Bu gün 27 Sentyabr – Anım Günündür, Vətən Müharibəsinin başlamasından iki il ötür.
YALAN.info bildirir ki, iki il öncə Azərbaycan Ordusu Ermənistanın Qarabağdakı işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına başladı.
Beləliklə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə güclü ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Şanlı Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyirdi. Azərbaycan xalqı Prezident və orduya dəstək verirdi. Azərbaycan isə bir sıra xarici təzyiqlərlə üzləşirdi, ancaq İlham Əliyevin qətiyyəti ilə ordumuzun uğurlu əməliyyatları davam edirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam etdi, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi.
Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha beş adsız yüksəklik azad olundu.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata uyğun olaraq, Kəlbəcər, Ağdam və Laçın rayonları hərbi-siyasi yolla Azərbaycana qaytarıldı.
Vətən Müharibəsi ilə Ermənistan ordusu darmadağın oldu və ermənilərin özləri haqqında yaratdıqları mifik düşüncələr göyə sovruldu. Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirdi. İndi həmin hərbi qənimətlər Bakı Hərbi Qənimətlər Parkında sərgilənir. Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb.