Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, yeri gəlmişkən, həm də Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

YALAN.info bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

Dövlət başçısı Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, ərazi bütövlüyü prinsipləri pozulmamalıdır: “Qərbdən olan tərəfdaşlar mənə deyirdilər – siz məğlub olmusunuz, torpaqlarınızın işğalını qəbul etməlisiniz, ərazi bütövlüyü məsələnizə yenidən baxmalısınız. Ancaq mən həmişə yox cavabını verirdim! Bu işdə inadkar, qətiyyətli olduğum üçün məni tənqid ediblər”.

Prezident Ukraynalılara işğalla barışmamağı məsləhət görüb: “Mənim sizə məsləhətim – heç vaxt ərazi bütövlüyünüzün pozulması ilə barışmayın. İkinci məsləhət – həmişə öz resurslarınıza güvənin və beynəlxalq strukturların qətnamələrinə fikir verməyin, onların heç bir təsir gücü yoxdur. Ermənistan 30 il idi ki, BMT-nin qoşunları Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qətnaməsinə məhəl qoymurdu”.

Ölkə başçısı bəyan edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü məsələsində ayrıseçkilik etməsinə baxmayaraq, dövlətimiz güclü ordu, güclü iqtisadiyyat və gənclərinə vətənpərvərlik əhvali-ruhiyyəsi aşılamaqla Qarabağ məsələsini həll etdi:

“Biz ordumuza böyük məbləğdə vəsait ayırırıq. Əlbəttə ki, bizim vətənpərvərliyimiz hədsiz dərəcədə yüksək idi… Ermənistana kömək ediləcəyi aydın idi, ancaq bu, bizi dayandırmadı. Mən Ermənistanın baş nazirinə qoşunlarını ərazilərimizdən çıxartmaq üçün imkan verdim, amma o, Azərbaycanın qalib gələcəyinə inanmırdı. Ancaq biz irəlilədik və sonda Ermənistan bizim tələblərimizlə razılaşmaq məcburiyyətində qaldı. Ən önəmlisi millətin qalib ruhudur. İndi biz gördüyümüz işlərlə fəxr edirik.

İlham Əliyev bildirib ki, Azərbaycan Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz bütün başqa ölkələr kimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq bəyan edirik, ağacın arxasında gizlənmirik. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə əla münasibətlərimiz var. Ərazi bütövlüyü prinsipləri pozulmamalıdır. Yeri gəlmişkən, biz həm Moldovanın, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın