdilər ki, işıq yoxdu, su yoxdur. Təndir çörəyi idi, daş kimi quru”, – deyə müsahibimiz kövrələrək bildirdi.

Əsirliyin 47-ci günü və Soyqırımın 30-cu ili

“47-ci günün sonunda mən və 1 neçə şəxsi gətirdilər Ağdam və Əsgəranın ortasında bir yola. Burada erməni əsirlərlə dəyişdirdilər. Bir müddət sonra artıq ailəmin yanında idim. Ancaq travmalar var idi. Psixoloji və fiziki cəhətdən çox sarsılmışdım. 17 gün ərzində 121 kilodan 56 kiloya düşmüşdüm. O hadisələrdən sonra 7-8 ay müalicədə oldum. 50 yaşdan bu günə qədər işləyə bilmədim.

Həmin Soyqırıma müəyyən qədər qiymət verilir, ancaq lazimi dərəcədə dəyərləndirilməyib. Çünki orada çox insan öldü, ayrı düşdü neçə insan… 50 yaşımdan sonra işləyə bilməsəm də İkinci Qarabağ müharibəsi zamanı orduya gedib, ən azından arxa cəbhədən kömək etmək istəyirdim. Düzdür gedə bilmədim, ancaq ordumuz layiqincə vuruşdu, qaytardı Qarabağı. O gün olsun Xocalı qayıtsın və gedib orada yaşayım. Mən məhz o yurda dönməyi çox istəyirəm”, – deyə Hacıyev sonda vurğuladı.  

1991-ci ilin oktyabrından Xocalı şəhəri tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin əksəriyyətini ermənilər olan 366-cı moto-atıcı alayının köməyi ilə Xocalıya nəzarəti zorla ələ keçirdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Şəhərin 5 379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1 275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək bilinmir.

Ermənistan silahlı qüvvələrinin bu hərəkətləri ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. İndi 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək önəmli nəticəyə gəlib.

Beynəlxalq hüquqa görə, dövlətlər cinayətləri araşdırmaq və cinayətkarları mühakimə etmək öhdəliyi daşıyırlar. Ancaq bu günədək, Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıyanların heç biri Ermənistan tərəfindən cinayət məsuliyyətinə cəlb edilməyib.

Öz təqsirini etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”. 

“Xocalı Qarabağın sütunu idi, sütunun qırdılar” – 30 illik kədərin şahidi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın