Naxçıvan şəhərində keçirilən kişilər arasında şahmat üzrə 23-cü Azərbaycan Çempionatının final qarşılaşması Məhəmməd Muradlının inamlı qələbəsi ilə başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dünən finalın ilk partiyasında qalib gələn Məhəmməd Muradlı bu gün yenə rəqibi Misrətdin İsgəndərov üzərində qələbə qazanıb.

Çempion titulunu qazanmaq üçün 18 yaşlı Məhəmməd Muradlıya sadəcə məğlub olmamaq kifayət olmasına baxmayaraq, beynəlxalq dərəcəli usta qrossmeysteri uda bilib. Belə ki, ikinci oyunda rəqib böyük üstünlüyük qazansa da, Məhəmməd sona qədər müdafiə imkanlarından istifadə edib. Gənc idmançı rəqibin buraxdığı səhvlərdən yararlanmağı bacarıb.

Üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan Çempionatının bürünc mükafatçısı olub.

Onu da bildirək ki, ümumi mükafat fondu 22 min manat olan çempionatın qalibi 8 min manat qazanıb. Beləliklə, 18 yaşlı Məhəmməd Muradlı karyerasında ikinci dəfə Azərbaycan Çempionu adına yiyələnib. Yada salaq ki, Məhəmməd ilk dəfə 2019-cu ildə Azərbaycan Çempionu olmuşdu.  

Kişilər arasında Azərbaycan Çempionatı / FINAL / Azerbaijan Chess Championship

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın